Əsrlər boyu insanlar olduğu kimi deyil, olmaq istədikləri kimi görünməyə çalışıblar. Buna gözəllik standartlarına uyğunlaşmaq, sosial vəziyyəti ətrafa göstərmək üçün geyinmək, zinyət əşyaları, bahalı (çox vaxt kreditlə alınan) maşınlar və evlər, mülklər və daha nələr alət olub. Bir fərd, digər fərdlərə özünün üstünlüyünü əksər hallarda sahib olduqları ilə sübut etməyə çalışıb. Filosofların, yazıçıların, rəssamların hər zaman qınadığı və islah etməyə çalışdığı bir mövzu olub bu. Düşüncə tərzinin necə işlədiyini çözən insanlar isə bu silahı alıcılara məharətlə tuşlaya biliblər. Bunlardan biri də 17-ci əsrdə Niderlandda olub.
1636-cı ildə tək bir zanbaq soğanın qiyməti 150 florin idi. Bu, indiki 25.000 ABŞ dollarına ekvivalentdir və 17-ci əsrdə bu məbləğ ilə orta statistik bir ailə bir il müddətində ehtiyaclarını ödəyə, yemək və geyim ala bilərdi. İnsanlar zanbaq soğanını dekorativ bir gül kimi yox, investisiya kimi alırdılar, ona görə də onun çiçəklənməsini belə görmürdülər. Yəni alış məqsədi estetik zövq deyil, yatırım etmək idi. Bunu da bir qism anlayıb edirdisə də, çoxları loru dillə desək, göstəriş naminə küyə gedənlər idi.
Maraqlısı odur ki, hollandların Qızıl Dövrünə səbəb olan bu gül, heç buranın bitkisi belə deyildi. Tarixən Osmanlıda çiçəklənən güllər bura 16-cı əsrin sonlarında gəmi yolu ilə ədviyyatlar və bir sıra məhsullar satan tacirlər tərəfindən gətirilmiş və böyük bir səs küyə səbəb olmuşdu.
Hər gözəlin 1 eybi var
Hər nə qədər paradoksal olsa da, mükəmməllik insan gözünə gözəl görünmür. “Qəmsiz sevincin olmadığı kimi, qüsursuz gözəllik də yoxdur.” Yaşadığımız dünya isə mükəmməlliyin deyil, kontrastların dünyasıdır. Bəlkə də elə bu səbəbdən, tək rəngli, sağlam ləçəkli və paklıqla əlaqələndirilən zanbaqlardan daha çox al-əlvan, ləçəklərində sanki alov dilləri olan ekzotik zanbaqlar alıcılarda daha çox maraq yaradır və daha baha qiymətə satılırdı. İllər sonra alimlərin araşdırması nəticəsində “alovlu” güllərin səbəbi tapıldı. Sən demə, ekzotik güllər xəstə güllər imiş. Ləçəklərin belə naxışlı olmasının səbəbi isə virus nəticəsində piqmentlərinin zədələnməsi idi. İnsanlar qüsurlu, zədələnmiş zanbağa görə bir evin pulunu ödəyirmişlər. Lakin çoxu çiçəklənməsini görmədiyindən bu elə də böyük önəm daşımırdı. Əsas sahibolma istəyi idi. Və buna ona hər nəyin bahasına olursa-olsun çağırdılar.
Zanbaq soğanı satışı artıq investisiya hədlərindən çıxıb, azart oyunlarına yol açmışdı. Axşamlar kafe, restoranlarda, içki məclislərində insanlar toplanıb qumar oynayır və zanbaqlara qoyulan pullar şiddətli davalara səbəb olurdu. Əlaqələrin pisləşməsi, illərin dostlarının düşmənə çevrilməsi, iflaslar — hamısının səbəbi isə — zanbaq soğanı idi. Niderlandın Qızıl Dövründən gələn bir rəvayətə görə, bir kişi təsadüfən bunu adi soğan bilib yemişdi. Aydındır ki, zanbaq soğanı adi soğan deyil, sağlamlıq üçün təhlükəlidir və ciddi zəhərlənməyə səbəb olur. Öz-özlüyündə bunu yemək ağır cəza idi. Lakin bu yetməzmiş kimi, zanbaq soğanın sahibi bu qiymətli “mülk” ilə belə etinasız davranıb, bunu yeyən işçisini həbs etdirmişdi.
Bütün sferalarda insanlar bu işdən mümkün ola biləcək mənfəət qazanmaq arzusunda idilər. Botanistlər də birbaşa güllərlə məşğul olduqlarından çiçəkləri çalayaraq ən qeyri-adi və nadir növ yaratmaq üçün gecə-gündüz çalışırdılar. Əfsus ki, və ya yaxşı ki, təbiətin qanunlarına qarşı gələ bilmədiklərindən çalaq cəhdləri nəticəsiz qaldı. Belə ki, toxumun çiçəklənməsi üçün minimum 5 il vaxt lazım idi. Çiçəkləri təqdim edib, ajiotaj yaradana qədər süni yaradılmış valyuta olan zanbaq soğanları artıq aktuallığını itirəcəkdi.
Hər artımla qalxan bir gün düşməyə məcburdur
Zanbaqlarla da belə oldu. Həm də çox qısa bir zamanda. 17-ci əsrdə Avropanın bəzi yerlərində vəba xəstəliyi baş qaldırmışdı. Niderlandın Haarlem vilayətindən başlayan vəba zanbaqların çöküşünün ilk məkanı oldu. İnsanlar ölüm ilə üz-üzə gəldikdə və həyatın önəmli olduğunu anladıqda, zanbaqlara olan maraqları qəflətən azalmağa başladı. Qəflət yuxusundan ayılan xalq bir anda bu gülə marağını itirib, canıyla əlləşməyə başlamışdı.
Digər bir versiya isə yaxın keçmişdə qoyduğumuz COVID-19 pandemiyası ilə olduqca oxşardır. İnsanlar zanbaq satışı keçirilən auksionlara getməyi dayandırdılar. İnfeksiyaya yoluxma qorxusu, dolayısı ilə ölüm qorxusu və həyat eşqi yenə də zanbaq eşqini üstələyirdi. 1637-ci ildə cəhalət və manyadan ayılan xalq zanbaq soğanına bu qədər pul ödəməyin absurd olduğunu dərk etdi. Bununla da qiymətlərdə düşüş və ölkə iqtisadiyyatında ciddi çaxnaşma baş verdi. Vəziyyət o yerə gəldi ki, dövlət müdaxilə etməyə məcbur oldu. Hər bir soğan zanbağına görə Niderland dövləti 10% soğan dəyərini sahibkarlara ödəməyə öz boynuna götürdü. Bir göz qırpımında bazar tərs döndü, alverçilər silindi. Niderland iqtisadiyyatının yenidən stabilliyə qayıtmasına isə onilliklər lazım oldu.