Nəşr edilmişdir 03/31/2025

Paylaşın

GÜNDƏM

31 mart soyqırımından 107 il keçir

E79F24C2-B2A7-4701-9065-E208CF89FF3E

Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı – 31 mart soyqırımından 107 il keçir.

Baki-baku.az xatırladır ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələriazərbaycanlılara qarşı kütləvi qırğın törədib. 

Erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı “inqilabi” orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı.

Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə Komitəsi yaradıldı. Bu komitənin tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Suxartsev (sol eser), Stepan Şaumyan daxil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə S.Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S.Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin “Kərpiçxana”, “Məmmədli” və “Zibilli Dərə” adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri Soveti və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.

Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan “Təzə pir” məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmirdilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayadırdılar. Bütün bunlara baxmayaraq, bu top atəşləri nəticəsində hər halda şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi.

Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük körpələri süngünün ucunda oynadır, valideynlərin özlərini isə elə yaxaladıqları yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınları yırtmışdı. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

Bakıda yekunlaşmaq üzrə olan soyqırımından sonra əyalətlərdə törədilən qırğınlar daha da gücləndirilib. Şamaxı, Quba, Salyan, Lənkəran, Xaçmaz, Naxçıvan, Zəngəzurda erməni daşnakları və bolşeviklər yerli əhaliyə qarşı amansız qırğınlar etdilər. İnsanlar qılıncdan keçirilir, işgəncə verilir, öldürülürdü. Nə qadınlara, nə uşaqlara, nə də yaşlı adamlara aman verilirdi. İnsanlar dinc yaşadıqları evlərində qanına qəltan edilirdi. Eyni zamanda evlər talanır, mal-mülk yağmalanırdı. 

Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir…

31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.

1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq isə erməni vəhşiliyinin miqyası barədə təsəvvürləri aydınlaşdırıb.

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. 

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Ən son

ETNOQRAFIYA

Orfoqrafiya (yun. ὀρθογραφία, ὀρθός – “düzgün” və γράφω – “yazıram”) yazıda nitqin qrammatik formalarının və

ETNOQRAFIYA

Orfoqrafiya (yun. ὀρθογραφία, ὀρθός – “düzgün” və γράφω – “yazıram”) yazıda nitqin qrammatik formalarının və