Nəşr edilmişdir 01/29/2025

Paylaşın

TARİX

Qoşa qala qapıları – Bakı tarixinin səhifələrindən

Qoşa qala

Bakı və Bakının Qala divarları içərisində sanki bir mirvari kimi qorunan döyünən ürəyi İçərişəhər. Əslərin fırtınasına qılınc-qalxan olan, sinə gərən, günümüzə gələn o müdrik İçərişəhər. Bakı nəinki insanları və coğrafiyası, həmçinin elə görünüşü ilə qədimliklə müasirliyin təkrarsız bir harmoniyasıdır. Şəhərimiz nə qədər modern olsa da, İçərişəhərin varlığı onun qədim tarixini göz önünə çəkir. Və bu harmoniya yüzilliklər boyu şəhərimizi qeyri-adi və bəlkə də, möcüzəvi edir. Yəni Qala divarından bir addım atmaqla meqopolisdən tarixə düşürsən. Küçələr səni aparır, lap uzaq keçmişlərə aparır. O keçmişlə gələcəyin sərhədində keşikçi kimi dayanan isə Qoşa qala qapılarıdır.

Qoşa qala

Baki-baku.az Qoşa qala qapılarının izi ilə tarixi vərəqləyir.

Qoşa qala qapıları Bakı qalasının şimal divarında yerləşən girişdir. Bura həm də Şamaxı qapıları deyilir. Səbəbi isə girişin Şamaxıdan gələn qədim karvan yolunun üzərində yerləşməsi olub. Qoşa qala qapıları xaricdən Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir, daxildən isə İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinə açılır.

Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilib.

Qoşa qala

Tarixi mənbələrə əsasən, Bakı şəhəri qədim dövrlərdə üçqatlı qala divarları ilə əhatə olunub. Onlar müxtəlif zamanlarda şəhərin ərazisinin genişləndirilməsi işləri ilə əlaqədar inşa edilib. Dövrümüzə bu üç divardan yalnız tarixinə görə ən qədim olanı gəlib çatıb. Haqqında söhbət etdiyimiz Qoşa qala qapıları da Bakı qalasının məhz ən qədim divarında yerləşir.

Bu divarların XII əsrə aid olduğu bildirilir: “İstənilən halda, heç şübhəsiz ki, XI əsrdə Səlcuq sultanlarının hakimiyyəti dövründə Bakı dəniz sahilinin kifayət qədər əhəmiyyətli şəhərinə çevrilmişdi; şəhərdə bir neçə məscid var idi, XII əsrdə isə nəhəng Qız qalası inşa edilmişdi; bununla eyni zamanda həm də şəhərin ən qədim qala divarları inşa edilmişdi”. Bunu İçərişəhərin qədim abidələrinin tədqiqatçısı V.M.Sısoyev öz qeydlərində yazırdı.

Qoşa qala, Qoşa qala divarları, Qoşa qala qapıları, İçərişəhər

“…o, iki qat qala divarları ilə əhatə olunub, onlar bir-birincən 15 addımlıq məsafədə yerləşirlər, onlardan daxildə yerləşəni əhəmiyyətli dərəcədə hündürdür; divarlarda çoxlu sayda yarımdairəvi qüllələr vardır; divarların ən üst tərəfindən dişcik şəklində çıxıntılar vardır. Dənizə baxan divarlar kərpicdən, digər divarlar isə əhəng daşı və gil məhlulundan tikilmişdir. Şimal divarındakı qoşa qapılar dəmir listlərlə qapadılır. Malların rahat daşınması üçün dəniz tərəfdən qalanın üç qapısı var”, – deyə Şah Süleyman Səfəvinin (1667–1695) hakimiyyəti dövründə 1683-cü ildə beş gün Bakıda beş gün şəhərdə qalan səyyah Engelbert Kempfer Bakı qalasını təsvir edərkən qeyd edib.

İki qapının yan-yana gəlməsininin tarixi isə 1796-cı ildə Bakı xanı Hüseynqulu xanın şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil verməsi ilə əlaqəlidir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilib və 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsi qərara alınıb. Və beləliklə, bu lahiyə üzrə başlanan köçürülmə işi 1886-cı ildə tamamlanıb.

Qoşa qala, Qoşa qala divarları, Qoşa qala qapıları, İçərişəhər

Darvazalarda qorunub saxlanılan ən mühüm amil sənaye yüksəlişindən və neft bumundan xeyli əvvəl mövcud olmuş orta əsrlərdəki Bakının simvolu olan əsrarəngiz barelyefdir.

Barelyef iki kiçik disklə əhatə olunmuş öküzün nəhəng başını qoruyan iki şir təsvir edən ustalıqla yonulmuş daş kompozisiyadır. İkinci qapı – Zülfüqar qapısı Şamaxı qapısının yanına yerləşdiriləndə həmin simvolun eynisi qapı üzərində yerləşdirilib. Bəs bu öküz kəlləsi və şirlərdən ibarət olan simvolun anlamı nədir?

Kempferin fikrincə, öküz kəlləsi quru torpaq və güclü külək səbəbindən əkinçiliklə məşğul ola bilməyən əhalisi ənənəvi olaraq maldarlıqla məşğul olan köhnə istehkamlı şəhərin özünü simvolizə edir. Bir çox alimlərin iddia etdiyi kimi, öküz və inək qədim abşeronluların ən qədim totemi olub. Bu təsvirlərə qayaüstü rəsmlərdə, yaşayış məskənlərində, sonralar isə sikkələrdə rast gəlmək mümkündür. Bu aspektdən yanaşsaq, öküz kəlləsi sanki  çoxəsrlik ənənəyə bir növ hörmət əlamətidir.

Qoşa qala, Qoşa qala divarları, Qoşa qala qapıları, İçərişəhər

Bu simvolun mənşəyi qədim dövrlərə, hətta bütpərəstlik dövrünə qədər gedib çatır. İnək insanların atası sayılırdı və müqəddəs heyvan idi. Sehrdə öküz (və ya inək) kəlləsinin təsvirindən istifadə müəyyən məqsədlərə çatmaq üçün çox güclü və təsirli vasitə hesab olunurdu. Ancaq ən çox qorunmaq üçün bu təsvirlər əvəzsiz idi. Onlar darvazaları, hasarları, evləri və sərhəd nişanlarını məhz öküz  kəlləsinin təsvirləri ilə bəzəyirdilər.

Şirlərə gəlincə, bu obraz bir çox xalqların tarixində və mədəniyyətində rast gəlinir. Roma yazıçısı və filosofu Amvrosi Feodosi Makrobiyə görə, şirlər Yer kürəsini, Tanrıların Anasını simvolizə edir. İki şir isə ikiqat güclü hökmdarı, həmçinin qapıların, qapıların və xəzinələrin qoruyucusu və ya Həyat Ağacını ifadə edir. Bundan başqa, bir çox tarixçilərin fikrincə, Yaxın Şərqin heraldik ənənələrinə, fars mədəniyyətinə hörmətdir.

Qoşa qala, Qoşa qala divarları, Qoşa qala qapıları, İçərişəhər

Bu cür fərziyyələrə əsaslanaraq, bəzi tarixçilər öküzün hər iki tərəfində dayanan şirləri Bakını tutmuş səfəvilər və ortada olan öküz kəlləsini isə orada hələ də zərdüştlüyə etiqad edənlərin varlığının simvolu kimi qiymətləndirir.

Kempfer həm də düşünürdü ki, şirlər öküzün başının yanındakı disklərlə birlikdə səma işığını simvolizə edə bilər. Qədim şəhər heraldikasında öküz təsvirləri tez-tez yanlarda gecə və gündüzün simvolu olan Günəş və Ay təsvirləri ilə müşayiət olunurdu. Ola bilsin ki, eyni məna yükünü qoşalaşmış qala qapılarının üstündəki öküzün yanında həkk olunmuş kiçik disklər daşıyır. Ümumiləşdirsək, Kempferə görə, qalanın əsas girişindəki darvazadakı mürəkkəb gerbi belə açmaq olar: Şirlər (yəni qala divarları)  gündüz (Günəş) və gecə (Ay) Öküzü (yəni şəhəri) qoruyurlar.

Qoşa qala, Qoşa qala divarları, Qoşa qala qapıları, İçərişəhər

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ildə “Bitcoin” (BTC) 100,000 dollar səviyyəsində sabitləşdi, bu isə əvvəllər inanılmaz görünürdü. Lakin bu uğur kripto sənayesinin

Ən son

GÜNDƏM

İki il ərzində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4

GÜNDƏM

2030-cu ilədək bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənəcək.Baki-baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Son 20 ildə Azərbaycan üzrə əhalinin orta illik artım tempi 1 % təşkil etdiyi halda, Bakı şəhərində