Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Baki-baku.az-a məlumat verilib.
“Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonunda yerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirmək istərdik ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.