Nəşr edilmişdir 06/26/2025

Paylaşın

GÜNDƏM

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür!

Ordum var, yurdum var!

Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi ilə qeyd olunur. Bu əlamətdar gün həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Milli Ordumuzun formalaşması isə şanlı və zəngin bir tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Azərbaycan Ordusunun bünövrəsi 1918-ci il iyunun 26-da qoyulmuşdur. Bu gün tariximizə ölkəmizdə ilk müntəzəm hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün kimi düşmüşdür. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. İlk hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin olundu, daha sonra bu vəzifədə general Səməd bəy Mehmandarov və general Əlağa Şıxlinski kimi peşəkar hərbçilər fəaliyyət göstərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri isə 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusunun birlikdə Bakını işğaldan azad etməsi oldu. Bu, müasir dövlətçilik tariximizdə ilk böyük hərbi zəfər kimi yadda qaldı. Lakin bu nailiyyətlər çox çəkmədi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, ölkə sovet işğalına məruz qaldı. Milli Ordu ləğv olundu, onlarla general və zabit repressiyaya məruz qaldı, çoxu şəhid edildi. Hərbi nazirlik ləğv olundu və Azərbaycan uzun illər müstəqil hərbi qüvvəyə malik olmadı. Milli Ordunun yenidən dirçəlişi yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra baş verdi. Bu dövrdə Azərbaycanın öz milli ordusunu qurmaq imkanı yarandı. Lakin bu proses çətin və keşməkeşli oldu. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi xaos, komandanlıq böhranı və fərarilik kimi hallar hökm sürürdü. Bu zəiflikdən istifadə edən Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Azərbaycan Ordusunun real və sistemli quruculuğu yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa müddətdə ordu sıralarını vahid komandanlıq altında birləşdirdi, nizami ordu formalaşdırıldı və ordu quruculuğuna əsaslı şəkildə start verildi. Füzuli istiqamətində keçirilmiş uğurlu əks-hücum əməliyyatları da məhz Ulu Öndərin birbaşa komandanlığı ilə baş tutdu və bu əməliyyatlar zamanı bir sıra ərazilərimiz düşməndən azad edildi. 1994-cü ildə onun siyasi iradəsi ilə Ermənistanla atəşkəs razılaşması imzalandı. Bu mühüm qərar Azərbaycan ordusunun möhkəmləndirilməsi və genişmiqyaslı, planlı quruculuq işlərinə başlamaq üçün strateji şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ardıcıl qanunvericilik və struktur islahatları həyata keçirildi. 1998-ci il 22 may tarixli sərəncamla 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu tarixdən etibarən 26 İyun hər il dövlət səviyyəsində qeyd edilir, hərbçilərimizin qəhrəmanlığına dərin ehtiram ifadə olunur. Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, 2001-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilər Məktəbi təsis olundu. Bunlar Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlar idi. Beynəlxalq hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoydu. 2001-ci ildən etibarən Azərbaycan NATO-nun “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat” planına qoşuldu, vətəndaşlarımızın sülhməramlı əməliyyatlarda iştirakı təmin olundu. Azərbaycan hərbçiləri İraq, Əfqanıstan, Kosovo kimi bölgələrdə beynəlxalq missiyalarda uğurla xidmət etdilər. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırırdı.

Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna inanır, güvənir və bu birlik qarşısında heç bir düşmən dayana bilməz.

Ordu sıralarında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbçilərdə milli qürur və dövlətçilik şüurunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin siyasətində əsas istiqamətlərdən biri olmuşdur. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirir, onu daha da zənginləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırmaqdadır. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda peşəkarlığın artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də Silahlı Qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atılmışdır. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir. Azərbaycan Ordusunun qüdrəti müxtəlif döyüşlərdə əyani şəkildə nümayiş etdirilmişdir. 2011-ci ildə Bakıda keçirilən hərbi parad, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı bu qüdrətin bariz sübutudur. Aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi də daxil olmaqla, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisini işğaldan azad etdi. Günnüt əməliyyatı zamanı isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Günnüt kəndi düşməndən təmizlənərək strateji mövqelər Azərbaycanın nəzarətinə keçdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbirdə iştirak etdilər. Paradda düşməndən qənimət kimi götürülmüş texnikalarla yanaşı, işğaldan azad edilmiş torpaqlarda ucaldılmış üçrəngli bayraqlar nümayiş etdirildi. Bu müharibə zamanı 2900-dən çox əsgər və zabitimiz şəhidlik zirvəsinə ucaldı. Onların müqəddəs qanı ilə yazılan bu Zəfər bizim milli fəxrimizə və əbədi qürur mənbəyimizə çevrildi. Vətən uğrunda canlarından keçən igidlərimizin qəhrəmanlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. 2020–2021-ci illərdə imzalanan sərəncamlarla 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olundu, onlarla hərbi qulluqçuya ali rütbələr verildi. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna inanır, güvənir və bu birlik qarşısında heç bir düşmən dayana bilməz.

Ordunun türk modeli əsasında yenidən qurulması onun döyüş qabiliyyətini daha da artırdı

Bu gün Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə sülhün və sabitliyin keşikçisi olmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin müdafiəçisidir. Qalib Azərbaycan xalqı və Müzəffər Ordusu bir daha sübut etdi ki, ordu olmadan dövlət olmaz və yalnız güclü orduya sahib olan xalq öz gələcəyini etibarlı şəkildə təmin edə bilər. 44 günlük Vətən Müharibəsində, haqq davasında Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə əldə edilən tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının yeni orden və medalları təsis olundu. İgid əsgər və zabitlərimiz “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı da daxil olmaqla 15 yeni orden və medalla təltif edildi. Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi çevik və effektiv hərbi taktika Qərb və ABŞ-ın aparıcı hərbi mərkəzləri tərəfindən yüksək qiymətləndirildi, bir çox ekspertlər Azərbaycan Ordusunun qarşısında heç bir dövlətin dayana bilməyəcəyini etiraf etdilər. Ordunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılmasıdır. Bu məqsədlə 2022-ci ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Milli Müdafiə Universiteti yaradıldı. Ordunun türk modeli əsasında yenidən qurulması onun döyüş qabiliyyətini daha da artırdı. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər isə orduya əlavə güc və təcrübə qazandırır. Bundan əlavə, Azərbaycan dövləti İsrail, Rusiya və Pakistan kimi qüdrətli ölkələrdən ən müasir silah və texnoloji sistemləri əldə edərək Silahlı Qüvvələrin texniki imkanlarını daha da genişləndirir. Bu gün hər bir gənc güclü və qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi şərəf hesab edir. Biz bir türk, azərbaycanlı olaraq oğula düşmən çəpəri kimi baxdıq, onlara “Ordum var, yurdum var” nidası ilə öyüd-nəsihət verdik.

26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün hərbçilərimizi, peşəkar zabit və əsgər heyətimizi, xalqımızı təbrik edir, onlara daha böyük zəfərlərə imza atmaq üçün uğurlar arzu edirik.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda bayram günlərində 34, rayonlarda 37 dərəcə isti olacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan başlayaraq 12:00-dək bəzi marşrutlar üzrə yürüş edibər.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan başlayaraq 12:00-dək bəzi marşrutlar üzrə yürüş edibər.