Hər il 1 iyun tarixində dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Baki-baku.az xatırladır ki, bu günün əsas məqsədi uşaqların hüquqlarını qorumaq, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyümələrini təmin etməkdir. 1950-ci ildən etibarən rəsmi olaraq qeyd edilən bu gün, uşaq hüquqlarının beynəlxalq səviyyədə tanınmasının və müdafiəsinin vacibliyini önə çəkir.
Azərbaycan da bu mühüm gündə uşaqların müdafiəsini və rifahını diqqət mərkəzində saxlayır. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikri bu sahədə dövlət siyasətinin əsasını təşkil edir. Respublikamızda uşaqların təhsili, sağlamlığı və hüquqlarının qorunması üçün bir çox proqram və layihələr həyata keçirilir.
Azərbaycan uşaqları da bu gündə müxtəlif tədbirlər, bayram şənlikləri, sərgilər və müsabiqələrlə sevindirilir. Məktəblərdə və mədəniyyət ocaqlarında uşaqlara yönəlik maarifləndirici və əyləncəli proqramlar təşkil olunur. Bu, uşaqlara yalnız əyləncə yox, həm də öz hüquqları barədə məlumat almaq imkanı verir.
1 İyun təkcə bir bayram deyil, həm də bir məsuliyyət günüdür – böyüklərin uşaqlara qarşı olan borcunu, onları qorumaq, sevmək və gələcək üçün hazırlamaq vəzifəsini bir daha xatırladır.
Xanım Aydın