Nəşr edilmişdir 06/23/2025

Paylaşın

GÜNDƏM

Yerlə göyü misra, dua, elmlə birləşdirən şəhər – Şamaxıdan reportaj

Şamaxının adı – bir nəfəsdə min illik nağıl

Şamaxı… Adını pıçıldayan kimi insanın könlünə qəribə bir səssizlik çökür, sanki içində min illərin sükutunu saxlayan bir nağıl başlayır. Bu ad coğrafi məkan olmaqla bitmir, tarixin özü qədər qədim, şeirin özü qədər incə bir ruh halıdır Şamaxı. Sıldırım qayalarına söykənmiş qədim qalalar, yuxudan yeni ayılmış kimi dumanlara bürünən dağlar və ən əsası – hər daşında, hər yolunda poeziya olan bir şəhərdir O!

Bir zamanlar Şirvanşahların taxtını daşıyan bu torpaq göyə baxıb ulduzlarda yol axtaran riyaziyyatçılara da, bir misrada bütöv dünyanı danışan şairlərə də, ibadətini hər şeydən üstün tutanlara da eyni anda qucaq açır. Elə buna görə də Şamaxı təkcə keçmişin yaddaşı deyil, həm də gələcəyin ümidi, ruhun dincəldiyi yer, düşüncənin sığınacaq tapdığı məkandır.

Baki-baku.az təbiətlə oyanan, tarixlə nəfəs alan, poeziya və fəlsəfəylə yaşayan Şamaxıya yolçuluğa başlayır…

Yıxılıb yenidən qalxan şəhər – Tarixlə imtahan olunan məkan

Qafqaz dağlarının cənub-şərq ətəklərində, sanki səmanın astanasında doğulmuş Şamaxı şimaldan Pirdirəyi və Qız qalası dağları, cənubdan Zogalavay çayı, qərbdən Meysəri və Xınıslı kəndi ilə əhatələnən bu şəhər, təbiətin ən zərif toxunuşlarını üzərində daşıyır. Lakin Şamaxı yalnız mənzərəsi ilə valeh etmir. Onun adı belə özündə yüzillərin sirlərini gizlədir. Bəziləri bu adı Şamake tayfaları ilə bağlayır, bəziləri isə fars dilindəki “şamakə”, yəni “qatran” sözündən gəldiyini deyir. Bəlkə də, bu torpağın ruhu qədər yapışqan və unudulmaz tarixindən gəlir bu qatranlı ad. Ptolomey isə bu yeri “Kamexiya” adı ilə yad edirdi. Şamaxı bir vaxtlar Şirvanşahlar dövlətinin qürurlu paytaxtı olub – sarayların tikildiyi, fatehlərin yol saldığı, şairlərin misralarında əbədiləşdirdiyi şəhər. Hətta arxeoloji qazıntılar da susmur – şəhərin yaxınlığındakı Xınıslıda aşkar edilən çoxtəbəqəli yaşayış yeri minillik bir sükutun qırılmış səsi kimi, bizə deyir: “Mən burdaydım. Dağılırdım, amma yenidən doğulurdum”. Bu şəhər dəfələrlə yıxılıb – zəlzələlər onu yerləyeksan edib, lakin hər dəfə daha möhtəşəm şəkildə yenidən dirilib, ayağa qalxıb. Fransız yazıçısı Aleksandr Düma məşhur “Qafqaza səyahət” əsərində bu halı belə qeyd edir: “Şamaxı heç vaxt bu gündən sabaha salamat çıxacağını söyləyə bilməyəcək. Amma yenə də şamaxılılar hər dəfə bu şəhəri xarabalıqlar və küllüklər içindən dirçəltmək üçün özlərində qüvvə tapırlar”. Bəli, tarixin qaranlığından süzülüb gələn Şamaxı, bu gün də öz yaddaşını unutmadan gələcəyə addımlayır. Çünki o, bir xalqın yaddaşı, ruhun beşiyi, poeziyanın və dözümün simvoludur. Şamaxı camaatı həm də xüsusi qonaqpərvərliyi ilə də fərqlənir. Şamaxını ziyarət edən, Mahmud bəy Mahmudbəyovun evində təşkil olunmuş musiqi məclisində qonaq olan Düma həmin əsərində buranın insanlarından, təbiətindən, incəsənətindən və yüksək süfrə mədəniyyətdən söz açır və eyni zamanda heç yerdə buna bənzər bir şeyin görmədiyinin bildirir.

Bir şəhər – min irs: Şamaxının tarixə yazdığı adlar

Şamaxı ədəbiyyatımızda sönməz günəş olan Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, İzzəddin Şirvani, Seyid Yəhya Bakuvi, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Pərnaz, Məhəmməd Hadi və başqa şair və yazıçıların beşiyi olmaqla yanaşı, həm də ölkəmizin tarixində yüksək önəm daşıyan fikir adamlarının, ziyalıların da vətənidir. Mahmud bəy Mahmudbəyov, Həbib bəy Mahmudbəyov, Lətif bəy Mahmudbəyov, Qasım bəy Hacıbababəyov, Qulamrza Şərifzadə, Sona Axundova, Yusif Səfərov, Sultan Məcid Qənizadə və bir çox başqa vətənpərvər ziyalılarımız nəhz Şamaxı torpağının yetirmələridir. Şamaxı həm də böyük hökmdarların dünyaya gəldiyi məkandır. I Axsitan, I Fərruxzad, I Güştasp, II Afridun ibn Mənuçöhr, II Axsitan, II Fərruxzad, II Heysəm, III Axsitan, III Böyük Mənuçöhr, III Fəribürz bu gözəl diyarda anadan olub, tarixlərini buradan yazıblar.

Tarixin daşda qalan səsi – Şamaxı Cümə Məscidi

…Tarixin qaranlığından süzülüb gələn Şamaxı, bu gün də öz yaddaşını unutmadan gələcəyə addımlayır. Çünki o, bir xalqın yaddaşı, ruhun beşiyi, poeziyanın və dözümün simvoludur. Bura qədim tarixi abidələri, ocaqları, pirləri ilə çox məşhurdur. Pir Mərdəkan xanəgahı, Kələxana türbələri, İmamzadə türbəsi, Pirsaat Baba ziyarətgah-məscid kompleksi, Uçuq Pir türbəsi, Şaxəndan türbəsi, Pir Ömər türbəsi, Pir Əyyüb türbəsi və s. bu diyarı bənzərsiz edir. Şamaxının ürəyində ucalan müqəddəs bir səssizlik məbədidir – Şamaxı Cümə Məscidi isə bu dözümlü ruhun sarsılmaz dayaqlarından biridir. Bu məscid zamanın içində ucalan duadır, əsrlərin qoynunda susub danışan tarixdir. 743–744-cü illərdə inşa olunan bu müqəddəs ocaq, Azərbaycanın ərazisindəki ən qədim məscid kimi həm dini, həm də mədəni yaddaşın diriliyini yaşadır.

Cənubi Qafqazda yalnız Dərbənd Cümə Məscidindən sonra inşa edilmiş bu abidə, əsrlər boyunca zəlzələlərlə sarsılsa da, alovla sınansa da, hər dəfə yenidən doğulub. 1856 və 1902-ci illərdə baş verən Şamaxı zəlzələlərindən sonra Qasım bəy Hacıbababəyov və İosif Ploşkonun əllərində yenidən can tapmış bu məbəd, 1918-ci ildə ermənilərin hücumları zamanı yandırılsa da, yox olmadı, çünki onun yerində təkcə kərpic deyil, bir xalqın duaları yanırdı. Zamanın nə qəzəbi, nə yad əllərin yandırıcı nifrəti bu məscidin yaddaşını silə bilmədi. Nəhayət, 2010–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həyata keçirilən sonuncu bərpa işləri onu yenidən öz əzəmətinə qovuşdurdu. İndi bu məscid, minarələrindən səma ilə danışan, günbəzlərindən tarixlə pıçıldaşan bir məbəd kimi dayanır.

Torpağın qəlbində yatan hikmət – Pir Ömərin Türbəsi

 …Bu gün Şamaxıya gələn hər kəs, bir gözəl, təmiz, sahmanlı şəhəri görməklə yanaşı, minilliklərin nəfəsini eşidir, duaların sükutunu hiss edir və bir xalqın zamana nəğmə yazan irsiylə üz-üzə dayanır. Bu nəğmələrin bir sətri də Avaxıl kəndinin sinəsinə sığınmış Pir Ömər Sultan ziyarətgahıdır – elə bir yer ki, burada torpaq sadəcə torpaq deyil, sükut içində danışan hikmətdir. Burada, əsrlərin dərinliyindən qalxan türbənin daşları arasında, xəlvətilik adlanan sufi təliminin ruhu hələ də pıçıldayır. Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları tərəfindən aparılan qazıntılar sübut etdi ki, bu müqəddəs məkanda Azərbaycan sufiliyinin əvəzsiz simalarından biri – xəlvətilik məktəbinin banisi Pir Ömər Avaxıli Şirvani öz son mənzilini tapıb. Yonulmuş çay və qaya daşlarından hörülmüş türbə, sadəcə memarlıq nümunəsi deyil, burada hər bir daş, hər bir divar sufi zikrinin izlərini daşıyır, bizi XIII–XIV əsrlərin mənəviyyat aləminə aparır.

Əfsanəyə görə, Pir Ömər zikr edərkən qoz ağacının koğuşunda əyləşərmiş. Bu rəvayət, elmi reallığa çevrilmiş kimi, türbənin qərb divarını sıxan və dağıdan qoca ağacın altında gizlənmiş kitabənin aşkarlanması ilə təsdiq olunur. Onun qəbir kitabəsində daşın 1409-cu ildə qoyulduğu bildirilir və orada ona “şeyx”, “zahid”, “abid” kimi müqəddəs epitetlərlə xitab olunur. Daha da maraqlısı: ərəbdilli kitabədə Azərbaycan türkcəsində sözlər də yer alıb – bu, xalq dilinin sufiliyə necə sirayət etdiyini göstərir. Pir Ömər Sultan türbəsinin kəşfi və bərpası bu gün də unudulmur. 2020-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ziyarətgaha səfər edib, burada aparılan tədqiqatlarla şəxsən maraqlanıb, abidənin qorunması və ətrafının abadlaşdırılması ilə bağlı mühüm göstərişlər veriblər. Bu səfər bir daha göstərdi ki, Şamaxının təkcə səması ulduzlu deyil – onun torpağı da nurludur.

Şaxəndan Türbəsi – Tarixin susqun Səssizliyində yatan sirlər

Şamaxı şəhər qəbiristanlığında yerləşən Şaxəndan Türbəsi Azərbaycanın zəngin memarlıq irsinin incə nümunələrindən biridir. Başdan-başa səliqə ilə yonulmuş sal daşlardan inşa edilən bu abidə, klassik Şərq memarlığının estetik gözəlliyini özündə əks etdirir. Türbə səkkizguşəli forma ilə tikilmiş və yuxarı hissəsi zərif günbəzlə tamamlanmışdır ki, bu da ona həm monumental, həm də ruhani bir görkəm bəxş edir.

Türbənin daxili sadə olsa da, düşündürücü bir dərinliyə malikdir. İçəridə yerləşən iki qəbirdən birinin XV əsrin məşhur şairi Nəsiminin qardaşı, şair Şahxəndana (Şah-i Xəndan) aid olduğu bildirilir. Ən maraqlı ehtimallardan biri isə ikinci qəbrin Nəsiminin anasına məxsus olmaslıdır. Bu fakt, Şaxəndan Türbəsini təkcə memarlıq baxımından deyil, həm də mənəvi və mədəni cəhətdən olduqca önəmli bir məkana çevirir.

Abadlaşan Şamaxı…

Cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində dövlətimiz hərtərəfli inkişaf edir və çiçəklənir. Biz əminliklə deyə bilirik ki, müstəqil, suveren, güclü və beynəlxalq arenada xüsusi və layiqli yer tutan bir ölkəyik. Bu gün bölgələrimiz də xüsusi inkişaf proqramı ilə abadlaşır, müasirləşir, yenidən qurulur. İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi göstəriş və dəstəyi  Şamaxı rayonu da çiçəklənib, abad bölgələrimizdən birinə çevrilib.

Şamaxının müasir nəfəsi: təbiət, turizm və ruhun səssiz bayramı

Bugünkü Şamaxı – bir tərəfdən qədim minarələrin kölgəsində dua edən qocaların, digər tərəfdən isə fotoaparatla hər daşa məna axtaran turistlərin şəhəridir. Buranın saf, təbii ritmi adamı şəhərin səsindən ayırır. Şamaxı, həmçinin şərabçılıq və bağçılıq ənənələrinin qorunduğu qədim bir diyardır. Meysəri kəndində yerləşən şərabçılıq təsərrüfatları bu gün regionun iqtisadi simasını dəyişir. Ənənəvi texnologiyalarla hazırlanmış şərablar artıq təkcə yerli bazarda deyil, dünya sərgilərində də tanınır. Burada dadılan bir qurtum su həm torpağın ətrini, həm də minillərin zəhmətini daşıyır.

Şamaxının müasir dövrdəki ən gözəl hadisələrindən biri də mədəniyyət və poeziya tədbirlərinin canlanmasıdır. Nəsimiyə həsr olunmuş poeziya axşamı, kitab bayramı kimi tədbirlər burada bir vaxtlar misra yazanların ruhunu yenidən oyadır. Ulduzlar bu torpaqdan şeir gözləyir sanki – təsadüfi deyil ki, Şamaxı Astrofizika Rəsədxanası da məhz buradadır. Göylərə baxıb ulduzlarda mənalar axtaran alimlər və qəlbində söz olan şairlər bu şəhərdə bir araya gəlir.

Şamaxı, eyni zamanda ekoturizm və sağlamlıq turizmi baxımından da cazibə mərkəzinə çevrilməkdədir. Müalicəvi bulaqlar, hündür dağ havası, atçılıq təsərrüfatları, yürüş marşrutları – bütün bunlar insanın təkcə bədənini deyil, ruhunu da şəfa ilə bürüyür. Və ən əsası – Şamaxıya gələn insan buradan təkcə xatirələrlə yox, xoş təəssüratlar, mənəvi zənginlik və daxili bir sakitliklə qayıdır. Elə bil bu torpaq adamın içinə bir səssizlik toxumu səpir. O səssizlik ki, içində həm dua var, həm də poeziya və ilahi qüvvə…

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir

Ən son

ETNOQRAFIYA

Bakılı qadın anlayışı: stereotip və gerçəklik