Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/27/2025

Paylaşın

TARİXİMİZ

27 sentyabr – Qarabağın Azərbaycan olduğu, Dəmir Yumruğun düşmənin belini qırdığı gündür!

IMG-20250927-WA0035

1828-ci ilin “Türkmənçay”  müqaviləsi ilə ikiyə parçalanan Odlar Yurdu Azərbaycan 1918-ci ilin 28 mayında yoxdan bir Bayraq yapıb Dövlət qurdu. Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran millət, məmləkət Simurq quşuna dönüb külündən dirildi. Qızıl Ordunun Qırmızı terroruna tuş gəldikdən sonra düz 70 il Bolşevik Rusiyasının basqısında qalan Azərbaycan 1988-ci ilin Meydan hərəkatından sonra  ona Əbədi istiqlalı çox görən çar cəlladları ilə yenidən üz-üzə gəldi. Öncə Qərbi Azərbaycan ,sonra isə 20 Yanvar, Xocalı, Qarabağ, Şərqi Zəngəzur dəhşətləri ilə sınağa çəkildi. Ordlar Yurdu Azərbaycanın işğalı 28 il çəkdi. 2020-ci  il sentyabrın 28-dən bir gün öncə isə “Ya azad ol, Ya tamam yan Azərbaycan!” sevdası ilə “Öldü var, döndü yoxdur!” “Qisas qiyamətə qalmaz!” nidası ilə nəyi nə zaman etməyi bilən Sərkərdə-Xaqanın iradəsi ilə, Nadir şah Əfşardan, Əfşarlar İmperiyasından 300 il sonra torpağı işğal edilən, tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qalan Ölkədən Tarixi Zəfərə imza atan Dövlətə çevrildi.

Dünyanın papağını qabağına qoyub Odlar Yurdu Azərbaycan barədə düşündüyü gün

Sentyabrın 27-si “Ata vəsiyyətinə əməl edildiyi, Qarabağın Azərbaycan olduğu gündür! O gün həm də, dünyanın papağını qabağına qoyub Odlar Yurdu Azərbaycan barədə düşündüyü, 30 illik günahının məzarına gömüldüyü, iradənin gücü, xarakterin əyilməzliyi ilə tarix yaradan, mənsub olduğu millətin, məmləkətin Vətən, Torpaq sevgisinin tərcümanına çevrilən, “Bizim işimiz haqq işidir. Biz Zəfər Çalacağıq! Qarabağ Azərbaycandır! ” nidası ilə səngərlərə sipər, düşmənlərə çəpər olan Liderin – Prezident İlham Heydər oğlu Əliyevin əzəmətinin etiraf olunduğu gündür!

Dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi

Aprel hadisələrindən, Lələtəpə yüksəkliyinə Bayrağın sancıldığı gündən, Tovuzun Ağdam yüksəkliyində Polad Həşimovun general mundirinə qanın çiləndiyi gündən Ali Baş Komandanın əmrinə müntəzir olan xalq səngərlərə sipər olacağı günü hər saat, hər an gözlədi.  Sentyabrın 27-si Qarabağın Azərbaycan olduğu gün kimi Vətən tarixinə yazılması üçün fərman gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyev sərkərdə-xaqan ucalığı ilə “Qarabağ Azərbaycandır!” – deyib, dünyanın üstünə yeridi. 44 günlük Vətən müharibəsi ilə məmləkətini Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura, son 30 ildə isə həm də Qarabağa bölənlərə, onu öz tarixi torpaqları ilə həmsərhəd edənlərə, sinəsinə “Gülüstan”, “Türkmənçay” dağı çəkənlərə, Nadir şah Əfşardan sonra nə az, nə çox düz 300 il onu iradəsinə tabe edənlərə dərs verdi. “Kimsənin bir qarış torpağında gözümüz yoxdur! Kimsəyə də bir qarış torpaq vermərik!” deyib, Qıratı mindi, Misri Qılıncı sıyırdı. II Dünya müharibəsində Stalin, Jukov, Molotov kimi mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer alan, faşizmin belini qıran babası polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin, böyük Qayıdışı ilə Xilaskarlıq missiyasını üzərinə ala, müasir Azərbaycan memarı kimi tarix yaradan atası Heydər Əlirza oğlu Əliyevin, ruhunu cisminə geyib Nadir şah Əfşarın “Sən Qılıncın oğlusan! Sən Qılıncın Özüsən!” nidası ilə Berlini, Bavariyası, Parisi, Londonu, Moskvası olan dünyanın üstünə yeridi. Dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi. Burada, Güney Qafqazda qüdrətli bir  millətin, məmləkətin, dövlətin olduğunu sübut etdi. Sübut etdi ki, ona təkcə bioresurslarına, sərvətlərinə görə deyil, qüdrətli sərkərdə-xaqanlarına, düşünən beyinlərinə, mütəfəkkir alimlərinə, ustad sənətkarlarına, Vətənin hər qarışını gözünün nuru, əlinin əməyi, sonsuz hüdudları məlum olmayan sevgiləri ilə tikib-quran, min illərdir yağıların işğalından qoruyan, nəsildən nəslə ərmağan edən, “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!” deyən, hər an onun yolunda ölümə hazır olan insanlarına görə dəyər vermək, qiymətləndirmək, haqq səsini eşitmək gərəkdir.

İstənilən hadisəyə dəqiq tarixi qiymətin verilməsi üçün zamana ehtiyac var

“Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcəklər. Necə başlayıb, onu, hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə məxsus deyil”. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 27 sentyabr 2020-ci il tarixdə nələrin baş verdiyini tarixçilər deyəcəklər. İstənilən hadisəyə dəqiq qiymətin verilməsi, onun elmi əsaslarla təsbit edilməsi üçün zamana ehtiyac var.  Bu tarixi cəsarəti, ləyaqəti, sonsuz millət, məmləkət sevgisi ilə yazan, Mete, Atilla, Alparslan, Osman Qazi, Fateh Mehmet, Sultan Səlim, Sultan Bəyazit, Əmr Teymur, Şah İsmayıl Səfəvi, Sultan Süleyman, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi fətih dastanı yaradan Liderin, Sərkərdə-xaqanın, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və onun arxasında dağ kimi dayanan xalqın əzəmətini , qüdrətini isə  yenə də zaman sübuta yetirəcək.

Yatmış ruhlar oyandı, ölmüş cana can gəldi

Qürur hissi ilə qeyd etmək olar ki, 27 sentyabr Azərbaycan xalqının öz müqəddəratını  həll etmək üçün küllərindən dirildiyi, növbəti dəfə Oyanışdan Qurtuluşa yol gəldiyi gündür! 28 sentyabrdan  bir gün öncə başlanan yolun əzəmətini isə sözlə ifadə etmək çətindir.  28 illik işğalı yaşayan, Zəfərə ümidini, Qarabağa, Şərqi Zəngəzura dönüşünü ağlına belə gətirməkdə çətinlik çəkən millət 30 il öncə bir-bir işğala məruz qalan kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini Müzəffər Ali Baş Komandanın dilindən eşitdikcə  yatmış ruhu oyanır, canına can gəlirdi. İndi tarixi mənbələrə həkk olunan təqdim etdiyimiz mənzərə isə sadəcə sonsuz Vətən sevgimizin qürur dolu  tablosudur. “Sentyabrın 27-dən sonra Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik Şəhidlərin alqanı, bir parası Vətən olan  Qazilərin iradəsi ilə Azərbaycan Bayrağı ilə süsləndi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən həmçinin noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Əlbəttə, bununla da  Azərbaycanın  ərazi bütövlüyü bərpa olundu .”

Onların şərəfinə 44 sütunlu  Zəfər Tağı Memorial Kompleksi ucaldıldı

27 sentyabr nəinki Azərbaycan, o cümlədən, Güney Qafqazın tarixinə, sülhün, sabitliyin əmin-amanlığın bərqərar olduğu gün kimi daxil oldu.  O tarixi məqamı xalqımıza yaşadan qəhrəmanların hər biri dövlətin ən ali mükafatları ilə təltif olundu. 27 sentyabr Azərbaycan tarixinə Şəhidlərin Anım Günü kimi daxil edildi. Onların şərəfinə 44 sütunlu  Zəfər Tağı Memorial Kompleksi ucaldıldı. Qarabağdan Şərqi Zəngəzurdan gətirilən hərbi texnikanın Azadlıq Meydanından qolunda qandal keçirilməsi, Zəfər Paradının təşkil edilməsi, Xəzərin Sahilində Qənimətlər Parkının salınması isə  Zəfərin, Qələbənin Memarının- Müzəffər Ali Baş Komandanın 30 ildir Odlar Yurdu Azərbaycanın haqqına girənlərə görkü, göz dağı Qüdrətli Ordusuna, Şanlı Əsgərinə, Vətənpərvər xalqına verdiyi dəyərin göstəricisi idi.

Gücün gərək olduğu yerdə ədalət naminə ondan istifadə etməmək kimi bir qanun da yoxdur!

“Qarabağ Azərbaycandır!” nidası ilə haqq davasına qalxan, Azərbaycanın ərazi bütövlüyünün rəmzinə çevrilən hilallı-ulduzlu, üçrəngli bayrağı Şuşa qalasından, Xudafərin körpüsündən asan, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannamə”sinə körpü salan, Beynəlxalq sülh və rifah naminə “Tramp marşrutu” ilə  dünyanın düzənini, mizanını dəyişən Ali Baş Komandan sentyabrın 27-də “Ağıl olan yerdə zora ehtiyac yoxdur!”, “Gücün gərək olduğu yerdə ədalət naminə ondan istifadə etməmək kimi bir qanun da yoxdur!”  “Biz torpaqlarımızın işğalda qalması ilə axıra qədər barışa bilmərik. Şuşa, Laçın, Ağdam da, Kəlbəcərdə də əvvəl-axır öz sahibinə qaytarılacaqdır”. “ Mən İlham Əliyevə özüm qədər inanıram!” nidası ilə milli dövlətçilik tariximizdə Lider-Varis ənənəsini bərpa edən Ulu Öndər Heydər Əliyevin etimadını doğrultmaqla kifayətlənmədi. Onun naşad ruhunu şad etdi.

Yansın Çırağımız, gəlsin sorağımız!

27 sentyabr Turana, türk dünyasına uzanan yolun, Dəhlizin ünvanını göstərən “Tramp marşrutu” adı ilə təqdim olunan, əslində isə tarixi mahiyyətini saxlayan Zəngəzur dəhlizi ilə Naxçıvanın qolundan 30 ildir asılan zənciri, buxovu açan, blokadadan çıxaran, onu Nəriman Nərimanovun dili ilə desək Şərqin, Atatürkün təbirincə qeyd etsək “Türkün qapısı”na, Ulu Öndərin nidası ilə səsləndirsək Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin -Dəmir Yumruğun düşmənin belini qırdığı gündür!

Bu il faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. 5 ildir işğaldan azad olunan Qarabağ, Şərqi Zəngəzur tikilir, qurulur, inkişaf edir. 30 illik işğaldan, intizardan sonra tarixi sakinlərinin,  sahiblərinin nəfəsi ilə isinən Vətən torpaqları Sarı Aşığa qoşulub: “Aşıq çırağı neylər, yanan çırağı neylər, bir çıraq haqdan yana, o çıraq yağı neylər?”- deyir.  

Sentyabrın 27-si Odlar yurdu Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda 30 ildir zor gücünə söndürülən Çırağının yandığı, alışdığı gündür! Tanrı millətimizi, məmləkətimizi, Zəfər Qələbə memarımızı, əvəzsiz Liderimizi qorusun. Qaba ağaclarımız doğranmasın, axar sularımız qurumasın! Yansın Çırağımız, gəlsin sorağımız!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qlazqo Virus Tədqiqatları Mərkəzinin alimləri süni intellektin köməyi ilə “Viro3D” adlı yeni məlumat bazası hazırlayıblar.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Müasir araşdırmalar göstərir ki, mülayim miqdarda qəhvə istehlakı sağlamlığa xeyir gətirə bilər, əsas odur ki,

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Müasir araşdırmalar göstərir ki, mülayim miqdarda qəhvə istehlakı sağlamlığa xeyir gətirə bilər, əsas odur ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin