Nəşr edilmişdir 01/13/2025

Paylaşın

MEMARLIQ

İsmailliyə: Dəyərlərin əyarı

İsmailliyə Binası

Bakının memari incilərindən biri hesab olunan İsmailliyə binası özünün zəngin tarixi, həm də taleyi ilə milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutur. Metronun “İçərişəhər” stansiyası istiqamətində, İstiqlaliyyət küçəsində yerləşən bu möhtəşəm abidə Bakı milyonçusu Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaldılsa da, təməli qoyulandan bu günədək bir elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. Qotika üslubunda inşa edilən bu tarixi memarlıq abidəsinin layihə rəhbəri və baş memarı məşhur polşalı memar İosif Ploşkodur. Müsəlman Xeyriyyə Cəmiyyətinin baş ofisi kimi fəaliyyətə başlayan İsmailliyə sarayının təməli 1907-ci ildə qoyulub.

İsmailliyə binasında Bakının əsilzadələri tərəfindən dəfələrlə xeyriyyə tədbirləri keçirilmiş, Şərqdə və Qafqazda ilk olaraq Müəllimlərin Qurultayı çağrılmış, bu qurultayda qadınlara səs hüququnun verilməsi məsələsi müzakirə edilmiş, onların kütləvi şəkildə təhsilə cəlb olunması gündəmə gətirilmişdir. Bu bina 1918-ci il soyqırımları zamanı Təzəpir məscədi ilə birlikdə sınağa çəkilmiş, top və mərmilərin hücumuna məruz qalıb. Təzəpirdən fərqli olaraq, o, daha çox faciə ilə üzləşmiş, erməni daşnakları binanın dağıdılması, yandırılıb külə çevrilməsi üçün tarixi cinayətə əl atıblar. Bina yandırılan zaman burada bir neçə təşkilatın: İsmailliyə binasının, Müsəlman Xeyriyyə Cəmiyyətinin, Səadət Cəmiyyətinin, Səadət-Ruhani Məktəbinin arxivləri də yandırılaraq külə çevrilib. Bakı işğaldan azad edildikdən sonra Bakı əsilzadələrinin, xüsusən də, Hacı Zeynalabdin Tağıyevin və Təzəpir məscidinin axundu Ağa Əlizadənin təkidli tələbi ilə Cümhuriyyət zamanında İsmailliyə binasının təmir-bərpa edilməsi barədə məsələ qaldırılıb. Binanın təməli qoyulanda onun tikintisinə can yanğısı ilə yanaşan Bakılılar təmir-bərpa işlərində də ürək yanğısı ilə iştirak etmiş və ianələr toplayıblar.

Milli-mənəvi dəyərlər və qəhrəmanlıq tariximizdə mühüm yer tutan İsmailliyə binası bir faktı da, özündə ehtiva edir. 1918-ci il Sentyabrın 15-də Bakı işğaldan azad olunur, erməni daşnaklarından təmizlənilir. Sentyabrın 16-sı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Təzəpirin axundu Ağa Əlizadə ilə birlikdə minbərə qalxıb Bakı əhlinə göz aydınlığı verir. Sentyabrın 16-da həm də Bakıda Zəfər Paradı təşkil olunur. Paradın təşkil olunduğu ünvan külə döndərilmiş İsmailliyənin müqəddəs binası olur. Həmin gün İsmailliyə binasından Hacı Zeynalabdin Tağıyevin mülkünə qırmızı xalı salınır. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, Xəlil Paşa və xilaskar Türk əsgərləri onun üzərindən keçib Tağıyevin mülkündə təşkil olunan bayram ziyafətinə yollanır.

Sovet Hökuməti qurulduqdan sonra İsmailliyə binasının bütünlüklə sökülməsi barədə məsələ qaldırılsada, Bakının vətənpərvər insanları buna etirazını bildirir. Bu səbəbdən də, nə qədər kədərli olsa da, binanın bərpa işinə memar Vartan Sarkisov cəlb edilir. Onun layihəsi əsasında, görülən işlər çərçivəsində binanın fasadında olan Qurani-Kərimdən iqtibas edilən ayələr ləğv edilir, yerinə ulduzlar həkk olunur.

Qızılı rəng və əlvan mərmər daşlardan istifadə olunaraq Venesiya sarayları klassikasının təcəssümü kimi tikilən İsmailliyə binasının saray fasadındakı və yan tərəflərindəki ayələr kalliqraf Mirzə Əsədulla Hilal tərəfindən işlədilib.

Şura Hökuməti illərində, öncə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin, Arxeologiya Komissiyasının, Əlyazmaları Fondunun iqamətgahı kimi fəaliyyət göstərən İsmailliyə binasında 1945-ci ildən sonra, elə həmin il fəaliyyətə başlayan Azərbaycan SSR Elmlər Akademiyası yerləşib.

Musa Nağıyevin övlad həsrətinə və nisgilinə, Ağa İsmayılın şərəfinə ucaldılan İsmailliyə binasının fasadına Əli əleyissalamın bu müdrik kəlamları həkk olunmuşdu: “İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlayın.”

İsmailliyə binası Hacı Zeynalabdin Tağıyevin istəyi, Musa Nağıyevin sərmayəsi ilə quruldu, Ağa İsmayıla ad olundu. Bu müdrik kəlamlarla qapısını insanların üzünə açdı. Düz 80 ildir dəyərlərin əyarı İsmailliyə binası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iqamətgahı kimi fəaliyyət göstərir. “Elm Çində olsa belə onun dalıyca get”, “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” nidası ilə qələm çalan Azərbaycan alimləri elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirir, bu möhtəşəm abidəni millətə, məmləkətə miras qoyanları sayğı ilə anır!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-Baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin

Ən son

GÜNDƏM

Turistlərin Bakının ən tanınmış yerləri haqqında rəyləri ilə rubrikamızı davam etdiririk. Heydər Əliyev Mərkəzi məşhur

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında yanvarın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 14-də başa çatıb.Baki-baku.az xəbər