1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan, təəssüf ki, bu tarixi nailiyyətin sevinci ilə uzun yaşaya bilmədi. Ölkə daxildən çökürdü: siyasi sabitlik yox idi, rəhbərlik zəif idi, cəbhədə ardıcıl məğlubiyyətlər baş verirdi, torpaqlar əldən gedir, xalq isə ümidini və inamını itirirdi. 1993-cü ilin iyun ayı bəlkə də tariximizin ən təhlükəli dönəmlərindən biri idi. Vətəndaş müharibəsi təhlükəsi qapıda dayanmışdı…Amma məhz bu məqamda Azərbaycan xalqı tarix boyu etdiyi ən doğru seçimi etdi. Xalq özünün sınanmış liderinə – Heydər Əliyevə üz tutdu. O, bu çağırışa biganə qalmadı, xalqını çətin anda tək buraxmadı. İyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin Sədri seçildi. O, həmin gün etdiyi tarixi çıxışında bir liderin deyil, bir ata, bir xilaskarın məsuliyyətini və vədinə sadiqliyini nümayiş etdirdi:
“Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.”
Bu, sadəcə söz deyildi – bu, xalqla verilmiş bir and idi. Heydər Əliyev andına sadiq qaldı. Daxili sabitlik təmin olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, ordu quruculuğu başladı, dövlət təsisatları formalaşdı. Azərbaycan dünya arenasında tanınmağa, öz sözünü deməyə başladı.
O gün Milli Məclisin tribunasından ulu liderin dilindən səslənən sözlər bu gün də dərin rezonansa malikdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Demokratik Respublikanın ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.”
Bu bəyanat xalqla lider arasında çok incə, amma sarsılmaz bir bağ yaratdı. Yalnız söz deyilmədi; o, “mən buradayam, biz birik, bu vədlər yerinə yetiriləcək” çağırışı idi.
Nitqdə vurğulanan başlıca məqamlar:
Müstəqilliyin əbədiliyi: “Azərbaycan bundan sonra müstəqilliyini itirməyəcək, heç bir dövlətin əsarəti altına düşməyəcək.”
Ərazi bütövlüyü və sülh: “Ermənistan tərəfindən işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Müharibə qurtarmalı, sülh bərqərar olmalıdır.”
Demokratik dövlət quruculuğu: “Siyasi plüralizmə geniş yol verilməli, qanun aliliyi təmin edilməli, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır.”
Milli birgə yaşayış: “Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir vətəndaş — milliyyətindən, dinindən və siyasi baxışından asılı olmayaraq — eyni hüquqlara malikdir.”
Xarici siyasət balansı: “Türkiyə, İran, Rusiya və keçmiş SSRİ məkanı ilə əlaqələr müstəqil prinsiplər əsasında qurulmalı, dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər inkişaf etdirilməlidir.”
Başqa sözlə, Ulu Öndər Heydər Əliyev yalnız “təntənəli nitq” söyləmirdi. O, yolları, məqsədləri, prinsipləri göstərən bir xəritə təqdim edirdi. Və bu xəritə uğurla həyata keçirildi. Avqustun 29-da keçirilən referendumda 97.5%, oktyabrın 3-də prezident seçkilərində isə 98.8% səs çoxluğu ilə xalqın dəstəyi alındı. Ölkənin idarəetməsinə dönüş, siyasi stabilliyin bərqərar olması, ordunun yenidən qurulması, sülh prosesinin başlanması… Hər biri o nitqdən doğan addımlar idi.
Bu gün biz, 2025-ci ilin gəncləri, o tarixi andan ilham alırıq. Qəlblərimizdə o nitqin coşğusunu daşıyırıq:“Biz müstəqilliyimizi itirməyəcəyik. Siz qayıdacaqsınız.” Bu çağırış – yalnız yaşanan faciələrdən sonra gələn ümid deyil, eyni zamanda hər birimizin üzərinə düşən məsuliyyəti xatırladır. Gənclər olaraq biz bilməliyik ki, azadlıq sadəcə miras deyil, əmanətdir. Hər gün, hər addım dövlətimizi gücləndirmək, demokratik prinsipləri yaşayışımıza köçürmək, milli həmrəyliyi möhkəmləndirmək uğrunda atılacaq kiçik, böyük addımlardır.
15 İyun – təkcə bir tarix, təkcə bir bayram deyil. Bu, qürur, inam, birlik və əbədilik çağırışıdır. Gəlin, Milli Qurtuluş Gününü hər il deyil, hər gün yaşayaq!
Tarix göstərdi ki, liderlər təkcə dövləti idarə etmirlər, həm də onlar xalqları xilas edirlər. Heydər Əliyevin 1993-cü ildəki qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi. Prezident İlham Əliyev isə bu yolu davam etdirərək xalqına “Biz qayıtdıq!” sözlərini Zəfərlə yaşatdı. Bu gün Qarabağ azaddır, bu gün Azərbaycan bütövdür. Bu, Milli Qurtuluşun nəticəsidir. Biz gənclər bu şərəfli keçmişin davamçılarıyıq – düşüncəmizdə vətən, ürəyimizdə azadlıq, əməlimizdə isə dövlətə sədaqət daşıyırıq. Bilirik ki, bu qayıdış bizə yalnız sabitlik yox, bir məsuliyyət, bir öhdəlik miras qoyub. Biz bu mirasa sahib çıxacaq, Heydər Əliyev ideallarını gələcəyə daşıyacaq nəsillərik. Və biz – həmin idealların davamçılarıyıq.. Bu qayıdış bizim qürur tariximizdir, sabahımızın mayakıdır.
Biz bu gün sərbəst düşünə, danışa, yazıb yarada bilirik. Biz dövlətin imkanlarından istifadə edib təhsil ala, xarici dillər öyrənə, sərhədləri aşan ideyalarla yaşaya bilirik. Amma bu azadlıq, bu inam öz-özünə yaranmadı. Bunlar 15 İyunun bəhrəsidir.
Ümummilli Lider Heydər Əliyev demişdi: “Müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, daim müdafiə etmək hər bir azərbaycanlının, hər bir vətəndaşın borcudur.”
Bu fikir bu gün də bizə yol göstərir. Çünki müstəqillik bir dəfə qazanılsa da, onu qorumaq hər gün yeni zəhmət, yeni düşüncə və milli ruh tələb edir. Və bu gün biz gənclər bilirik ki, bu yolu inamla davam etdirən bir Lider var. Prezident İlham Əliyev atasının siyasi kursunu davam etdirərək, onu yeni zamanın tələbləri ilə zənginləşdirib. Onun rəhbərliyi ilə Azərbaycan regionun liderinə çevrildi, ərazi bütövlüyünü bərpa etdi, Qarabağ azad edildi. Bu sadəcə qələbə deyil – bu, tarixə verilmiş cavabdır. Bizim vəzifəmiz isə bu tarixə sahib çıxmaqdır. Gənc qələm sahibləri kimi biz yazmalıyıq, danışmalıyıq, susmamalıyıq. Vətəni sevmək təkcə döyüş meydanında deyil, fikirdə, sözdə, əqidədə də olur.
15 İyun – Milli Qurtuluş Günü bir təqvimdən daha artıqdır. Bu gün bir xalqın ayağa qalxdığı, gələcəyinə sahib çıxdığı gündür. Lider doğru olsa, millət qurtula bilər. Və bu gün bizə bir anddır – bu yola sahib çıxmalıyıq. Çünki biz, müstəqilliyin mirasını daşıyan gənclər, susa bilmərik. Biz bu yurdun gələcəyini həm yazırıq, həm yaşayırıq. Və inanıram: “Əgər bir xalqın gəncliyi milli ruhla, vətən sevgisi ilə yoğrulubsa, o xalq heç vaxt məğlub olmaz.”
Milli Qurtuluş Günümüz mübarək!
Məryəm Bağırova
ADU-nun 2-ci kurs tələbəsi