Nəşr edilmişdir 02/15/2025

Paylaşın

MEMARLIQ

Bakının zərgəri, palanı və Zərgərpalanı…

Zərgərpalan, Zərgər, Palan, Zərgərpalan küçəsi

Məşhur küçə niyə belə adlanır?

Şair necə deyirdi, Bakı dəfn edən şəhərdi, Bakı basdıran şəhərdi… Amma Bakı həm də basdırdığını yenidən üzə çıxaran şəhərdir. Zərgərpalan küçəsi – 87 ünvanındakı gözəllik kimi. Bu gözəlliyin gün işığı görməsi üçün heç demə, illər lazım imiş. Haqqında danışdığımız gözəllik düz 126 il əvvəl – 1899-cu ildə inşa edilmiş hamamdır.

Ötən ilə qədər çoxları burada qədim hamamın olduğundan xəbərsiz idi. 2024-cü ilin sentyabrından etibarən qazıntılar başlayıb və hazırda hamamda arxeoloji işlər gedir. İşə rəhbərlik edən arxeoloq Fariz Xəlilli deyir ki, indiyə qədər “Zərgərpalan” hamamı üç mərhələdən keçib: “Tikilinin birinci mərhələsi profilinə uyğun, yəni hamam kimi istifadə olunduğu mərhələdir. Bu, 1899-cu ildən 1938-ci ildə sahibkardan müsadirə olunana qədərki müddəti əhatə edir. 1938-ci ildən 1995-ci ilə, yəni bütün sovet dövrü boyunca tikilidən emalatxana kimi istifadə olunub. Üçüncü mərhələdə isə tikili özəlləşdirilib və o vaxtdan istifadəsiz qalıb”.

Zərgərpalan, Zərgər, Palan, Zərgərpalan küçəsi

İllərlə fərqli məqsədlər üçün istifadə olunsa da, hamamın memarlıq üslubu saxlanılıb. Giriş hissədə zal var, bura on nəfər üçün nəzərdə tutulub. Ortada səkkizgüşəli çarhovuz və fəvvarənin qalıqları mövcuddur. Kənardakı oyuqlar isə hamama gələnlərin əşyalarını qoymağı üçündür. Zalın ətrafı boyunca uzanan kanalizasiya xətləri isə hamamda hər bir xırdalığın nəzərə alındığından xəbər verir. Emalatxana kimi istifadə olunanda hamamın günbəzlərində pəncərə məqsədilə deşiklər açılıb. Maraqlıdır, o emalatxanada nə hazırlanırmış? Və niyə məhz emalatxana?

Fariz Xəlilli deyir ki, qədim hamamla bağlı xeyli suallarımız vardı və tədqiqat zamanı o sualların əksəriyyətinə cavab tapdıq. Bizim də suallarımız var – qədim hamamın yerləşdiyi məşhur Zərgərpalan küçəsinin adıyla bağlı. Nə deməkdir zərgərpalan? Küçə niyə belə adlandırılıb?

Zərgərpalan, Zərgər, Palan, Zərgərpalan küçəsi

Sualların cavabını İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəridən yaxşı kim biləcək ki? Müsahibimiz deyir ki, bu küçənin adı öz keçmişini əks etdirir: “Küçə əvvəllər Spasski, sonra Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı Qasım İsmayılovun şərəfinə “Qasım İsmayılov”, daha sonra isə “Zərgərpalan” adlandırılıb”.

Amma küçə Spasski adını daşıyanda da el arasında bura Zərgərlər küçəsi deyirmişlər. Çünki o zamanlar həmin küçədə çoxlu zərgər emalatxanaları var imiş və hazırda tədqiqatı aparılan “Zərgərpalan” hamamında zərgərlərə məxsus əşyalara rast gəlmək olur.

“Zərgərpalan” sözünün etimologiyası da çoxuna maraqlıdır. Bildiymiz kimi, “zərgər” qızıldan, gümüşdən və digər metallardan bəzək əşyaları düzəldən ustaya deyilir.

“Palan” sözünə gəlincə, şəhərin bir neçə evdən ibarət hissəsi palan adlanır. Məhəllənin, küçənin bir adı da palandır. Beləliklə, “zərgərpalan” zərgərlərin olduğu küçə deməkdir.

Zərgərpalan, Zərgər, Palan, Zərgərpalan küçəsi

XX əsrin əvvəllərində Bakının məşhur zərgərlərindən olan zərgər Zeynalabdinin də emalatxanası Zərgərpalan küçəsində yerləşirdi. Zərgər Zeynalabdin məhəbbət simvolu hesab edilən “Qızıl badam” əhvalatı ilə məşhurdur. Zeynalabdinin xanımı Tuğra badamı və badam ağacını çox sevirmiş. Bir gün Tuğra ağır xəstəliyə düçar olur. Zərgər xanımının könlünü xoş etmək üçün bağılarında badam ağacı əkir, xanımı üçün badam formasında qızıl və gümüşdən badam formalı boyunbağılar düzəldir. Zərgərin məhəbbəti xanımının səhhətinə yaxşı təsir göstərir və o günbəgün yaxşılaşaraq sağalır. O vaxtdan Azərbaycanın zərgərlik sənətində badam formalı zinət əşyalarına çox tez-tez rast gəlinir və bu bir məhəbbət simvolu, möcüzəvi və müalicəvi bir gücə malik zinət əşyası kimi qəbul olunur.

Zərgərpalan, Zərgər, Palan, Zərgərpalan küçəsi

Naibə Qurbanova

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İkinci yazı Mahmud ağa Əhməd Sultan Ağa oğlu 1826-cı ildə “Türkmənçay”dan, “Gülüstan”dan iki il öncə dünyaya gəlmişdi. Azərbaycanı

Ən son

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,