Nəşr edilmişdir 06/28/2025

Paylaşın

GÜNDƏM

28 iyun Həsən bəy Zərdabinin doğum günüdür

Zülmətdə doğan Günəş

Tarix boyu bəşəriyyətin tərəqqisinə səbəb olan simalar arasında elələri var ki, ömür boyu nə özləri üçün, nə də şəxsi rifahları üçün yaşamışlar. Onların varlığı mənsub olduqları millətin, məmləkətin əbədiyyət dastanı olur. Həsən bəy Zərdabi belə tarixi şəxsiyyətlərdəndir – Azərbaycan milli mətbuatının banisi, maarifçilik hərəkatının öncülü, ziyalı düşüncəsinin canlı simasıdır. Zərdabi  sadəcə bir soyad, imza deyil, idealdır. Bu idealın təməlində sevgi dayanır. Vətənə, xalqa, elmə və ən əsası, sözə, tanrının kəlam və qələm müqəddəsliyinə sevgi. O, xalqının ruhunu oyatmaq üçün qələmini süngü, mətbəəsini səngər etdi. Onun həyat yolu, yaratdıqları bir millətin özünüdərkinə gedən yolun başlanğıcı oldu. Həsən bəy 1837-ci il iyunun 28-də qədim Şirvan torpağında Zərdab kəndində anadan olmuşdu. Uşaq yaşlarından fərqli düşüncə tərzinə malik olan bu istedadlı insan əbədi istiqlalın yolunu müəyyənləşdirən simalardan biri kimi dini deyil, dünyəvi düşüncənin sahibi olduğunu sübut etdi. Atası Səlim bəy onu əvvəlcə mədrəsəyə aparsa da, tezliklə anladı ki, bu uşaq daha böyük dünyalara aiddir. 1852-ci ildə Şamaxı Qəza Məktəbinə daxil olan Həsən bəyin istedadı dərhal seçildi. Buradakı uğurları sayəsində Tiflis Gimnaziyasına qəbul edildi. Onun elmə olan sonsuz marağı, yüksək nəticələri ona Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almağa yol açdı. Təbiət elmləri üzrə alimlik dərəcəsi alan ilk azərbaycanlı olaraq, o, bu uğurunu millətinə həsr etməyi seçdi. Moskvada rahat həyat, ailə qurmaq, nüfuzlu çevrəyə sahib olmaq imkanı olsa da, o, doğma torpağın fəlakətlər içində itib-batan insanları üçün geri döndü.

Milli Məfkurədən Milli Dövlətçiliyə

Zərdabi vətənə dönəndə qarşılaşdığı mənzərə onu sarsıtdı. Cahillik, savadsızlıq, sosial ədalətsizlik  bunlar onun susmasına imkan vermədi. Müəllim oldu  əvvəl Tiflisdə, sonra Qubada və Bakıda müxtəlif rəsmi idarələrdə çalışdı, vəkil-hüquqşünas kimi nüfuz qazandı. Lakin onun qəlbi məktəblə döyünürdü. 1869-cu ildə Bakı Realnı Gimnaziyasında təbiət müəllimi kimi fəaliyyətə başladı və Qafqazda gimnaziyada dərs deyən ilk azərbaycanlı müəllim kimi tarixə düşdü.Zərdabi dərs verməklə kifayətlənmədi. O, məktəbə gəlməyənləri məktəbə gətirməyi özünə borc bildi. Yoxsul uşaqların təhsil alması üçün 1872-ci ildə ilk dəfə Bakıda “Cəmiyyəti-xeyriyyə” cəmiyyətini yaratdı. O cəmiyyət vasitəsilə kasıb uşaqlara dərs verməklə, onların gələcəyini müəyyənləşdirdi.

“Cəmiyyəti-xeyriyyə” ilə ölkəsində Qeyri-hökumət təşkilatının əsasını qoydu

Milli Maarifçiliyin daha geniş yollarını axtaran Həsən bəy üçün qəzet  “söz” ən güclü silah idi. İllərlə çalışdı, saysız-hesabsız maneələrlə qarşılaşdığı bu yolda geri çəkilmədi. O bilirdi ki, xalqı oyatmaq üçün doğru söz gərəkdir. Nəhayət, 1875-ci il 22 iyulda “Əkinçi” adlı Şərqin ilk anadilli mətbu orqanının əsasını qoydu. Bu, sadəcə qəzet deyildi – bu, xalqın gözü idi. O yazırdı:”Söz bulaq suyu kimidir. Onun altına bərk daş qoysan belə, zamanla deşər…”Qəzetin dili sadə, mövzuları isə xalqın gündəlik həyatına toxunan idi. Elm, maarif, kənd təsərrüfatı, qadın hüquqları, tibbi biliklər, uşaqların təhsili – hər bir sahə Həsən bəyin diqqətində idi. O, “Əkinçi” vasitəsilə xalqı düşünməyə, soruşmağa və öyrənməyə çağırırdı.Lakin “Əkinçi”nin ömrü uzun olmadı. Cəmi 56 nömrə çapdan çıxdı. 1877-ci ildə qəzet bağlandı. Zərdabi özünün bu ağır günlərini sonralar belə xatırlayırdı:”Bu qəzetin cənazəsini də öz əllərimlə apardım…”

Həsən bəy düşüncələrini Hənifə xanımla birlikdə gerçəkləşdirdi

Bəy titulunu, əsilzadə əzəmətini Şimali Qafqazda, Tiflisdə unudub könlünü, könlü qarışıq həyatını Həsən bəyə etibar edən ömür-gün yoldaşı Hənifə xanım Abayeva-Məlikova bir ömür onun yanından ayrılmadı. Ömür-gün yoldaşına, silahdaşına, məsləkdaşına çevrildi. Qafqazda ali məktəb bitirən ilk müsəlman qadınlardan olan Hənifə xanım, həm yol yoldaşı, həm sirdaş, həm də maarifçilik fəaliyyətində Zərdabinin silahdaşı oldu. Onların Bakıda yaşadığı altıotaqlı mənzil həm məktəb, həm də sığınacaq oldu. Kasıb kənd uşaqları orada təhsil alır, məktəblərə imtahana hazırlaşırdılar. Hacı Zeynalabdin Tağıyevin Qız Məktəbinin qurucularından biri, eyni zamanda direktoru kimi tarix yaradan Hənifə xanım Abayeva-Məlikova bütün varlığı ilə sübut etdi ki, hər bir qüdrətli kişinin arxasında bir qüdrətli qadın ömrü əriyir.

Zərdabi vidası ilə belə birliyin, bütövlüyün rəmzinə döndü

“Əkinçi” bağlandıqdan sonra Zərdabi təqiblərə məruz qaldı. Müəllimlikdən uzaqlaşdırıldı. 16 il doğma Zərdabda sürgün həyatı yaşadı. Orada da maarifçilik fəaliyyətini dayandırmadı, Tiflisdə işıq üzü görən rusdilli qəzetlərdə məqalələrlə çıxış etdi, kənd camaatını maariflənməsi məsələsini öz üzərinə aldı, Hənifə xanımla birlikdə evində məktəb açdı. 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya qayıtdı. “Kaspi” qəzetində fəaliyyətini davam etdirdi. Qızı Pəri xanımın həyat yoldaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Əlimərdan bəy Topçubaşov qəzetin baş redaktoru kimi fəaliyyət göstərdiyi illərdə o, baş məsləhətçi vəzifəsini öz üzərinə aldı. Bakıya dönüşü ilə Zərdabi yenidən cəmiyyət içərisində oldu. Bakı şəhər Dumasına üzv seçildi, şəhər məktəblərinin və xəstəxanalarının açılması üçün təkliflər verdi. Həbib bəy Mahmudbəyovla birlikdə ölkədə ilk Müəllimlər Qurultayının çağrılmasına nail oldu. Bütün bu xidmətlərinin müqabilində isə o, heç zaman var-dövlət sahibi olmadı. Hətta Bakıda belə şəxsi mülkü yox idi. Onun mülkü-malikanəsi milləti cəhalətdən qurtuluşa aparan Kəlam, süngüsü Qələm, ailə-ocaq müqəddəsliyi Millət, irsi və mirası isə “Əkinçi” idi.

150 ildir Sönməyən Məşəl

Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Dəfn mərasimi əsl xalq sevgisinin ifadəsinə çevrildi. Minlərlə insan onu son mənzilə yola salmaq üçün küçələrə axışdı. Qəribsoltan xanım Məlikova həmin günü belə xatırlayırdı:”O qədər əklil vardı ki, otaqda yer qalmamışdı. İnsan dənizi onu son yolçuluğa yola salırdı. “Əli bəy Hüseynzadə çıxışında söyləmişdi: “O, qaranlıqda bir məşəl idi. O məşəl bizə yol göstərdi.” 150 ildir Sönməyən Məşəl-Həsən bəy Zərdabi  mənsub olduğu millətin oyanışın, qurtuluş dastanının memarı, Cümhuriyyət Qurucularının baş ideoloqu kimi hər bir Azərbaycanlı üçün əzizdir, dəyərlidir, əvəzsizdir. O, təkcə ilk mətbu orqanın bünövrəsini qoymadı, müəllimlik, mühərrirlik etmədi, yazı yazmadı, ruhunu-duyğusunu sözə köçürdü, xalqı silkələdi. Bu gün əldə olunan bütün nəaliyyətlərin təməl prinsiplərini müəyyənləşdirənlərin Ustadı kimi tarix yaratdı. Millətə dirilik suyu içirənlərin sırasında yer aldı. Zərdabi yaşadıqca “Əkinçi” yaşayacaq, hər bir azərbaycanlı sözə hörmətlə yanaşacaq, millətə, məmləkətə doğru, düz olan yolu göstərəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı imzaladığı 25 aprel 2025-ci il tarixli sərəncamı da, dediklərimizin əyani təsdiqidir!

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az paylaşımı təqdim edir:

Ən son