Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/01/2025

Paylaşın

GÜNDƏM

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, Əlifba, Azərbaycan Dili

Hər il avqustun 1-də ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib və latın qrafikalı əlifbaya keçidin rəsmi şəkildə başa çatması ilə əlaqələndirilir. Həmin qərar, müstəqil Azərbaycanın dil siyasətində dönüş nöqtəsi oldu.

Azərbaycan dilinin qorunması və inkişafı sahəsində Ulu Öndərin xidmətləri əvəzsizdir. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması onun prinsipial mövqeyi nəticəsində mümkün olub. Bu, dilimizin rəsmi statusunun və gələcək inkişafının əsasını qoydu.

Müstəqillik dövründə də ana dilimizin mövqeyinin möhkəmləndirilməsi davam etdirildi. Heydər Əliyevin imzaladığı mühüm fərmanlar dilin dövlət idarəçiliyində, təhsildə və informasiya sahəsində tətbiqini gücləndirdi.

Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sərəncamları və dövlət proqramları nəticəsində Azərbaycan dili həm çap mediasında, həm təhsil sistemində, həm də elektron mühitdə geniş tətbiq sahəsi qazanıb. Xüsusilə, qloballaşma dövründə dilin saflığının qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Son illərdə türkdilli ölkələr arasında ortaq əlifba təşəbbüsləri də diqqət mərkəzindədir. 2024-cü ildə Bakıda keçirilən “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın toplantısında 34 hərfdən ibarət ortaq türk əlifbası layihəsi üzərində razılıq əldə olunması, bu istiqamətdə atılan mühüm addımlardandır.

Azərbaycan dili – təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin, mədəni yaddaşımızın və mənəvi varlığımızın təməlidir. Onun qorunması və inkişafı hər bir vətəndaşın vəzifəsi və fəxridir.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.