Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/26/2025

Paylaşın

TARİXİMİZ

Zəngəzurdan Zəngəzur Dəhlizinə

Vatikan, Drezden, Tiflis və Peterburq arxivlərində, Viktoriya, Luvr və Albert muzeylərində qorunan rəsmi sənədlər və xəritələr Zəngəzurun Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut edir

Yola salmağa hazırlaşdığımız ilin ən mühüm hadisələrindən biri müharibənin qalibi, sülhün memarı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vaşinqton səfəri, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” sənədinə imza atması, erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na elan edilən 907-ci düzəlişin ləğvinə nail olması, “Zəngəzur Dəhlizini Turanın, Türk dünyasının, Asiya ilə Avropanın körpüsünə, İpək Yolunun aynasına çevirməsi ilə bağlı idi.

Anadoluya, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana bölünən Odlar Yurdu Azərbaycanın köksündə, həm də Zəngəzur ağrısı, acısı var. İrəvani imzası, künyəsi ilə qələm çalan, təbib filosofların, din xadimlərinin, memar, rəssam və alimlərin, ustad sənətkarların, azman aşıqların, ağır taxtalı dədələrin, üzü sulu nənələrin, Kərbəlayi İsmayıl, Abbasqulu bəy Şadlinski, Məşədi Ələsgər kimi ağaların, bəylərin, Laçınlı Sultan bəy, Xosrov bəy Sultanov kimi sərkərdələrin, Qaçaq Nəbi kimi haqq aşiqlərinin diyarı olan Zəngəzur Azərbaycanın qərbində, Araz çayının şimalında yerləşir. “Ərazisi Azərbaycanın torpaqları üzərində qurulan Ermənistanın-Sünik vilayətinə uyğun gələn” Zəngəzur tarixi mənbələrdə təkcə bir coğrafi məkan deyil, həm də, türk-islam mədəniyyətinin beşiyi kimi qeyd olunur. Burada  İrəvan qalası, Sərdərabad qalası, Zal xan, Hüseynəli xan, Təpəbaşı, Hacı Novruzəli bəy, Məhəmməd Sərtib xan, Dəmirbulaq, Rəcəb paşa, Hacı Cəfər bəy, Əkrək, Bicni məscidləri, Pir Hüseyn Əmir, Divin türbəsi, türk-müsəlman türbələri, Səlcuqlu, Osmanlı dövrünə aid türbələr, İrəvan dəlmə bağı, İrəvan şəhər meydanı, İrəvan xan Sarayı, Sərdar Sarayı, sayı hesabı bilinməyən karvansaralar, Ağyar körpüsü, Qırmızı körpü, Göy məscid, Qubadlı, Laçın, Mehri, Sisiyan, Gorus kimi əski türk – Azərbaycan yaşayış məskənləri, qalaları yerləşib. “Zəngi” və “zur” etnonimindən əmələ gələn , “Dağlar arası möhkəm diyar” mənasını ifadə edən, Zəngəzur Qarabağ və Naxçıvanla eyni statusa malik olmaqla yanaşı, həm də, eyni düşüncənin, dinin və mədəniyyətin daşıyıcısı olub.

Çar Rusiyası Güney Qafqazı işğal etdikdən sonra, Zəngəzur da İmperiyanın tərkibinə daxil edilib

Yüz illər boyu Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Səfəvilər, Əfşarlar, Qacarlar İmperiyası uğrunda gedən savaşlar Zəngəzurdan yan keçməyib. I Pyotrun “Qafqazı parçala, hökm sür, Xəzər hövzəsini ələ keçir, İstanbulu fəth et!” təlimatı ilə hərəkət edən Çar Rusiyasının işğal siyasətində Zəngəzur strateji əhəmiyyəti ilə fərqlənib. Bu dəhşətli siyasət Rusiya-Türkiyə müharibələrində öz dərin, eyni zaman kədərli izini buraxıb.

XIX yüzilin əvvəllərində Çar Rusiyası Güney Qafqazı işğal etdikdən sonra, Zəngəzur da İmperiyanın tərkibinə daxil edilib. 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti zamanı erməni daşnaklarının, Andranikin, Ozanyanın silahlı dəstələrinin təcavüzünə məruz qalan Zəngəzurda tökülən qanların misli-bərabəri olmayıb. Cümhuriyyətin Əlahiddə Korpusunun komandanı general Əliağa Şıxlınskinin, ilk Hərbi nazir, həm də Qarabağın Qubernatoru Xosrov bəy Sultanovun, Cümhuriyyət Bakıya köçdükdən sonra nazirliyə rəhbərlik edən general Səməd bəy Mehmandarovun iradəsi ilə qurulan, Milli Ordu birləşmələrinin, XI Qafqaz İslam Ordusunun, IX İslam Ordusunun komandanı Nuru Paşanın, Kazım Qarabəkir Paşanın, Xəlil Paşa Menteşenin, Xəlil Paşa Killigilin, Naxçıvan Milli Şurasının və Naxçıvan Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirovun diqtəsi, iradəsi ilə Borçalı, Lənkəran, Quba, Gəncə, Göyçay, Şamaxı, Salyan, Qarabağ, Naxçıvan, İrəvan, Bakı kimi Zəngəzur da erməni daşnaklarından təmizlənib.

On minlərlə insan didərginə çevrildi

Bu dəhşətli, qanlı savaşlarda yüzlərlə Azərbaycan kəndi oda qalandı, on minlərlə türkün başı sadəcə  türk-müsəlman olduğuna görə kəsildi. Qız-gəlinlərə, qocalara, körpələrə aman verməyən daşnaklar təkcə qanı su yerinə axıtmadılar, qan içməkdən çəkinmədilər. Zəngəzurun dəhşətləri bununla bitmədi. On minlərlə insan didərginə çevrildi. Bölgə etnik təmizlənməyə məruz qaldı. Dəhşətli qırğınlar, soyqırımlar zamanı Zəngəzurun əhalisi tarixi torpaqlarını, qədim yaşayış məskənlərini tərk edərək Qarabağ, Naxçıvan və Şərur istiqamətinə köç etdi.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizdə kədərli məqamlar çoxdur. “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” ilhaqq müqavilələri ilə təməli qoyulan dəhşətlər, paralanan, yaralanan, taleyin sərt üzündən özü-öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qalan Azərbaycan yaratdı.

  1. ci ildə Cümhuriyyətin Qızıl Ordunun “Qırmızı terroru”na, Bolşevik Rusiyasının təcavüzünə məruz qalması ilə Zəngəzurun kədər səlnaməsinə ağrılı bir səhifə də əlavə olundu.

Qafqaz Seyminin dağılması ilə imtiyaz əldə edən, Azərbaycanın tarixi torpaqlarında dövlət qurmağa nail olan erməni daşnakları Lenin, Orcanikidze və Kirovdan aldıqları dəstəklə Rus  İmperiyasının, I Pyotrun yarımçıq arzularından birini gerçəyə çevirdilər. Şura Hökumətinin gəlişi ilə yenidən gündəmə gələn Zəngəzur məsələsi Leninin və Stalinin diqtəsi ilə həllini tapdı. Zəngəzurun böyük bir hissəsi Ermənistan SSR-nin tərkibinə verildi. Yalnız Şərqdəki kiçik bir hissə: Qubadlı və Laçın Azərbaycanın tərkib hissəsi kimi qəbul edildi. Bu qərarla Azərbaycanın tarixi torpaqları faktiki olaraq iki hissəyə bölündü: Şərqi və Qərbi Zəngəzura!

Zəngəzurun erməni daşnaklarının əlinə keçməsi tarıma çəkilən ruhun harayı, nisgili idi

Naxçıvanla arada olan quru torpaq əlaqəsi kəsildi.  Alınan bu qərar, daha doğrusu Lenin və Stalinin məkrli niyyəti, Kirov və Orcanikidze kimi ermənipərəst bolşevik siyasətçilərinin təməlini qoyduğu bu xəbis siyasət bu günə qədər davam edən, sonrakı illərdə faicəyə çevrilən Naxçıvan nisgilinin, onun iqtisadi blokadasının təməlini qoydu. Bununla Azərbaycan təkcə Zəngəzuru itirmədi, Nərimanovun Şərqin, Atatürkün Türkün qapısı, Ulu Öndərin Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etdiyi Naxçıvanın ağır günləri başladı.

Tarixi abidələri, qədim yaşayış məskənləri, kurqunlar, sənduqələri, körpüləri, kəhriz, ovdan və hamamları, oronim, oykonim, toponimləri bir aləm, əski dəyər, qüdrətli və əzəmətli bir dünya olan Zəngəzurun erməni daşnaklarının əlinə keçməsi ilə yerləbir edilən, dağıdılan, talan olunan yaddaşı əslində türk tarixi, islam mədəniyyəti olmaqla yanaşı tarıma çəkilən ruhun həyəcanı, harayı, nisgili idi. Tarixi mənbələrdə sübut edir ki, Zəngəzur təkcə yüzlərlə abidələrə, türbələrə, qalalara, kurqanlara ev sahibliyi etməyib. Bu torpaqlarda sənət, mədəniyyət yaranıb. Qolunun davamını qılıncda görən türklər fətih dastanını ruhunun davamı sazda görüb. Mehri məscidi, Sisiyan karvansarası, Gorus qalası, Dəhnə türbəsi, Güləbört kurqanları, Cicim ocağı, Comardlı qalası XX yüzilin əvvəlindən başlayan, sonunadək davam edən daşnak siyasəti nəticəsində yer üzündən silinib. Mənsub olduğu millətin qüdrətinin, əzəmətinin bəlgəsi olan abidələr təkcə Zəngəzurun-İki dağ arası qüdrətli yurdun deyil, həm də Altaylardan Anadoluya, Türküstandan İraq-türkmən ellərinə, Sibir çöllərindən Odlar Yurdu Azərbaycana mədəniyyət daşıyan, səsi “Oğuznamələr”dən, “Orxon-Yenisey” abidəsindən, “Kitabi-Dədə Qorqud” dastanından, “Manas”dan, “Alpamış”dan, “Kablandı Batır”dan gələn ulu azman türkün yaddaş yeri idi.

Bolşevik Rusiyası Zəngəzurla bağlı ən dəhşətli qərarı ötən əsrin 40-cı illərində aldı

Bütün bu dəhşətlərə baxmayaraq qeyd edə bilərik ki, bu gün dünyanın  muzeylərində, arxiv və kitabxanalarında qorunan rəsmi sənədlər, xəritələr Təbriz, Dərbənd, Borçalı, İrəvan, Naxçıvan, Qarabağ kimi Zəngəzurun da Odlar Yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut edir. Vatikanda, Drezdendə, Nuri Osmaniyədə, Misir kitabxanasında, Viktoriya və Albert muzeyində, Luvrda, Ermitajda, Tiflis və Peterburq Dövlət arxivlərində qorunan sənədlər Zəngəzurun təkcə tarixi sakininlərinin, sahiblərinin ünvanını göstərmir, min illərdir onu kərpic-kərpic hörüb quran millətin, məmləkətin əzəmətini, Vətən sevgisini dünyaya nümayiş etdirir. Bunun üzərinə Avropanın, Rusyanın,Osmanlının,məhşur səyyahları Marko Polo, Klavixo, Kafarino, Zeno,İosif Varbaro, Anton Cenkenson, Aleksandr Düma, Silberger, Engelbert Klinpoer, Adam Oleari, Övliya Çələbi kimi məhşur səyyahların, Qafqazın tarixi, mədəniyyəti,tarixi şəxsiyyətləri, milli etnodil prosesləri ilə bağlı səyahətnamələr, kitablar qeydə alan tarixçilərin, rəssam və səyyahların əsərlərini gəlsək mənzərə bir qədərdə həm zənginləşir həm də  dərinləşir.

Zəngəzurun tarixi taleyini həll edən, onu kimsəzilərin diyarına çevirən, boş qalan yurd yerinin harayına körpü olan Bolşevik Rusyası onunla bağlı ən dəhşətli qərarı məhz ötən əsrin 40-cı illərində aldı. İkinci Dünya Müharibəsində əldə etdiyi nəaliyyətlərdə türk-müsəlmanların, Azərbaycanın, Azərbaycan neftinin haqq-sayını unudan Şura Hökuməti, Stalin-Mikayan-Beriya üçlüyü Qərbi Azərbaycan, Zəngəzurla bağlı ən dəhşətli addımlarından birini atdı. 1948-1953-cü illərdə on minlərlə azərbaycanlı tarixi torpaqlarından deportasiya edilərək Azərbaycanın Kür-Araz ovalığına, Naxçıvana, dağ şəraitindən isti aran bölgəsinə köçürüldü, daha doğrusu sürgün edildi. Əvəzində isə daha dəhşətli siyasət yürüdüldü. Onların tarixi torpaqlarına, qədim yaşayış məskənlərində ermənilər məskunlaşdırıldı. Bu köçürülmə siyasəti nəticəsində Zəngəzurun demoqrafik durumu erməni daşnaqlarının və onların himayədarı Bolşevik Rusiyasının xeyrinə dəyişdi, istədiyi şəkil aldı. Qacarlar və Osmanlı imperiyalarıilə Sovet İttifaqı arasında eyni soya, boya məxsus olan, eyni dili, dini və mədəniyyəti paylaşan türksoylu xalqların sayı yox dərəcəsinə endirildi. Demoqrafik düzənin pozulması siyasi üstünlüyün erməni daşnaqlarının əlinə keçməsi, bu torpaqların tarixi sahiblərindən və sakinlərindən təmizlənməsi demək idi. 

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşurutu” layihəsinə imza atması tarixi ədalətin bərpası istiqamətində atılan mühüm addım idi

44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Güney Qafqazın mizanını, düzənini “Qarabağ Azərbaycandır!” nidası ilə dəyişən Odlar Yurdu Azərbaycan Ali Baş Komandan Prezident İlham Əliyevin, Qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə sübut etdi ki, burada, İpək Yolu boyunda qüdrətli bir xalq, dövlət var! O iradənin gücü, xarakterin əyilməzliyi ilə 44 günlük Vətən Müharibəsində ədaləti bərpa etdiyi kimi, zor gücünə, imperiyanın iradəsi ilə əlindən alınan digər tarixi torpaqlara da, dönüş edə bilər. “Əgər Şərqi Zəngəzur varsa,  Qərbi Zəngəzur, Qərbi Azərbaycan, İrəvan, Göyçə də var!  O torpaqlarda bizim əcdadlarımızın ruhu dolanır. Biz o torpaqlara qayıdacağıq! Silah gücü ilə, müharibə yolu ilə deyil, dinc yolla qayıdacağıq!” nidası ilə tarix yaradan, mənsub olduğu millətə, məmləkətə eyni zamanda dünyaya həqiqətin ünvanını göstərən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev “Zəngəzur Dəhlizi” layihəsini gündəmə gətirməklə qarşıda duran məqsədin konturlarını müəyyən etdi. Məhz bu səbəbdən də, tarixi gerçəkliyi perspektiv siyasəti, gerçəkliyi dərk edən hər bir analitik qəbul edir ki, “ Zəngəzur dəhlizi” ideyası təkcə bir nəqliyyat layihəsi deyil, bu tarixi ədalətin rəmzidir. Bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini yenidən birləşdirən müqəddəs məkan olmaqla yanaşı, həm də, Doğudan Batıya uzanan Böyük İpək Yolu layihəsinin bərpası, Turanın, türk dünyasının əski yaddaş yerindən dirçəlişi, Asiyadan Avropaya, Türküstandan Çin səddinə, Malazgirtdən Bizansa, Altaylardan Sibir çöllərindən Anadoluya, Osmanlıdan Şimali Qafqaza, Odlar Yurdu Azərbaycandan Hindistana fətih dastanı yazan millətin əzəmətinin göstəricisi, Ərkənəqondan doğan Günəşin – Bozqurt şöləsinin qırgəzləri nura qərq etməsi, “Savalanda Yatan İgid”in oyanıb bölünən Vətənin Birlik, Bütövlük nəğməsini çağırması, Qurtuluş dastanını yenidən yazması deməkdi.

44 günlük Vətən Müharibəsindən sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müharibənin qalibi, sülhün memarı kimi tarix yaradaraq avqustun 8-də Vaşinqton sammiti zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinə imza atması tarixi ədalətin bərpası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri olmaqla yanaşı, imperiyaların diktəsi, iradəsi ilə bölünən, sinəsinə “Gülüstan”, “Türkmənçay” dağı çəkilən Vətənin bütövlüyünə, eyni zamanda Zəngəzurda, Naxçıvanda yaranan “İgid sərkərdə olsa, gedərmi ordu bada?” inamının ifadəsi, işığın qaranlıq, xeyrin şər, mərdin namərd üzərində qələbəsinin təntənəsi idi.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı küçələrinin adlarını daşıyanlardan biri də yazıçı, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi Mahmudov Sabit Kərim oğludur (Sabit
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin