Nəşr edilmişdir 01/20/2025

Paylaşın

GÜNDƏM

20 Yanvar – Əbədi İstiqlal uğrunda Tarixi Savaşımızdır!

A9C91C13-D788-4472-98D7-3AB64CEE7F25

Hürriyyət, istiqlaliyyət hər bir xalqın mənəvi haqqı, milli sərvətidir. Onun uğrunda qan tökülür, şəhid verilir. 1990-cı ilin 20 Yanvarı xalqımızın Əbədi İstiqlal uğrunda savaşdığı, imperiyanın üzərinə yeriyib, haqq davasına qalxdığı, al-qanı ilə tarix yazdığı gündür. 

Tarixi inqilablar, müharibələr, repressiyalar, texniki tərəqqilər, elmi nəaliyyətlər əsri kimi daxil olan XX əsrdə Azərbaycan xalqı üç dəfə dövlət qurdu. Hər bir dövləti milli mənlik, milli kimlik uğrunda mücadilə edən tarixi simaların iradəsi ilə özgürlüyünün bəlgəsinə çevirdi. İstər Xalq Cümhuriyyəti, istər sovet Azərbaycanı, istər də Azərbaycan Respublikası dönəmində tarix yaratdı. 

Ötən əsrin sonunda Azərbaycan xalqının Əbədi İstiqlal uğrunda mücadiləsinin önünə sipər çəkmək istəyənlər, onu 20 Yanvar dəhşətləri ilə baş-başa qoydu. 1918-ci ilin Mart Soyqırımını təkrarladı. Ölümü ilə ölümsüzlük qazanan xalq, soyqırımıqurbanlarının al qanı ilə tarix yazdı.

1918-ci il Mart Soyqırımı zamanı Şəhidlərini Təzəpir məscidində yuyub, kəfənləyib Çəmbərəkəndə qaldıran, torpaq müqəddəsliyinə qovuşduran Azərbaycan xalqı 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinə imza atan Cümhuriyyət Qurucularının simasında Şərqin ilk Demokratik Cümhuriyyətini elan etdi. Elə həmin ərəfədə, Tiflisdə elan olunan Milli Hökumət Gəncəyə köçürüldü. 1918-ci il  sentyabrın 15-də Bakını işğaldan azad edərək Cümhuriyyətin Gəncədən Bakıya köçürülməsinə nail oldu. Bu bir tarix idi, Mart Soyqırımı şəhidlərinin al qanı ilə yazılan tarix. Üstündən 70 illik bir zaman ötəndən sonra Azərbaycan xalqı Əbədi İstiqlal savaşına qalxaraq, Lenin Meydanını Azadlıq Meydanına çevirdi. Əbədi İstiqlal uğrunda ölümün gözünə diri, dip-diri baxaraq mümkün olmayanları mümkünə çevirdi. İki il davam edən İstiqlal Savaşı imperiya zəncirlərini qırmaq istəyən Azərbaycan xalqını 20 Yanvar dəhşətləri ilə sınağa çəkdi. Fövqəladə vəziyyət elan etmədən Azərbaycan Xalqının üzərinə yeriyən Sovet Hakimiyyəti 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə tarixi cinayətə əl ataraq Çar Rusiyasının ənənələrini təkrarladı. 72 il sonra Mart Soyqırımından 20 Yanvar dəhşətlərinə körpü saldı.

Qanlı Yanvar hadisələri təkcə paytaxt Bakını deyil, fövqəladə vəziyyətin elan olunmadığı bölgələri də əhatə etdi. Ümumilikdə Respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200-dən çox ev və mənzilin, 80-dən çox avtomaşının, o cümlədən təcili yardım maşınlarının, dövlət və şəxsi əmlakın məhv edilməsi ilə müşaiyət olunan hadisələr bir daha sübut etdi ki, Sovet İttifaqı rəhbərliyi, başda Mixail Qorbaçov olmaqla, bu hadisəni planlı şəkildə həyata keçirmiş, Azərbaycan xalqına İstiqlal Sevgisini, Birlik-Bütövlük nidasını ona çox görmüşdür. 1988-ci ildə meydanlara axışan Azərbaycan xalqı Qərbi Azərbaycan Türklərinin deportasiyasına, Ermənistanın Azərbaycana qarşı torpaq və ərazi iddialarına, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi siyasətinə etiraz edərək, Əbədi İstiqlal uğrunda savaşa qalxmışdı. 

Qarabağda, Topxana meşəsində qırılan bir armud ağacından, daha doğrusu Yaddaş Ağacından ötrü Azadlıq Meydanına axışan Azərbaycan xalqı, 20 Yanvar gecəsi Əbədi İstiqlal yolunda qurban verdiyi, fəda etdiyi Şəhidlərin qanı ilə sübut etdi ki, bir millət olaraq ya ölümü ilə ölümsüzlüyə qovuşacaq, ya da Əbədi İstiqlala nail olacaq. 

20 Yanvar Şəhidlərinin yuyulub-kəfənlənməsi, Çəmbərəkənd qəbiristanlığına çiyinlərdə qaldırılması Mart Soyqırımı zamanı baş vermiş hadisələri göz önündə canlandırdı. Tarixi həqiqəti təkrar etdi. Mart Soyqırımı Şəhidləri Təzəpir məscidində, Axund Ağa Əlizadənin rəhbərliyi ilə yuyulub-kəfənlənmiş, Millət Atası Hacı Zeynalabdin Tağıyevin və Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Həbib bəy Mahmudbəyovun iradəsi ilə Çəmbərəkənd qəbiristanlığında torpağa verilmişdi. Şəhidlərin son duasını Axund Ağa Əlizadə tutmuş, məzarları üstündə “Zəminxarə”ni ölməz sənətkarımız Seyid Şuşinski dilə gətirmişdi.

20 Yanvar Şəhidləri də, Təzəpir məscidində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə yuyulub-kəfənlənmiş,qaboyun əvəzsiz ifaçısı Kamil Cəlilovun “Zəminxarə”si ilə Çəmbərəkənd qəbiristanlığına yola salınmış, Onların son duasını nüfuzlu din xadimi Hacı Sabir Həsənli tutmuşdu.

Hadisə baş verən günün səhəri blokada şəraitində olan Azərbaycanın haqq səsinə səs Moskvadan, Ulu öndər Heydər Əliyevdən gəlmişdi. Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə, mənəvi və siyasi varisi, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevlə gələn Heydər Əliyev həmin gün SSRİ rəhbərliyinə Etiraz Bəyanatı ünvanlamış, sədaqətlə xidmət etdiyi Kommunist Partiyasından istefa vermişdir. Belə bir tarixi hadisə bir də Naxçıvan Muxtar Respublikasında baş vermişdi. Naxçıvan Ali Sovetinin sədri Səkinə xanım Əliyeva Muxtar Respublikanın Sovet İttifaqından çıxması haqqında qərarı elan etmişdi.

20 Yanvar hadisələrindən sonra Moskva tarixi cinayəti etiraf etmədi. Onun tarixi qiymətinin verilməsi faktı da, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymətin verilməsi üçün ciddi addımlar atılmışdır. 1990-cı il Noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul edib. Məhz Onun iradəsi ilə Şəhidlərin Memorial Kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü kimi elan olunub. 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmiş, 1990-cı ilin 20 Yanvarında Şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılmışdır. 

Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyatakeçirdiyi mühüm layihələr, Prezident İlham Əliyevin Dövlətçilik təlimində də, davam etdirib. Prezident İlham Əliyevin 19 Yanvar 2006-cı il tarixli “20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Ölkə başçısının göstərişi, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında davamlı olaraqtəmir və yenidənqurma işləri aparılır, Şəhidlərin Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar Şəhidlərinin  xatirəsinə ucaldılan Memorial Kompleksi daima ziyarət olunur.

Bu gün Azərbaycan müstəqildir, azaddır. Özgürlüyünün bəlgəsi olan üç rəngli Bayrağı dünyanın nəhəng dövlətlərinin, beynəlxalq təşkilatlarının önündə dalğalanır. O, hilallı-ulduzlu Bayraq həm də, dünyanın ən möhtəşəm Bayraq Meydanından, Xəzərin sahilindən, Mart Soyqırımı və 20 Yanvar Şəhidlərinin al-qanına boyanan Bakının baş köşəsindən ucalır. “Bir kərə yüksələn Bayraq, bir daha enməz!” nidası ilə Şərqin ilk Demokratik Cümhuriyyətini quran Millətin, Məmləkətin əzəmətini, qüdrətini, Əbədi İstiqlal sevdasını dünyaya nümayiş etdirir.

20 Yanvar faciəsindən sonra, biz bir xalq, millət,məmləkət olaraq Xocalı dəhşətlərini, Şuşanın, Qarabağın, Şərqi Zəngəzurun işğalını, milyondan çox qaçqın və məcburi köçkünün ağrı-acısını yaşadıq. Əyilmədik, sınmadıq. Hürriyətdən qiymətli sərvətin, İstiqlaldan dəyərli nemətin olmadığını dünyaya sübut etdik. 44 günlük Vətən Müharibəsində “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdıq! Xudafərin körpüsündə, Şuşa qalasında Bayrağa, Dəmir Yumruğa döndük! “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan üzü bu yana Birlik, Bütövlük, Özgürlük yolunda verdiyimiz Şəhidlərin qisasını qiyamətə qoymadıq!

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının

Ən son

GÜNDƏM

1999-cu ilə Bakı yollarına aid fotolarda o dövrün nəqliyyat sektorundakı çətinlikləri aydın şəkildə görmək olar.

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq