Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2026

Paylaşın

Mədəniyyət

Zamanın ayaq basmadığı kəndlər – Kirəvud, Navi, Siyov

Qoç heykəlləri ilə tarixə şahidlik edən Kirəvud

Çopur sənduqələri, tarixin daş yaddaşı olan qəbir daşları, qoç heykəli, məzarlıqları ilə əski çağ dəyərlərinə və gələnəklərinə ayna tutan Kirəvud Zuvand mahalının, Peştəsər dağ silsiləsinin yaxasında binə tutan Lerikin qədim yaşayış məskənlərindəndir. “Dəniz səviyyəsindən 715 m hündürlükdə, buludların ətəyində qədim sirlər, inanclarla dolu olan Kirəvud kəndi Lerik rayonunun tarixi məkanlarından biridir. Bu qədim yaşayış məskəni tarixin ən qədim qatlarına şahidlik edir. İbtidai insanların iz qoyduğu məşhur Buzeyir mağarasının qoynunda yerləşən Kirəvud kəndi yüzillər boyu qədim Zuvand mahalının ayrılmaz parçası olub”. Kəndin qədim qəbiristanlıqları, məzar yerləri, daşa-yaddaşa dönən dünyamızın, Qaraqoyunlu, Ağqoyunlu İmperiyaları ilə bağlı yaddaş saxlancımızın ünvanı olan qoç abidələri, heykəlləri ilə zəngindir.

Orta çağlar mədəniyyətinə, dünya görüşünə, inanclar sisteminə şahidlik edən Kirəvud qəbiristanlığı bu torpaqların zəngin və qədim tarixindən soraq verir. Lerikin bu ucqar dağ kəndində, Güney və Quzey Azərbaycanın sınırında yerləşən Kirəvud kəndində, sanki həyat donub, olduğu yerdə qalıb, lal sükuta dalıb. “Gəlin məni görün, tanıyın, dinləyin, minillərin o başından boylanan sirli-soraqlı tarixlə baş-başa qalın”, deyir.

Yeddi ailənin yaddaş yeri hesab etdiyi – Navi

Hər kəs doğulduğu torpağa, gözünü açdığı yurd yerinə bağlıdır. Torpağı Ata yurdu, yaddaş yeri hesab edən azərbaycanlılar üçün dünyanın sərvəti tökülüb gəlsə belə, ondan keçmək, qopub ayrılmaq mümkün deyil. Talış dağlarının yaxasında binə tutan, cəmi yeddi ailənin yaşadığı bir yaddaş yerimiz var – Navi. Hirkan meşələrinin qoynunda yerləşən, təbiətin toxunulmaz incisi kimi qalan, sirli və möcüzəli Navi kəndi cənnətdən bir köşədir, desək, yanılmarıq. Coğrafi mövqeyinə görə, qış aylarında yolu bağlanan bu kənd yaz ayları gələndə gülə-gülüstana çevrilir. Yurdundan – yaddaş yerindən qopmayan doqquz evdən ibarət olan yeddi ailənin yaşadığı Navinin rayon mərkəzi ilə qış aylarında bütünlüklə əlaqəsi kəsilir. Məşhur Sım kəndinin yanında yerləşən Navi bu gün ekoturizm və kamp turizmi üçün maraqlı ünvanlardan biridir. Yerli talış dilində relyef, gəmi formasına bənzər dərə, axar su mənasını ifadə edən Navi kəndində ilin-günün bu vaxtı – XXI əsrdə belə məktəb, kiçik tibb məntəqəsi, elektrik xətti olmasa da, yeddi ailə cənnət bildikləri yurd yerlərindən ayrılmırlar. Məktəb yaşına çatan övladlarını qonşu Sım kəndinin uşaqlarına qoşub digər kəndlərin məktəblərinə göndərirlər.

BMT-nin rəqəmsal təqdir sertifikatını alan kənd – Siyov

Cəmi doqquz evdən ibarət olan yeddi ailənin yaşadığı Siyov kəndi Astaranın yurda bağlı insanlarının qopa bilmədiyi müqəddəslikdir. Burada zaman sanki yüzillər öncə dayanıb. Müasir sivilizasiyanın heç bir elementi – elektrik, qaz xəttinin olmadığı, avtomobil yolunun çəkilmədiyi, mobil rabitə sisteminin ayaq açmadığı Siyovda hər şey ilkinliyinə bağlıdır. Məhz bu xüsusiyyətlərinə görə, Siyov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən “Rəqəmsal təqdir sertifikatı”na layiq görülürb.

Keçmişdə sarvanların sığınacaq ünvanı olan Siyov bu torpaqların həm də qədim və zəngin tarixinə şahidlik edir. 1500-cü ildə Şah İsmayıl Xətai ordunu toplayarkən məhz bu torpağın igidləri ona dəstək veriblər. Əldə olunan məlumatlardan o da bəlli olur ki, “Siyovun meşələri Yer kürəsinin tarixinə ayna tutur. Məşhur alimlər sübut ediblər ki, bu ərazilər buzlaşma dövründən sağ çıxmış milyonlarla illik relikt Qaraçöhrə meşəliyidir”. Talış dağlarının min incisindən biri kimi artıq diqqəti üzərinə çəkən Siyov kəndinə kamp turizmi və ekoturizm həvəskarları ayaq açıb. Onların tez-tez buranı ziyarət etməsi həm də dünya turizminin maraq dairəsinə çevrilib.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin