Nəşr edilmişdir 02/10/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Mahmud Ağa “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanardı

IMG-20250210-WA0132(1)

Əski çağ dəyərləri ilə milli dövlətçilik tariximizin mühüm qatlarından birini təşkil edən Şirvanşahlar dövlətində tarixən qüdrətli simalar yetişib. Onların sırasında Əfzələddin Xaqaninin, Zülfüqar Şirvaninin, Fələki Şirvaninin, Bədr Şirvaninin, Bahar Şirvaninin, İbn Məhəmməd Əbu Bəkr Şirvaninin, Hacı Nəcəf Şirvaninin, Abdulla Şirvaninin, Zakir İbn Mustafa Şirvaninin, Rzaddin Şirvaninin, Abdulla Şirvaninin, Seyid İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin xüsusi yeri, məqamı olub. Bu ustad sənətkarların, qələm sahiblərinin sırasında həm də Şirvan şahlarının əzəmətini dünyaya nümayiş etdirən imkan sahibləri, mülkədarlar, mesenatlar olub. Bütün sərvətini milli- mənəvi dəyərlərin qorunmasına, himayəsinə həsr edən o tarixi şəxsiyyətlər quruluşun, zamanın ahənginə-rənginə baxmayaraq dəyərlərin əyarına çevriliblər. Onların sırasında bir tarixi şəxsiyyət, əvəzsiz sima var ki, onun adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə qızıl hərflər ilə yazılıb. O, Mahmud ağa Hacı Əhməd Sultan ağa oğlu Məmmədzadədir.

Soyu, soy- kökü, şəcərə dəftəri ilə Şirvan şahlarına, Osmanlı sultanlarına, Səfəvi hökmdarlarına və Əfşarlara bağlı olan Mahmud ağa ata tərəfdən Nadir şah Əfşarın xəzinədarı, indiki dilnən desək, maliyyə naziri vəzifəsini tutmuş Hacı Sadıq ağanın, ana tərəfdən Qubalı Fətəli xanın fədəkar ömür-gün yoldaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda hətta Çar Rusiyası tərəfinə keçmiş qardaşı Əmir Həmzənin üzərinə yeriyərək Dərbənd qalasının xilaskarı kimi tarixdə qalan Tutu Bikənin soyuna bağlıdır.

Səfəvilər dövləti qardaş qılıncına doğrandıqdan, Şah İsmayıl Xətai qılıncı qına qoymaq məcburiyyətində qaldıqdan sonra, birliyi-bütövlüyü pozulan o taylı – bu taylı Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün iki tarixi şəxsiyyət, Ağa Məhəmməd şah Qacar və Nadir şah Əfşar qılınc sıyırıb imperiyaların üzərinə yeridi. Qacarlar sülaləsinin və Əfşarların Azərbaycana gəlişində əsas məqsəd taleyin sərt üzündən, özü-öz tarixi torpaqları ilə həmsərhəd olan Vətənin bütövlüyünə nail olmaqdı. Nadir şah Əfşarın Şirvana, Dərbəndin Qala Divarlarına qədər gəlişində məqsəd də bu idi. Onun böyük, fəqət gerçəyə çevrilə bilməyən arzusunun baş tutması üçün Hacı Sadığın və onun soyuna bağlı tarixi simaların xüsusi rolu olmuşdur. Hacı Sadıq ağa soy-kökü, şəcərə dəftəri ilə qeyd etdiyimiz kimi bir tərəfdən Şirvan şahlarına bağlı idi. Şamaxıda və Dəmirçilər kəndində binə salan Hacı Sadıq ağadan oğlu Hacı Cavad ağaya və nəvəsi Əhməd Sultan ağaya kifayət qədər mülklər, malikanələr qalmışdı. Onun həm oğlu, həm də nəvəsi geniş imkanlarını məhz bu torpaqların inkişafına, Dəmirçilərdə mövcud olan tarixi tikililərin qorunmasına, milli-mənəvi dəyərlərin təbliğinə həsr etmişdilər. Hacı Cavad ağa dövrünün yüksək təhsilini görmüş, saray, siyasət dilini mənimsəmiş, ərəb, fars dillərində mühüm mənbələri vərəqləmişdi. Onun bir mülkədar kimi mülkləri və malikanələri olmaqla yanaşı, həm də, çoxsaylı karvansaraları var idi. Oğlu Əhməd Sultan ağaya miras qalan həmin karvansaraların dördü Şamaxının son zəlzələsinə qədər qalırmış. Karvanları Yaxın və Orta Şərqə, Xəzər hövzəsinə, Türküstana qədər işləyən Əhməd Sultan ağa iri-iri toxuculuq fabriklərinə, mülk və malikanələrə, əkin-biçin sahələrinə malik olmaqla yanaşı, onun Şamaxının bir çox kəndlərində – Mərzəndə, Çarhan, Şıxzərli və Dəmirçilərdə mülkləri də mövcud idi. Dövrünün yüksək təhsilini görən, ərəb, fars və rus dillərini mükəmməl bilən, Çar Rusiyası zamanında Şirvanın inkişafında xüsusi xidmətləri olan Şamaxı xanı Mustafa xanla həm də qohumluq bağlarına malik olan Əhməd Sultan ağa Şamaxının məşhur simaları Hacı Zeynal, Hüseyn ağa, Mirzə Tapdıq, Məşədi Süleyman, Kərbəlayi Nağı, Hacı Xəlil ağa kimi dövrünün siyasi və mənəvi mənzərəsini yaradanlardan biri kimi xüsusi nüfuza malik idi. Babası Hacı Cavad ağadan ona miras qalan sərvətin üstünə təkcə sərvət gətirməklə kifayətlənməyib, karvansara, mülk və malikanələrini sənətin, mədəniyyətin himayədarına çevirmişdi.

Şamaxının məşhur məhlələri olub: Sarıtorpaq, İmamlı, Kövsərli, Pirani Şirvan, Yuxarı Qalabazar, Nar Ağacı, Meydan. Bu tarixi məhlələrin – məhəllələrin hər birində Şirvan əsilzadələri, bəyləri, zadəganları yaşayıb. Mahmudbəyovların adı ilə bağlı iki məhlənin İmamlının və Qalabazarın həm də özünəməxsus mədrəsələri və məscidləri olub. Həmin məscidlərin birini, İmamlı məscidini erməni daşnakları Şamaxı soyqırımı zamanı oda – atəşə qalayıb.

Hacı Kərim ağa, Hacı Dadaş ağa, Zeynalov qardaşları, Azad bəy, Cavad bəy, Rüstəm bəy, Cəmo bəy, Salamovlar kimi tarixi şəxsiyyətlərlə qonşu olan Mahmudbəyovlar tarixin bütün dönəmlərində əl-ələ verib Şamaxının xilaskarına çevriliblər. 1859-1902-ci illər Şamaxı Zəlzələsi zamanı da, 1918-ci il soyqırımı zamanı da, Cümhuriyyətin qurulduğu hər günü bir əsrə bərabər günlərdə də, onlar Vətən – Azərbaycan üçün bütün imkanlarını səfərbər ediblər.

Əhməd Sultan ağa dövrünün tarixi şəxsiyyətlərindən, varlığı ilə millətə – məmləkətə şərəf gətirən simalardan idi. O, milli dövlətçilik tariximizdə mövcud olan ənənələri təkcə amalına çevirməmişdi, həm də, əməli ilə sübut etmişdi. Rüzgarı dönən dövranın onun kimi tarixi şəxsiyyətlərdən sonsuz yurd sevgisi tələb etdiyini anlayırdı. Bu səbəbdən də Şamaxıda yeni tipli məktəblərin qurulması üçün əlindən gələni əsirgəmir, millətin balalarının gələcəyə hazırlanması üçün sərvətini sərmayə edirdi. Tanrı bu xeyirxah, qüdrətli simaya, vətənpərvər insana özü kimi ləyaqətli övladlar bəxş etmişdi. Elə övladlar ki, onların hər biri ruhu, duyğuları, sevgiləri ilə Vətən – Azərbaycan olacaqdı. Tarixdə Azərbaycan muğamlarının himayədarı, xilaskarı olaraq qalan, xeyirxahlıq, yaxşlıq missiyası ilə şöhrət qazanan Hacı Mahmud ağa Hacı Əhməd Sultan ağa oğlu genetik kodlarının diqtəsi ilə tarix yaratdı. Təkcə mülklərə, malikanələrə, karvanlara sahib olmadı. Mədrəsələr, məktəblər açdı. Kitabxana, qiraətxana qurdu. Adı ilə bağlı Mahmud ağanın Muğam Məktəbini – Mərkəzini yaratdı. Pəsdən ifası, şirin tar çalması ilə dövrünün ustad sənətkarlarını belə heyrətə saldı. Azərbaycan muğamlarının mahir bilicisi, professor Firudin bəy Şuşinski Hacı Mahmud ağanın irsi və şəxsiyyəti ilə bağlı qeyd edirdi: “Mahmud ağa musiqi tarixində görkəmli bir musiqişünas kimi yer tutur. O, pəsdən oxuyur, tar çalırdı. Mahmud ağa bir gününü musiqisiz keçirməz, “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanardı.” Bu bir tarixi şəxsiyyətin, muğam bilicisinin, mütəfəkkir alimin digər bir qüdrət sahibinə verdiyi dəyər idi.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının “20 Yanvar” ərazisində küçələrdən biri Heydər Hüseynovun adını daşıyır.

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının “20 Yanvar” ərazisində küçələrdən biri Heydər Hüseynovun adını daşıyır.