Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/20/2026

Paylaşın

GÜNDƏM

20 Yanvarı xatırlayarkən…

20 Yanvarı xatırlayarkən, 20 Yanvar

“Kapitan və Xəzər dənizi” filmi üzərinə düşüncələr

O gün mən hardaydım?..
İllər sonra qanlı faciənin yaddaşımı oyatdığı bu sual Nizami Kino Mərkəzində izlədiyim “Kapitan və Xəzər dənizi” filmi ilə birgə içimdə baş qaldırdı. Otuz altı il əvvələ qayıtdım.

1990-cı ilin 20 yanvar günü Füzuli şəhərində oxuduğum məktəbdə sinif yoldaşlarımızla qəribə bir gecənin uğultusundan pıçıltı ilə danışırdıq. Nə olmuşdu? Niyə televizor susmuşdu, niyə heç nə göstərmirdi?
Əyalət paytaxtda baş verən hadisənin miqyasından bixəbər idi. Televiziya yayımının kəsilməsi ilə sanki gözümüz kor, qulağımız sağır olmuşdu. Amma batmış qulaq darı dəlirmiş kimi — şübhəli, qorxulu bir hadisənin sorağını duyurdu. Elə bil hamımız anlayırdıq: nəsə çox ağır, çox geri dönməz bir şey baş verib.

Axı 19-dan 20-nə keçən gecə radio dalğalarında “Bakı qan içindədir” kəlmələri ilə fəryad qoparan “Azadlıq” radiosunun Azərbaycan şöbəsindən Mirzə Xəzərin səsi eşidilmişdi. O səsin içində şair Bəxtiyar Vahabzadənin hayqırtısı vardı — adamı silkələyən, yerindən oynadan bir hayqırtı. Və məhz o səslə də yuxumuz ərşə çəkilmişdi.
Bu xəbərin hələ ağlımızın tam dərk etmədiyi, gözümüzün görmədiyi bir fəhmlə sarsıntısından üşüyürdük. Yanvarın şaxtasından daha acı, daha kəskin bir soyuq idi bu…

Qayıdaq bu günə…
Otuz altı ildə belə unudulmayan o günün növbəti ildönümünə.

Bu illər ərzində 20 Yanvar haqqında nə qədər şeir yazıldı, nə qədər bəstə, ağı, elegiya yarandı. Rəsmlər çəkildi, filmlər ərsəyə gəldi. Yazılan, deyilən, göstərilən nə varsa, hamısı özünü qırmızı qərənfillərlə yola salan qəhrəman, təpərli bir xalqın böyük oyanışından danışdı.
Qərənfillər “gecəni atəş ilə qırmızı dan edən” məşum hadisənin şəhidlərini ağladı. Əzizə xanım ağbirçək ana kimi azadlıq uğrunda canından keçən balalarını bayatılarla yola saldı. Vətən şəhid köynəyindən özünə don biçdi — daha əzəmətli, daha vüqarlı oldu. Əyilmədi, sınmadı…

Örnək göstərməyə nə qədər nümunə var — saymaqla bitməz. Amma bu gün, 36 il sonra biz fərqli bir məcrada, animasiya dili ilə sənədlərə söykənən bir ekran işi izlədik: “Kapitan və Xəzər dənizi”.

Rejissor və ssenari müəllifi Türkan Hüseyn olan bu film 20 Yanvar günlərində Xəzər gəmiçilərinin göstərdiyi qəhrəmanlığa, cəsarətə işıq tutur. Günlərlə qara bayraq qaldıraraq xalqın səsinə səs verən cəsur kapitan və 43 nəfərlik heyətdən danışır. O heyətdən ki, var gücü ilə mübarizə apardı, Xəzər dənizində fit verən gəmilərlə qara bayraq qaldırdı, əliyalın, günahsız insanların matəmini diri saxladı.

Film animasiya ilə xronikanın uğurlu vəhdətini yaradır. Bu da rejissorun və yaradıcı heyətin ortaya qoyduğu ekran işinin əsas cazibəsi, bədii tapıntısıdır.

Yenə 20 Yanvardır.
Yenə insanlar axın-axın müqəddəs Şəhidlər xiyabanını ziyarət edirlər. Yenə qərənfillər qırmızı rəngli xalı kimi yerə döşənir.

Otuz altı ildə çox şey dəyişib. Müstəqillik yolunda irəliləyən dövlətimiz güclənib, böyüyüb, ağır tarixi sınaqlardan keçib. Bu gün Şəhidlər xiyabanını həm də 44 günlük Zəfərin qüruru ilə, qəddimizi dik tutaraq ziyarət edirik.

Ruhunuz şad olsun, qəhrəmanlarım!

Təranə Bakirqızı

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə

Ən son

GÜNDƏM

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə Bakıda bir sıra küçə və prospektlərdə sürət həddi

GÜNDƏM

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə Bakıda bir sıra küçə və prospektlərdə sürət həddi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin