Nəşr edilmişdir 11/27/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

110 illik tarixi olan Təzəpir məscidinin təməlini kim qoyub?

Təzəpir

“Madam ki, belə səxavətlisən, get, sən özün bir məscid tikdir”

Bakının incilərindən biri mövcud olduğu bütün dönəmlərdə dini, elmi, ictimai-siyasi mərkəz rolunu oynayan Təzəpir məscididir.

Təkcə Azərbaycanın, Qafqazın deyil, bütün İslam aləminin müqəddəs ziyarətgahlarından, memarlıq abidlələrindən sayılan Təzəpirin müqəddəsliyi övliya Əbu Seyid Abdullanın adı ilə bağlıdır. Yaxın və Orta Şərqdə kəraməti, düşüncələri məşhur olan, xəlvətiyyə təriqətinin banisi Seyid Yəhya Bakuvinin müridi kimi şöhrət tapan Əbu Səid Abdullanın dəfn olunduğu məkan – Xəlfədam yüzillər boyu ziyarətgah olub. Bakı əsilzadələri daima Xəlfədamın, onun zinəti olan Əbu Səid Abdullanın məzarının qayğısına qalıb. Bu məkan Bakı xanı Hüseynqulu xanın və ailə üzvlərinin də Tanrıya əl açdıqları ünvan olub. 1917-ci ildə Hüseynqulu xan və kürəkəni Qasım bəy tərəfindən bərpa edilən Xəlfədam məscidi 90 il sonra Şərqin, türk dünyasının, islam mədəniyyətini çevrələyən ölkələrin, Odlar Yurdu Azərbaycanın, ən əsası Bakının məşhur milyonçusu, mesantı, ata tərəfdən əfşarlar soyuna, Nadir şah Əfşara, ana tərəfdən Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı olan Nabat xanım Xoca bəy qızı Aşurbəyova tərəfindən Təzəpir adında məscid kompleksə çevrilib.

Nabat xanım milli vətənpərvər bir ailədə böyümüş, belə bir ailəyə də gəlin getmişdi. Bakı milyonçularından olan Hacı Musa Rza Rzayevin ömür-gün yoldaşı idi.

Bakının bir çox tarixi tikililəri, yaşayış binaları, ovdan və hamamları, məscidləri məhz bu iki əsilzadə soyunun, zadəganların adı ilə bağlıdır. Hacı Zeynalabdin Tağıyev, Şəsmi Əsədullayev, Murtuza Muxtarov kimi nüfuzlu Bakı mesantları ilə yanaşı, Aşurbəyovlar da onun mədəni simasının, mənəvi mühitinin formalaşmasına sərmayə yatırır, xeyriyyə cəmiyyətləri qurur, mədəni-maarif məsələlərinə töhfələr verir, millətin cəhalətdən qurtuluşu, tərəqqisi üçün əllərindən gələni əsirgəmir, digər millətlərin elmi-mədəni elitasının qarşısına əldə etdikləri nailiyyətlərlə çıxırdılar.

Nabat xanım Xəlfədan məscidinin yerində daha möhtəşəm bir abidəni tikdirmək istəyəndə Bakının hər tərəfindən əzəməti ilə görünən Aleksandr Nevski kilsəsi var idi. Bu bir türk, müsəlman olaraq onun qüruruna toxunurdu. Bu səbəbdən də Təzəpir məscidinin təməlini qoymağı qərara alır. Bu yolda bütün sərvətini sərmayə etməklə kifayətlənmir, zinət əşyalarını belə satmaqdan çəkinmir. Hacı Zeynalabdin Tağıyevin, qardaşı Əjdər bəy Aşurbəyovun yardım təklifindən imtina edir. Qardaşı Əjdər bəyə üz tutaraq: “Madam ki, belə səxavətlisən, get, sən özün bir məscid tikdir” – deyib, ona doğru, düz olan yolu göstərir. Bu gün Bakının bir başqa memarlıq incisi sayılan Əjdər bəy məscidinin təməli belə qoyulur.

Nabat xanım dövrünün məşhur memarı Zivər bəy Əhmədbəyovu məscid komplekslərin incəliyini öyrənmək məqsədilə Şərq ölkələrinə ezam edir. Bunun üçün də kifayət qədər sərmayə ayırır. Zivər bəy bu gün əvəzsiz memarlıq incisi, İslam dəyərlərini özündə ehtiva edən tarixi abidə kimi dünyada məşhur olan Təzəpirin layihəsi ilə dönür. Zivər bəy Nabat xanıma onun xəyal etdiyi, arzusunda olduğu hündür, ikimərtəbəli (yaruslu) minarəsi olan məscidin layihəsini təqdim edir, lakin Bakı qubernator idarəsi provaslav ruhanilərinin fətvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir. Əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) yaxınlıqda tikilmiş Aleksandr Nevski provaslav kilsəsini kölgədə qoyardı.

Bütün təzyiqlərə, Bakı qubernatorluğunun çıxardığı qərara baxmayaraq, tikintiyə başlanılır. Hacı Zeynalabdin Tağıyev onun təməlini qoyur. 9 ilə tikintisi başa çatan Təzəpirin künbəzinə də son daşı onun vəsiyyəti, oğlu Hacı Abbasqulu Rzayevin istəyi ilə Tağıyev qoyur.

1914-cü ildə Təzəpir məscidində açılış olur – ilk Bayram namazı qılınır. Nabat xanım artıq iki il idi ki, Tanrı dərgahında idi. 117 yaşında mələklərin sırasına qoşulmuşdu. Onun vəsiyyətinə uyğun olaraq Bakı Qazılar Şurası Təzəpir məscidinə Nəcəfdə, Kufədə dini təhsil alıb Vətənə dönən sonralar Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı kimi şöhrət tapan Ağa Əlizadə təyin olunmuşdu. İlk xütbəni də o vermişdi.

Məscid qısa zaman kəsiyində dini, elmi, ictimai-siyasi mərkəzə çevrilmişdi. Bakı messenatlarının, xüsusən də Hacı Zeynalabdin Tağıyevin diqtəsi, Ağa Əlizadənin iradəsi ilə burada Səadət Ruhani Məktəbinin təsis konfransı keçirilmiş, Qafqaz Müsəlmanları Qadınlarının qurultayı çağırılmışdı. Qadına seçmək, seçilmək hüququnun verilməsi, qadınların təhsilə cəlb olunması məsələsi qaldırılmışdı. Ən əsası 1914-cü ildə Rusiya-Türkiyə müharibəsi zamanı Bakı Quberniyasının qərarına, qubernatorun göstərişinə baxmayaraq, Təzəpirin axundu Ağa Əlizadə, Bakı milyonçularının, şəxsən Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə Osmanlı əleyhinə fətva verməkdən imtina etmiş, Bakı əhlinə üz tutaraq onları Osmanlıya, Çanaqqala və Sarıqamış hadisələri zamanı dəhşətlərə məruz qalan qan qardaşlarına ianə toplamağa çağırmışdı. O ianələrin içərisində Bakılı qızların nişan üzükləri belə vardı.

1918-ci ilin Mart soyqırımı zamanı Xəzər dənizindən atılan ilk bombanın ünvanı da Təzəpir olmuşdu. Bakının düşünən beyinləri daşnaklara qarşı mübarizə planını Hacı Zeynalabdin Tağıyevin və Ağa Əlizadənin rəhbərliyi ilə burada müzakirə edirdilər. Soyqırım günü və öncəki gecə şəhər əhli Təzəpirə sığınmışdı. Erməni daşnakları, onların arxasında dayanan səlibçilər, xaçlı yürüşə çıxanlar əhalini də, Tanrı evini də güllə-baran etməkdən çəkinməmişdi.

1918-ci ilin sentyabrında Nuri Paşanın, XI Qafqaz İslam Ordusunun gəlişi, Bakı Qoçularının iradəsi ilə işğaldan azad olunan Bakının gözaydınlığı xəbəri bakılılara Təzəpirdən verildi.

Təzəpir tarix, həm də tarixin canlı salnaməsidir. Bakı əsilzadələrinin, Bakı xanı Hüseynqulu xandan, Nabat xanım Aşurbəyovadan sonra Təzəpir məscidi haqqında tarixi qərarı Müzəffər Ali Baş Komadan, Prezident cənab İlham Əliyev aldı. Təzəpiri Bakının Memarlıq incisinə, Qafqaz və İslam mədəniyyətini çevrələyən ölkələrin elmi, dini, ictimai-siyasi mərkəzinə çevirdi. Bununla kifayətlənmədi. Təzəpirin ünvanında Nabat xanım Aşurbəyovanın adını əbədiləşdirdi.

Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin baş ofisi Təzəpirdə yerləşir.

Şərəf Cəlilli

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən