Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

TARİX

“Zənbur” jurnalı və Azərbaycan satirik mətbuatında onun rolu

WhatsApp Image 2026-03-13 at 10.38.21 (2)

XX əsrin əvvəlləri Azərbaycan mətbuatının və ictimai fikrinin inkişafında xüsusi mərhələ təşkil edir. Bu dövrdə satirik mətbuatın formalaşması və geniş yayılması cəmiyyətin sosial problemlərinin, cəhalətin və geriliyin tənqidində mühüm rol oynayıb. Bu sahədə ən böyük təsir göstərən nəşrlərdən biri olan “Molla Nəsrəddin” jurnalı ənənəsini davam etdirən mətbu orqanlardan biri də “Zənbur” jurnalı idi. Bu gün ilk çapından 117 il keçir.

“Zənbur” (ərəb dilində “arı” mənasını verir) 1909–1910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi-ictimai satirik jurnal olub. Jurnalın ilk nömrəsi bu gün – 13 mart 1909-cu ildə işıq üzü görüb. Nəşrin sahibi və naşiri həkim, yazıçı və ictimai xadim Mirzə Əbdülxalıq Axundov idi. İlk nömrələrdə məsul redaktor vəzifəsini Rza bəy Səlimxanov yerinə yetirib, sonralar isə redaktorluq Əzim Əzimzadə və Murtuza bəy Pələvəndov kimi ziyalıların fəaliyyətində davam edib. 1910-cu ildən etibarən jurnalın baş mühərriri vəzifəsini satirik yazıları ilə tanınan Əliabbas Müznib icra edib. Ümumilikdə jurnalın 70 nömrəsi nəşr olunub.

Jurnalın ideyası və proqramı

“Zənbur” jurnalının ilk nömrəsində dərc olunan “Aydınlıq” adlı baş məqalə onun məqsəd və məramını açıq şəkildə ifadə edirdi. Məqalədə jurnalın cəmiyyətin eybəcərliklərini, xüsusilə də müftəxorları, rüşvətxorları və sosial ədalətsizliyi tənqid edəcəyinə işarə edilirdi. Bu məqalədə “arı” metaforası ilə satiranın cəmiyyətə “sancaraq” onu oyatmaq niyyəti ifadə olunurdu.

Jurnalın bu yanaşması onu dövrün satirik mətbuat ənənəsi ilə birləşdirirdi. “Zənbur” da öz sələfi olan “Molla Nəsrəddin” jurnalı kimi cəhalətə, mövhumata, savadsızlığa və ictimai ədalətsizliyə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuşdu. Bu baxımdan jurnal dövrün ictimai fikrində satirik sözün təsir gücünü artıran mətbuat orqanlarından biri kimi çıxış edib.

“Zənbur” və satirik yaradıcılığın inkişafı

“Zənbur” jurnalının ətrafına müxtəlif dünyagörüşlü ziyalılar və yazıçılar toplaşıb. Bu nəşr bir çox qələm sahiblərinin satirik yaradıcılıq meydanına çıxmasına şərait yaradıb. Məsələn, jurnalın səhifələrində Əliabbas Müznib ilk satirik yazıları ilə diqqət çəkib və sonradan nəşrin baş redaktoru olub.

Jurnalın inkişafında görkəmli rəssam Əzim Əzimzadənin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. O, jurnalın həm redaktoru, həm də əsas karikatura ustalarından biri idi. Əzimzadənin rəsmlərində kəndli həyatı, qadınların hüquqsuzluğu, dini mövhumat və imperialist siyasət kimi mövzular kəskin satira ilə təsvir edilirdi. Onun müxtəlif gizli imzalarla çap etdirdiyi yazı və karikaturalar “Zənbur”un ictimai-siyasi mövqeyinin formalaşmasında mühüm rol oynayırdı.

Ümumilikdə, jurnal təkcə ədəbi satira ilə kifayətlənmir, həm də dövrün siyasi hadisələrinə münasibət bildirirdi. Karikaturalarda beynəlxalq siyasət, imperialist dövlətlərin siyasəti və regiondakı proseslər satirik üslubda təqdim olunurdu. Bu isə “Zənbur”u dövrün ictimai-siyasi problemlərinə həssas yanaşan mətbu orqanlardan birinə çevirirdi.

“Zənbur” ətrafında mübahisələr və tənqidlər

Bununla belə, jurnalın fəaliyyəti birmənalı qarşılanmırdı. Onun bəzi yazıları və karikaturaları mətbuat və ziyalı dairələrində mübahisələrə səbəb olurdu. Xüsusilə də Azərbaycan teatrı və sənət adamlarına yönəlmiş satirik hücumlar müəyyən narazılıqlar doğurmuşdu.

Dahi bəstəkar və publisist Üzeyir Hacıbəyli də jurnalın fəaliyyəti ilə bağlı kəskin tənqidi mövqe bildirir, satiranın əsas məqsədinin cəmiyyəti tərbiyə etmək və maarifləndirmək olduğunu vurğulayaraq qeyd edirdi ki, məzhəkə və satira heç vaxt ədəb və tərbiyə çərçivəsindən kənara çıxmamalıdır. 

Satirik şairimiz Mirzə Ələkbər Sabir isə özünəməxsus şəkildə “Zənbur” haqqında belə yazırdı: “Get-gedə, “Zənbur” ağa, sən də çaşırsan deyəsən? Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?” Əslində, burada bir satiranın gücünü oxuyan hər kəs hiss edir. Onun məqsədi jurnalı tənqid etmək deyil. 

“Zənbur”un Azərbaycan mətbuat tarixində yeri

Bütün mübahisələrə baxmayaraq, “Zənbur” jurnalı Azərbaycan satirik mətbuatının inkişafında müəyyən rol oynayıb. O, satirik jurnal ənənəsinin genişlənməsinə, yeni qələm sahiblərinin meydana çıxmasına və ictimai problemlərin satira vasitəsilə ifadəsinə imkan yaradıb.

Beləliklə, “Zənbur” XX əsrin əvvəllərində Azərbaycan mətbuatında formalaşan satirik istiqamətin davamçılarından biri kimi tarixə düşüb. O, bir tərəfdən “Molla Nəsrəddin” jurnalınin təsiri ilə meydana çıxıb, digər tərəfdən isə cəmiyyətin müxtəlif problemlərini satirik prizmadan işıqlandıraraq dövrün ictimai fikrinin formalaşmasına öz töhfəsini verib.

Bu səbəbdən “Zənbur” jurnalı Azərbaycan satirik mətbuatının inkişaf tarixində həm maraqlı, həm də mübahisəli bir mərhələ kimi qiymətləndirilə bilər.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

GÜNDƏM

Baki-baku.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin