Başa vurduğumuz il ərzində Bakının gözəlləşdirilməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların rifahının təmin edilməsi istiqamətində işlər görülüb.
Baki-Baku.az il ərzində görülən işlərə nəzər yetirir.
Belə ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində bir sıra fəaliyyət həyata keçirilib. 2024-cü ildə bu istiqamətdə 16 həyətin abadlaşdırılması işləri aparılmış, ümumilikdə isə indiyədək 300-dən artıq belə məhəllə abadlaşdırılıb, sakinlərin istifadəsinə verilib.
Görülən işlər sırasında Bakının tarixi binalarının restavrasiyası mühüm yer tutur. Paytaxtın tarixi simasının əsasını təşkil edən, 19-cu əsrdə tikilmiş bir çox binaların əsaslı rekonstruksiyası, restavrasiya işləri həyata keçirilib. Bəzi binaların dayanıqlılığı möhkəmləndirilib, eyvanların təmiri işləri aparılıb. Təmir zamanı ən qabaqcıl texnoloji üsullar tətbiq olunmaqla xüsusi məhlullarla fasadlar yuyulub, təmizlənib, binalar ilkin görkəminə qaytarılıb.
Həmçinin il ərzində paytaxtın təmizliyi və insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə kommunal texnikalar gətirilib. Bakıda mütəmadi təmizlik işləri həyata keçirilib, iməcliklər təşkil olunub. Qeyd edək ki, keçirilən aksiyalar zamanı paytaxt sakinlərinə eyvanların güllə təmini ilə bağlı müraciət olunub və insanlar bu prosesə həvəslə qoşulublar.
Bu il paytaxtın ekoloji vəziyyətinə töhfə olaraq xeyli sayda ağacəkmə aksiyaları da həyata keçirilib, parkların salınması ənənəvi hal alıb. İl ərzində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 70 minə yaxın ağac əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ölkə ərazisində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində paytaxtın müxtəlif ərazilərindəki magistral avtomobil yollarının kənarında və digər yerlərdə ümumilikdə 600 minə yaxın ağac və kol əkilib.
Bu il vətəndaşlar üçün kifayət qədər geniş park əraziləri də istifadəyə verilib, bəzi yerlərdə işlər davam etdirilir.
Belə ki, il ərzində Mərkəzi Nəbatət Bağı, “Gənclik” metrosu yanında keçmiş antena sahəsində yaradılan yeni park, Nərimanov parkı, Bakı Dəniz Vağzalının yaxınlığındakı park istifadəyə verilib.
Həmçinin Xaqani bağı yenidən qurulub, Cəfər Cabbarlı heykəlinin ətrafında park salınıb, Cavanşir Körpüsü sökülərək yerində müasir infrastruktur yaradılıb, abadlaşdırma işləri görülmüşdür.
Daha sonra Nəsimi rayonunda yerləşən “Şevçenko” parkı əsaslı təmir olunub, Nizami rayonunda Keşlədə 1941-1945 abidəsinin ətrafı yaşıllaşdırılıb, əsaslı dəyişikliklər edilib.
Bundan əlavə Binəqədi rayonunda Çingiz Aytmatovun,Nəsimi rayonunda Aşıq Ələsgərin heykəllərinin ətrafı abadlaşdırılıb, Qaradağ rayonunda Qobustan qəsəbəsində də park salınıb. Suraxanı rayonu Bülbülə qəsəbəsində isə dəmir yolunun yaxınlığında park salınması istiqamətində işlər görülür.
Eyni zamanda Bakının demək olar ki bütün rayonlarında, yaşayış və qeyri-yaşayış obyektlərinin və binaların təmiri ,fasadlarının müasir tələblərə uyğun yenilənməsi həyata keçirilib. Həmçinin müxtəlif ərazilərdə fərqli rəng çalarları ilə, standartlara uyğun olmayan reklam lövhələrinin dəyişdirilməsi işləri aparılıb. Onların vahid standarta uyğun təsdiqlənmiş dizayn kodlar əsasında təmiri aparılıb.