Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/01/2026

Paylaşın

GÜNDƏM

1 Aprel – Gülüşün, zarafatın və pozitiv enerjinin günü

IMG-20260401-WA0000

Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və zarafat günü kimi qeyd olunur. Bu gün insanlar bir-birinə xoş niyyətlə zarafat edir, kiçik “oyunlar” qurur və gündəlik həyatın monotonluğuna rəng qatırlar. Əsas məqsəd isə kimisə incitmək deyil, əksinə, gülüş doğurmaq və insanların əhvalını yüksəltməkdir.

Bu maraqlı ənənənin yaranması ilə bağlı tarixdə müxtəlif versiyalar mövcuddur. Ən geniş yayılmış fikirlərdən biri bizi təxminən 2000 il əvvələ – qədim Romaya aparır. Həmin dövrdə “ağılsızların günü” adlanan şənliklər keçirilirdi. Rəvayətə görə, saray qulluqçularından biri imperator Konstantinə zarafatla bildirir ki, gülüşün dövlətə faydası onun özündən daha çoxdur. Bu fikirdən xoşlanan imperator isə ilin bir gününü zarafatlara həsr etməyə qərar verir. Həmin gün Romanın idarəsi belə zarafatcıl bir şəxsə tapşırılır, insanlar isə sərbəst şəkildə gülür və əylənirdilər.

Digər məşhur versiya isə 1582-ci ildə tətbiq olunan Qriqoryan təqvimi ilə əlaqələndirilir. O vaxta qədər yeni il martın 25-dən başlayıb aprelin 1-də başa çatırdı. Təqvim dəyişdikdən sonra yeni ilin vaxtı dəyişsə də, bəzi insanlar köhnə ənənəyə sadiq qalaraq onu yenə aprelin əvvəlində qeyd edirdilər.

Nəticədə bu insanlar zarafat hədəfinə çevrilir, beləliklə də “aprel zarafatları” ənənəsi formalaşırdı.
Fransada isə bir zamanlar yeni il məhz aprelin 1-də qeyd olunurdu. İnsanlar bir-birinə hədiyyə verir, xüsusilə təzə balıq göndərirdilər. XVI əsrdən etibarən yeni ilin qeyd olunma tarixi dəyişdirilsə də, “Aprel balığı günü” unudulmadı və zamanla gülüş gününə çevrildi.

Qədim dövrlərdə bəzi ölkələrdə aprelin 1-i “itaətsizlik bayramı” kimi də tanınırdı. Bu gün insanlar qaydalardan kənara çıxır, hökmdarları belə lağa qoya bilir, maskalar taxaraq sərbəst davranırdılar. “Səfehlər kralı” və ya “Zarafatlar kralı” seçilir, lətifələr danışılır və ümumi bir şənlik ab-havası yaranırdı. Bu, insanların daxili gərginliyini azaltmaq üçün bir növ sosial rahatlama vasitəsi idi.

Başqa bir versiyaya görə isə bu gün Pasxa öncəsi dövr və yazın gəlişi ilə əlaqələndirilir. Yaz bərabərliyi zamanı insanlar yeni başlanğıcları şən zarafatlarla qeyd edir, bir-birinə qeyri-adi hədiyyələr verirdilər. Zarafat hədəfinə çevrilənlər isə “aprel axmaqları” adlandırılırdı.

Rusiyada gülüş gününün yayılması I Pyotrun dövrünə təsadüf edir. Rəvayətə görə, aprelin 1-də səhər saatlarında Sankt-Peterburqda yanğın siqnalı çalınır. Şəhər əhalisi təşvişə düşsə də, sonradan bunun sadəcə zarafat olduğu məlum olur. Bu hadisə isə gülüş gününün daha da məşhurlaşmasına səbəb olur.

Zaman keçdikcə 1 Aprel ənənəsi Avropadan Asiyaya, oradan isə bütün dünyaya yayılıb.

Azərbaycan da bu ənənəni qəbul edən ölkələr sırasındadır. Bu gün insanlar həm aldatmağa, həm də aldanmamağa çalışır, amma yenə də zarafatların “qurbanları” tapılır.

Maraqlıdır ki, müasir dövrdə bu ənənə təkcə insanlar arasında deyil, mətbuat və media orqanlarında da yaşadılır. Xüsusilə xarici KİV-lər aprelin 1-də zarafat xarakterli xəbərlər yayır, bəzən bu xəbərlər ciddi qəbul edilərək müxtəlif reaksiyalara səbəb olur.

Sonda isə bir məqamı unutmaq olmaz: gülüş gününün mahiyyəti mehribanlıq və pozitivlikdir. Yaxşı zarafat insanları birləşdirir, münasibətləri istiləşdirir və yadda qalan xoş anlar yaradır. Ona görə də 1 Apreldə zarafat edərkən həddi qorumaq, qarşı tərəfin hisslərini nəzərə almaq vacibdir. Çünki ən gözəl gülüş hamını sevindirən gülüşdür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün mövcud olan akademik Cəmil Əliyev Məktəbi onlardan biri, özü də daha mükəmməlidir.

TARIXI ŞƏXSİYYƏTLƏR

Bu gün mövcud olan akademik Cəmil Əliyev Məktəbi onlardan biri, özü də daha mükəmməlidir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin