Nəşr edilmişdir 02/06/2025

Paylaşın

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Pomidoruyla məşhur Zirə – Bakının kəndləri

Zirə kəndi

Bakı və Bakı ətrafı kəndlər daim maraq mərkəzində olub. Bu kəndlər adət-ənənələri, folkloru, özünəməxsus mədəniyyətləri ilə seçilib. Zirə onların arasında yaşayış məskəni kimi daha əzəli və ərazi baxımından daha böyükdür. Biz də bu kəndin insanları və  məişəti ilə tanış olmaq üçün şəhərdən düz 45 km-lik yol qət edib gəldik Abşeron yarımadasının ən uc nöqtəsinə.  Zirə üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə olunub, həmçinin Qala və Türkan qəsəbələri ilə qonşudur. Hazırda qəsəbənin ərazisi 87,33 kv.km təşkil edir.

Əgər söhbət Zirədən gedirsə, əlbəttə ki, ilk Heydər Əliyev Fondunun layihəsi olan Zirə Eko-Parkına baş çəkdik.  10 hektar ərazisi olan park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın gül əkilib. Ərazidə konfrans zalı, furşet və banket zalı, kinoteatr, heyvanxana, piknik və idman üçün xüsusi yerlər, həmçinin də dərzi kursu da fəaliyyət göstərir. Park o qədər yaşıl, o qədər oksigenlə bol və o qədər gülşaddır ki, sanki bir anın içində avtomobillərlə dolu magistral yoldan birdən-birə cənnətin Bakı filialına düşürsən. Adamın gözləri yaşıllığa baxmaqdan doymur ki doymur.

Buranın tarixi ilə yaxından tanış olmaq üçün  üz tutduq Zirə Mədəniyyət mərkəzinə. Əslən zirəli olan məşhur yazıçı və dramaturq İlqar Fəhmi ilə söhbət etdik. O bizə Zirə sözünün mənasını açdı: “Bəzi ehtimallara görə, “Zirə” sözünün kökü ərəb mənşəli “cəzirə” (ada) məvhumundan yaranıb. Başqa bir gümana görə, “zirə” sözü landşaft cəhətindən, yəni yerləşmə baxımından ovalıq, yaxud çökək yerdə olan ovalıq mənasını verir. Kəndin yaşlı sakinlərinin fikrincə isə “Zirə” guya “zir” sözündən əmələ gələib. “Zir” fars dilində sonuncu deməkdir. Bildiyimiz kimi, Zirə Bakı kəndləri içərisində məkanca sonuncu, axırıncı yerdə yerləşir”.

Zirə qəsəbəsinin ən qədim memarlıq abidəsi sayılan “El hamamı”na da baş çəkməsək, olmazdı. Hamam haqqında bizə kəndin dərvişi Qədir Nəcəfov danışdı. Onun dediyinə görə, bu hamam 1749-cu ildə Məhəmməd Ağaverdi oğlu tərəfindən tikilib. Hamam iki günbəz və səkkiz tağdan ibarətdir.  Hamam ötən əsrin 80-ci illərinədək işlək vəziyyətdə olub, sonrakı illər baxımsız vəziyyətə düşüb. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə və ətraf qəsəbələrdə bir çox sosial infrastruktur layihələrinin keçirilməsi kontekstində baxımsız vəziyyətdə olan tarixi abidələr də bərpa edilən zaman restavrasiya olunub.

Daha sonra üz tutduq Zirənin köhnə qəbiristanlığına. Buradakı, demək olar ki, torpağa qarışmaqda olan qədim başdaşlarının arasında gəzişdikcə həyatın nə qədər fani olduğunu anlamaq çətin deyil. Qədir bəy deyir ki, burada artıq uzun zamandır ki, heç kim dəfn olunmur, açıq havada muzey kimi saxlanılıb. Bundan başqa, bu ərazidə qələndarxana adlanan bir məkan da var. Qədir bəy onunla bağlı da məlum verdi: “Bura indiki dillə desək, sanki o zamanın hoteli, mehmanxanası olub. Uzaq səfərə çıxanlar dincliyini almaq üçün məhz burada qalar, rahatlıq tapardı”. Bu qədi binanın üstündəki güllə izləri də diqqətimizdən yayınmadı. Dərvişin sözlərinə görə, Böyük Vətən müharibəsi illərində bu qələndarxanın divarını hədəf kimi istifadə ediblər: “Kəndin kişiləri müharibədə olub, gənclərini isə silah atmağa burada öyrədiblər. Bu divarlara güllə atmaqla sovet hakimiyyəti həm tariximizi dağıtmaq, həm də, əslində, Zirə kimi dindar bir kəndin inanclarına güllə atıb. Buna baxmayaraq, qələndərxana sinəsində güllə izləri olsa da, bu günümüzə qədər gəlib çıxıb, dağılmayıb. Kənd camaatının isə Allaha inancı sarsılmayıb”.

Zirə deyəndə ilk ağla gələnlərdən biri də, əlbəttə ki, Zirə pomidorudur. Zirə pomidorları həm ölkədə, həm də xaricdə çox məşhurdur. Buna görə də həmin o Zirə pomidorlarının yetişdirildiyi istixanalara baş çəkmək istədik. İstixanada pomidor şitilləri boy-boy görünürdü. Hər birinin üstündə sifarişçisinin adı və tarixi qeyd olunmuşdu. Burada böyük bir zəhmətin şahidi olduq. Ata-babasından öyrəndiyi bu işi sevgi və həvəslə görən Əhəd Əhədli ilə geninə-boluna danışdıq: “Bu işi atamdan öyrənmişəm. Ali təhsilim olsa da, başqa sahədə işləmək istəmədim. Mənim üçün bu iş daha maraqlı gəldi. Həm də istədim ki, nəsil işimizi mən davam etdirim. Bu gün burada əsasən pomidor şitilləri, həmçinin kahı, şumal xiyar və s. yetişdiririk”. Əhəd bəyin gözlərindəki sevinc, həmçinin şitillərə böyük sevgi və qayğı ilə toxunması, qulluq etməsi onun bu işdən necə böyük zövq aldığını göstərirdi.

Bakı kəndləri axı həm də qərənfili ilə məşhurdur. İstixanalara gəlmişkən, qərənfil istixanası da axtarıb tapdıq. Məmmədağa kişi yetişdirdiyi qərənfillərdən danışdı. O deyir ki, Bakıda qərənfil lap əvvəllər ən dəbli. ən gözəl gül sayılıb: “Cavanlığım elə qərənfil əkməklə keçib. Onda bu işdə yaxşı gəlir də vardı. Biz də həvəslə işləyirdik. Amma indi o qədər gül növü çıxıb ki, qərənfilə maraq azalıb. Amma yenə də buna baxmayaraq, onun da həvəskarları var”. Qeyd edək ki, Məmmədağa kişi Birinci Qarabağ müharibəsində orduya çoxlu yardım edibmiş. Güldən əldə etdiyi gəlirin bir hissəsinə əsgərlərə lazım olan ləvazimatlar alıb göndərirmiş. Ona görə ona burada xeyriyyəçi Məmmədağa deyirlər.

Zirə kəndi həm birinci, həm ikinci Qarabağ savaşında çoxlu şəhid verən kəndlərdəndir. Bura gəlmişkən, özümüzə şəhid polkovnik Füzuli Cavadovun evini ziyarət etməyi də borc bildik. Qeyd edək ki, Fizuli Cavadov 1966-cı il 1 sentyabrda Zirə qəsəbəsində doğulub. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsinin iştirakçısı olub. Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusundan biri də polkovnik Fizuli Cavadovdur. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Fizuli Cavadov “Vətən uğrunda” medalı ilə və  3-cu dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Onun ocağında bizi onun ailəsi, bir də kəndin ağbirçək xanımlarından olan Zenfira Cavadova qarşıladı. Zenfira xanımla ailə dəyərləri və məişət həyatı barəsində maraqlı söhbət etdik. O bizə köhnə və yeni adətlərin harmoniyasından, mənfi və müsbət cəhətlərindən danışdı. Həmçinin təhsilin, əməyin insan ömründəki vacibliyini vurğuladı. Ailə dəyərlərinin vacibliyindən söhbət saldı: “Ana gərək oğlu üçün qızı özü seçsin. Qız seçəndə də gərək qızın əsil-nəcabətini biləsən, araşdırasan. Ailə vacib məfhumdur. Bu gün qurub, sabah dağıtmaq üçün deyil. Çətinliklərə dözmək lazımdır. Əl-ələ verib işləmək, ev qurmaq, ev yaratmaq lazımdır. Və ən əsası, bir-birini bağışlamağı bacarmaq lazımdır”.

Bu cür gözəl və bir-birindən maraqlı, rəngarəng təəssüratlarla Zirədən ayrıldıq. Ayrıldıq ki, Bakının başqa bir kəndinə səfərə hazırlaşaq.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.Bu barədə Baki-baku.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat

Ən son

GÜNDƏM

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

GÜNDƏM

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.