Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/31/2026

Paylaşın

GÜNDƏM

31 Mart soyqırımından 108 il keçir

IMG-20260331-WA0006

Bu gün Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələrin növbəti ildönümüdür. 31 Mart soyqırımından 108 il ötür. Bu tarix Azərbaycan xalqına qarşı həyata keçirilmiş kütləvi qırğınların, etnik təmizləmə siyasətinin və ağır insan faciələrinin simvolu kimi yadda qalıb.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı hücumlara başlanıldı. Qısa müddət ərzində Bakı ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran, Salyan və digər bölgələrdə dinc əhaliyə qarşı kütləvi qırğınlar törədildi. Rəsmi mənbələrə əsasən, on minlərlə azərbaycanlı yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri, tarixi abidələr, məscidlər və qəbiristanlıqlar dağıdıldı.

Hadisələr zamanı Bakı Sovetinin silahlı qüvvələri və erməni daşnak dəstələri xüsusi fəallıq göstərmişdi. Ümumilikdə, qırğınlarda minlərlə silahlı qüvvə iştirak etmiş, dinc əhaliyə qarşı görünməmiş qəddarlıqlar törədilmişdi. Həmin günlərin şahidi olmuş alman tədqiqatçısı A.Y.Kluqenin yazdıqları bu vəhşiliyin miqyasını açıq şəkildə əks etdirir: insanların işgəncələrlə öldürülməsi, cəsədlərin təhqir olunması və mülki əhaliyə qarşı amansız davranışlar faciənin dərinliyini göstərən faktlardandır.

Bakı hadisələri və onların səbəbləri

1918-ci ildə Bakıda hakimiyyətdə olan bolşevik-daşnak qüvvələri, xüsusilə Stepan Şaumyan rəhbərliyi altında fəaliyyət göstərən Bakı Xalq Komissarları Soveti milli zəmində gərginliyi daha da artırmışdı. Azərbaycanın milli qüvvələrinin, xüsusilə “Müsavat” partiyasının güclənməsi bolşevikləri narahat edir, bu səbəbdən milli azadlıq hərəkatını zəiflətmək məqsədilə zorakı addımlar atılırdı.

Hadisələrin başlanmasına bəhanə kimi “Evelina” gəmisi ətrafında yaradılan süni gərginlik istifadə olundu. 1918-ci il martın 30-da baş verən insidentdən sonra şəhərdə vəziyyət kəskinləşdi və ertəsi gün silahlı hücumlara start verildi. Silahlı dəstələr azərbaycanlıların yaşadığı məhəllələrə hücum edir, evləri yandırır, qadın, uşaq və yaşlı demədən insanları qətlə yetirirdilər.

Top və pulemyotlardan istifadə edilərək şəhərin müxtəlif hissələri atəşə tutuldu, hətta havadan bombardmanlar həyata keçirildi. Nəticədə Bakı şəhərində minlərlə insan həyatını itirdi, şəhərin bir çox hissəsi dağıdıldı. “İsmailiyyə” binası, “Kaspi” mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası və dini abidələr məhv edildi.

Regionlarda törədilən qırğınlar

Soyqırımı yalnız Bakı ilə məhdudlaşmadı. Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, Şamaxıda 8 minə yaxın dinc sakin öldürüldü, onlarla kənd yerlə-yeksan edildi. Zəngəzur qəzasında 100-dən çox kənd məhv edildi, minlərlə insan qətlə yetirildi və on minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salındı.
İrəvan quberniyasında yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, on minlərlə azərbaycanlı öldürüldü. Qarabağda isə 1918–1920-ci illər ərzində yüzlərlə kənd dağıdıldı, əhali məhv edildi və ya köçkün vəziyyətinə salındı.

Müxtəlif mənbələrdə qurbanların sayı fərqli göstərilsə də, Britaniya generalı R. Qortonun məlumatına görə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, digər mənbələrdə isə 50 mindən çox azərbaycanlının qətlə yetirildiyi qeyd olunur.

Hadisələrin araşdırılması və beynəlxalq səylər

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra bu hadisələrin araşdırılmasına xüsusi diqqət yetirildi. 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradıldı və qısa müddətdə geniş materiallar toplandı. Bu sənədlər sonradan beynəlxalq ictimaiyyətə təqdim edildi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Vudro Vilson ilə görüşdə bu faktları diqqətə çatdırmışdı. Bundan sonra bölgəyə beynəlxalq missiyaların göndərilməsi məsələsi gündəmə gəlmişdi.

Tarixi yaddaş və siyasi qiymət

1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 31 mart ümummilli matəm günü kimi qeyd olunurdu. Daha sonra bu hadisələrə rəsmi siyasi qiymət verilməsi istiqamətində mühüm addım Heydər Əliyev tərəfindən atıldı.

1998-ci il martın 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu qərar hadisələrin tarixdə layiqli yerini alması və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə aparılan tədqiqatlar nəticəsində yeni faktlar üzə çıxarılmış, xüsusilə Quba şəhərində aşkarlanan kütləvi məzarlıq bu faciənin miqyasını bir daha təsdiqləmişdir.

Milli yaddaşın bir parçası

31 Mart soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciədir. Bu hadisələrin öyrənilməsi, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifə olaraq qalır. Tarixin bu qanlı səhifəsi yalnız keçmişin deyil, həm də milli yaddaşın və ədalət axtarışının bir parçasıdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Ən son

GÜNDƏM

Bu gün Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – 1918-ci ilin mart-aprel aylarında baş vermiş

GÜNDƏM

Bu gün Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – 1918-ci ilin mart-aprel aylarında baş vermiş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin