Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/20/2026

Paylaşın

TARİXİMİZ

20 Yanvar – İstiqlala gedən yolun başlanğıcı

20260120_113743

20 Yanvar təkcə matəm, ümummilli hüzn günü deyil, eyni zamanda imperiyanın riyakar və qəddar siyasətinə qarşı haqq səsini ucaldan Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Azad doğulmuş və azad yaşamağa layiq olan xalqımızın azadlıq istəyinə bu dəfə də imperiya cəlladları misli görünməmiş vəhşiliklə cavab verdilər.

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız ağır bir faciə deyil, həm də tariximizin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. Məhz 20 Yanvar günü biz özümüzü bir millət kimi daha dərindən dərk etdik, milli kimliyimizi və azadlıq iradəmizi dünyaya bəyan etdik. Həmin gecə Bakı qana boyandı, səhər şəhid oğul və qızlarımızın qanı ilə açıldı.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda apardığı mübarizəni zor gücünə susdurmaq cəhdi nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi. Günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu qanlı cinayət bəşər tarixində totalitar rejimin xalq iradəsinə qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi yadda qaldı.

Lakin imperiyanın zülmü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onların müqəddəs qanı ilə yazılan bu tarix xalqımızın azadlıq yolunu işıqlandırdı.

Şəhidlər azadlığın, müstəqilliyin və milli qürurun əbədi rəmzinə çevrildilər

Məhz 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində xalqımız müstəqillik arzusuna bir addım da yaxınlaşdı və az sonra əsrlər boyu həsrətində olduğu dövlət müstəqilliyinə qovuşdu. Bu gün suveren və müstəqil Azərbaycan dövləti məhz həmin müqəddəs qurbanların qanı bahasına əldə edildi. 20 Yanvar şəhidləri azadlığımızın, müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzinə çevrildilər. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı. Ulu Öndər Heydər Əliyev faciədən sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli liderin ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu Öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Hadisə siyasi qiymətini ancaq Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı.

Təəssüf ki, bu qanlı faciənin rəhbəri Mixail Qorbaçov törətdiyi cinayətlərə görə cəzalandırılmadı

20 Yanvar dəhşətlərindən sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. 1990-cı il yanvar hadisələrindən cəmi iki ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla sərhədyanı ərazidə yerləşən Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Xocalı soyqırımı isə 613 nəfərin qətlə yetirilməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Ermənilər bütün bunları 1980-ci illərin sonunda Qərbi Azərbaycanda sovet hərbçiləri ilə birlikdə həyata keçirmişdilər. Orada etdikləri cinayət əməllərinə görə cəzasız qalan ermənilər oxşar vəhşilikləri Qarabağda törətdilər. Sovet rəhbərliyi isə emənilərin cinayətlərinə haqq qazandırırmışcasına onları müdafiə etmək adı altında Bakıya və başqa bölgələrə hərbçiləri yerləşdirib. Sovet rəhbərliyi bununla da azərbaycanlıların tarixi torpaqları olan Qərb Azərbaycandan deportasiyasını, Qarabağın bir hissəsinin Ermənistana birləşdirilməsini Azərbaycan cəmiyyətinə qəbul etdirmək istəyirdi. Ancaq sovet rəhbərliyi məkrli siyasəti və iddianı gizlədə bilmədi. Təəssüflər olsun ki, bu qanlı faciələrin başçısı Mixail Qorbaçov Azərbaycan xalqına qarşı Qərbi Azərbaycanda, Qarabağda, 20 Yanvarda törətdiyi cinayətlərə görə cəzalanmadan öldü. Azərbaycandakı cinayətləri nəzərə alınmadan onu Nobel Sülh Mükafatına da layiq gördülər… Halbuki 1945-46-cı illərdə faşistlərin mühakimə edildiyi “Nürnberq məhkəməsi”nin həmin faciələri törədənlərə də qurulacağı gün gözlənilir. Bu həm də tarixdə bənzər hadisələrin təkrarlanmaması üçün vacibdir. Çünki Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın başına gələn faciələr sonradan Gürcüstan, Moldova, Ukrayna, Suriya, İraq kimi digər yerlərdə də təkrarlandı.

Ulu Öndərin Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlişi şəhidlərin əziz xatirəsinə hörmət, həm də  törədilən cinayətə etiraz idi

Azərbaycan xalqı Moskvanın törətdiyi cinayətlərə tarixi qiyməti yanvarın 22-də şəhidlərin dəfni mərasimində verdi. 2 milyona yaxın insan sovet hərbçilərinin Bakı küçələrində olmasına, şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, meydana axışdı. Bu həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də sovetin əməllərinə etiraz idi. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən keçən xalqımızın faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymətin verilməməsi, əslində Azərbaycanın o dövrdə hakimiyyətdə olan iqtidarlarının öz xalqına xəyanəti kimi qəbul edilir. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra hadisətə siyasi qiymət verildi. 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Heydər Əliyev bu barədə deyirdi: “…Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Faciəyə yalnız bir neçə il sonra Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gələrək azadlıq mücahidlərini ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub.

Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də, Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncamında bu barədə deyilir: “Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparıldı

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olan Vətən övladlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni heç vaxt unutmur. Həmin faciənin ağrısı bu gün də qəlbimizdə yaşayır, xalqımız bu vəhşiliyi törədənlərə qarşı dərin nifrətini və qəti mövqeyini açıq şəkildə ifadə edir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Bu münasibətlə hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanır, respublikanın bütün şəhər və rayonlarında anım mərasimləri keçirilir. Qanlı Yanvar faciəsində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı və həyat şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Şəhid ailələrinin sosial təminatının daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalanmış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

Vətən müharibəsində əldə edilən Tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin nigaran ruhları hüzura qovuşdu

30 il ərzində Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əks-həmlə əməliyyatı başladı. 44 günlük müharibə noyabrın 8-də zəfərlə yekunlaşdı. Bu, son 100 ildən artıq dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların, erməni vəhşiliyi qurbanlarının nahaq tökülən qanın alınması, qisasının qiyamətə qalmaması idi.

Qarabağın işğaldan azad edilməsi həm də Qərbi Azərbaycana qayıdışa, repatriasiyaya yol açır. Zəfər soydaşlarımızın tarixi torpaqlarına qayıdacaqlarına ümidi artırır. 20 Yanvar hadisələrindəki milli müqavimətin, Vətən müharibəsində əldə edilən Zəfərin tariximizdəki yerini və rolunu müəyyən edir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Ən son

TARİXİMİZ

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız ağır bir faciə deyil, həm də

TARİXİMİZ

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız ağır bir faciə deyil, həm də
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin