İsveçrədə doğulub böyüyən 23 yaşlı azərbaycanlı ifaçı Jeyleen musiqi dünyasında öz yolunu inamla açır. Xaricdə yaşasa da, köklərini unutmayan gənc sənətçi artıq beynəlxalq auditoriyanın diqqətini çəkməyi bacarıb.
Jeyleen ali təhsilini İsveçrədə otelçilik və menecment sahəsində alsa da, həyatının əsas ritmi hər zaman musiqi olub. Səkkiz yaşından vokal dərsləri alan ifaçı erkən yaşlarından səhnəyə çıxıb. Onun uşaqlıq xatirələrinin böyük hissəsi mikrofon, işıqlar və ilk alqışlarla bağlıdır.
Son illərdə yaradıcılıq azadlığını daha da gücləndirmək üçün fortepiano, gitara və bas-gitaranı müstəqil şəkildə öyrənib. Onun musiqi üslubu pop, rok və soul janrlarının vəhdətidir: rokdan emosional güc, popdan melodik dinamika, souladan isə improvizasiya ruhu götürür.
Jeyleen mahnılarını yazılma mərhələsindən aranjimanına qədər özü hazırlayır. Layihələrinin tamamlanmasında İsveçrəli prodüserlə əməkdaşlıq edir. Musiqi ilə yanaşı, vizual tərəfi də şəxsi nəzarətində saxlayır – kliplərin ideyası, rejissorluğu, prodüserliyi və montajı üzərində özü çalışır. Bu isə onun sənətinə vahid və fərdi üslub qazandırır.
Onun trekləri artıq İsveçrənin böyük radiostansiyalarında səslənir. Qısa müddətdə 250 minə yaxın dinlənmə və 50 mindən çox aylıq dinləyici auditoriyası formalaşıb. Dinləyicilərinin əsas hissəsi ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya, Meksika və Türkiyədə cəmləşib.
2026-cı ildə İsveçrə üzrə konsert və festival proqramları planlaşdırılır. Jeyleen eyni zamanda ölkənin ən nüfuzlu musiqi platformalarından biri olan M4Music festivalında iştirak edir. Fevralın sonunda isə onun debüt EP-si – “Everything in Between” dinləyicilərə təqdim olunacaq.
Jeyleen üçün bu, sadəcə başlanğıcdır.