Nəşr edilmişdir 01/17/2025

Paylaşın

GÜNDƏM

Bakının məhəbbət möcüzəsi – Səadət Sarayı

Bakı tarixi binaları, abidələri və ümumiyyətlə öz xüsusi sevgi aurası ilə məşurdur. Ürəklərə sevgi ilə yol tapan bu şəhərin özünün də sevgi ünvanı var. Bu ünvan sevgi ilə yaradılıb, sevgi ilə suvanıb və bu gün də sevənlərin qovuşduğu bir məkandır. Söhbət, əlbəttə ki, yaradıcısının adını daşıdığı küçədə – Murtuza Muxtarov küçəsi (keçmiş Persidski, sonardan Poluxin) 6-da yerləşən Səadət Sarayından gedir.

Baki-Baku.az Səadət Sarayının tarixini vərəqləyir.

Murtuza Muxtarov dövrünün tanınmış milyonçularından biri olub. O, 1855-ci ildə (bəzi mənbələrə görə 1859-cu ildə) Bakının Əmircan kəndində kasıb ailədə anadan olub. Onun gəncliyi ilk neft bumu dövrünə təsadüf edir. Murtuza Muxtarov Balaxanı və Sabunçu yataqlarında kommersiya işlərinə başlayıb. İti təfəkkürə və mükəmməl mühəndislik qabiliyyətinə malik olan Muxtarov qazma texnologiyalarının təfərrüatlarını tez bir zamanda öyrənir və Bakı şəraitinə uyğun olaraq təkmilləşdirib. Deyilənə görə, Muxtarovun sırf neftə yaxşı hissiyyatı vardı və konkret sahədə qazmanın nə qədər uğurlu olacağını əvvəldən müəyyən edirdi.
Zamanla bu sahədə xeyli uğurlar qazandı, sənaye avadanlığının təmiri və istehsalı üçün kiçik emalatxanalar açdı, 1910-cu ilə qədər Sabunçu və Bibi-Heybət sənaye məhəllələrində iki böyük zavoda malik olan şirkət yaratdı. Zavodlar öz dövrünün ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş, fabrik və sənaye işçilərinin ümumi sayı iki min yarımı ötmüşdü.

Bir gün Vladiqafqazda Murtuza Muxtarov polkovnik Aslanbek Tuqanovun evinə şam yeməyinə dəvət olunur. Orada ev sahibinin ortancıl qızı Lizanı görüb ona aşiq olur. Tuqanovlar kasıb olsalar da, hörmətli bir zadəgan ailəsi idilər. Muxtarov isə bütün şöhrətinə və var-dövlətinə baxmayaraq, sadə bir adam idi. Buna görə də, Muxtarova “yox” cavabı verirlər. Muxtarov Terek çayının sahilində çox qısa müddətdə Qahirə məscidləri üslubunda dizayn edilmiş möhtəşəm iki minarəli məscid tikdirib ki, həmin məscid bu günə qədər Vladiqafqazın əsas görməli yerlərindən biri olaraq qalır. Bu, səxavətli Muxtarovun həmin şəhərə hədiyyəsi idi. Qeyd etmək lazımdır ki, Liza özü də Murtuza Muxtarova aşiq olmuşdu. Və bundan sonra Lizanın atası onların evliliyinə rtazı olmuşdu. Onların keçirdiyi təmtəraqlı toy mərasimi, aralarında yaş fərqinə baxmayaraq, xoşbəxt və sevgi dolu ailə həyatı, etdiyi xeyriyyəçi əməllər uzun illər insanların yaddaşında qalıb.
Lakin yaddaşlarda qalan, hadisəyə və tarixə çevrilən, həmçinin bu gün də yaşayan başqa bir şey də var. Bu, Murtuza Muxtarovun xanımı üçün tikdirdiyi Səadət Sarayıdır. Məşhur milyonçu çox sevdiyi həyat yoldaşını tez-tez özü ilə apardığı Avropaya səyahətlərindən birində – Venesiyada gəzərkən olduqca gözəl və əzəmətli bir bina görürlər. Binanı görüb heyran qalan Liza deyib: “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” Bu sözlər heç nə deməsə də Murtuza Muxtarovun fikrində qalır və Bakıya qayıtdıqdan sonra Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir və tikintiyə başlayır. 1912-ci ildə binanın tikintisi başa çatır, Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın tikildiyi yerə gətirir. Liza xanım binanı görüb heyrətlənir, ərinin bu hədiyyəsini böyük sevinc və minnətdarlıq hissi ilə qəbul edir. Onlar bu sarayda 1920-ci ilə qədər yaşayır. Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin girdiyini görən Muxtarov bunu özünə rüsvayçılıq kimi qəbul edir, əvvəlcə onları, sonra da özünü güllələyir.


Bu bina Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu, sonra Şirvanşahlar muzeyi, daha sonralar uzun illər Nikah evi kimi fəaliyyət göstərib. 2012-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilmiş “Səadət sarayı” – “Rəsmi Qəbullar Sarayı” adlandırılıb. Saraya Prezidentin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilat statusu verilib və onun saxlanılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməyə başlanıb. Hazırda bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 2007-2012-ci illərdə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Bu gün Səadət Sarayı minlərlə cütlüyün sevgilərini rəsmiləşdirdiyi məkan olaraq öz missiyasını davam edir. Və Saray Bakının möcüzə kimi gözəl və qeyri-adi görünən tarixi binalarından biridir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə

Ən son

GÜNDƏM

Yanvarın 17-də Azərbaycan Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşanın premyerası olub.Baki-baku.az xəbər verir

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla

GÜNDƏM

Bakı tarixi binaları, abidələri və ümumiyyətlə öz xüsusi sevgi aurası ilə məşurdur. Ürəklərə sevgi ilə