Bakıda avtomobilini zibil qutularının yanında saxlayan sürücü sakinlər tərəfindən fərqli və sivil sayılacaq bir üsulla cəzalandırılıb.
Baki-baku.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.
“Toyota Land Cruiser” markalı avtomobilin sahibi nəqliyyat vasitəsini birbaşa məişət tullantıları konteynerlərinin qarşısında saxlayaraq, sakinlərin zibil atmasına mane olub. Bu vəziyyət ərazidə yaşayanların narazılığına səbəb olub və onlar sürücüyə maraqlı formada cəza veriblər.
Belə ki, sakinlər zibil qutularını avtomobilin hər tərəfinə düzüb, maşının oradan tərpənməsinə imkan verməyiblər. Hadisə yerindən çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq böyük marağa səbəb olub. Rəylərdə istifadəçilər sürücünün davranışını tənqid edərək “Cərimələyin”, “Zibil qutusunun yanında maşın da yanacaq”, “Əhsən, başqa cür başa düşməzdi” kimi fikirlər yazıblar.
Sosial şəbəkələrdə aparılan müzakirələrindən də görünür ki, sakinlərin ictimai qaydalara əməl etməyən sürücülərə qarşı bu cür simvolik etirazları təsirli, ictimai qınaq və nəticə çıxarmaq baxımından cəza üsulu kimi hesab edirlər.