Hər bir xalqın mənəvi əzəmətini özündə ehtiva edən qəhrəmanlıq və məhəbbət dastanları var. Biz bir türk – azərbaycanlı olaraq “Oğuznamələr”dən, “Kitabi-Dədə Qorqud dastanı”ndan üzü bu yana çox dastanlar yaratmışıq. Onun sırasında “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” kimi qəhrəmanlıq dastanları ilə yanaşı, “Abbas və Gülgəz”in, “Əsli və Kərəm”in, “Aşıq Qərib və Şahsənəm”in, “Qurbani”nin ayrıca yeri və məqamı var. Sonsuz millət, məmləkət sevgimizdən, ilahi eşqimizdən doğulan bu əsərlər yüz illərdir mənəvi əzəmətimizi, saf sevgimizi dünyaya nümayiş etdirir.
20 Yanvar Milli İstiqlal uğrunda savaşımız, qan yaddaşımız, eyni zamanda əbədi sevgimizin ünvanı kimi Şəhidlərin al qanı ilə yazıldı. Vətənin imperiya buxovlarından xilası üçün sinəsini gülləyə sipər edən qəhrəmanlar yanvarın 19-dan 20-nə keçən gecə al qanları ilə tarix yazdılar. Həmin gecə onlar, həm də Vətən-xalq yolunda məşələ çevrilən ömür yolları ilə Sevgi adlı abidəyə döndülər. O gecə bir dastan da yarandı. “İlham-Fərizə dastanı!” İlhamın şəhid xəbərini alan Fərizə, Ana Vətən yolunda şəhid olan İlhamını seçdi. Anasına üz tutub “Mənim üçün ağlamayın” nidası ilə başlayan məktubu ilə vida nəğməsini oxudu. Yanvarın 22-də İlhamı dəfn olunduğu Xırdalan qəbiristanlığından alıb Azadlıq Meydanına gətirən Azərbaycan xalqı, bir cüt cənazəni 20 Yanvar şəhidlərinin sarvanına çevirdi.
35 ildir Şəhidlər xiyabanına ziyarətə gələn hər bir Azərbaycan vətəndaşı, dünya insanı Əbədi Məşəli ziyarətlə başlayır, İlhamla Fərizənin qoşa abidəsini səcdəyə gəlir, Şəhidlərin Məqbərə Kompleksi önündə Əbədi Sevginin lal sükütuna dalır. İstiqlaldan qiymətli sərvətin, Əbədi Sevgidən gözəl nemətin olmadığına inanır.
20 Yanvar bizim Qan yaddaşımız, Əbədi sevgimiz oldu. İlham-Fərizə adında qəhrəmanlıq və sevgi dastanını yaddaşlara yazdı. İlhamın Vətən-torpaq sevgisi Birinci Qarabağ savaşında Həsənqulu Qorxmazın, Fərizənin yar sevgisi Rəhilə Qorxmazın simasında yeni dastana döndü. “Həsənqulu Qorxmaz – Rəhilə Qorxmaz dastanı”na. Sumqayıtdan Qubadlıya könüllü olaraq savaşa yollanan Rəhilə, Qubadlının qəhrəman oğlu, könül verib könül aldığı Həsənqulu Qorxmazla birlikdə şəhid oldu. Bu qəhrəmanlıq və məhəbbət dastanları sırasına yazılan əvəzsiz inci idi.
20 Yanvardan, İlham-Fərizə dastanından sonra növbəti dastanın da ünvanı Vətən savaşı oldu. 44 günlük Vətən müharibəsinin ardınca gerçəkləşən Anti-terror Əməliyyatı zamanı 23 saat 43 dəqiqə çərçivəsində Dəmir Yumruğa dönən Azərbaycan xalqı düşmənin belini qırdı. Şəhid olan qəhrəmanların sırasında Vəli Mustafayevin adı İlhamın, Həsənqulu Qorxmazın sırasına yazıldı. Yarımçıq sevgisinin acısına dözməyən Arzu Oruczadə tarixi intiharı ilə erməni daşnaqlarına dərs verdi. Torpaq uğrunda ölümü gözə alıb ölümsüzlüyə qovuşmaq üçün səngərlərə sipər olan Vəliyə – Sevgisinə varmağın yolunu özünə qəstdə gördü. Arzu Oruczadəni valideyinləri öncə Kürdəxanıda – Bakıda dəfn etdilər. Sonra tarixi qəraq aldılar. Sevənləri biri-birindən ayırmamaq üçün Arzunun nəşini Əbədi Arzusunun ünvanına köçürdülər. Ağstafa rayonunun Qarahəsənli kəndində qəhrəman Vəli Mustafayevin yanında torpağa verdilər.
Həsənqulu və Rəhilə Qorxmazların, Arzu ilə Vəlinin dünyaya vida nəğməsi oxuduğu tarixlərdən İlhamla Fərizənin Şəhid olduğu 20 Yanvara, 19-dan 20-nə keçən gecəyə bir yol görünür. Müqəddəslərin və müqəddəsliklərin qovuşduğu yol. Onun ünvanı Əbədi Sevgidir!
Şərəf Cəlilli