Xroniki yorğunluq sindromu sadəcə çox işləməyin və ya istirahətsizliyin nəticəsi deyil.
Baki-baku.az xəbər verir ki, bu həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilən xəstəlik hesab olunur.
Rusiyalı mütəxəssis, tibb elmləri namizədi Kirill Masliev “İzvestiya”ya müsahibəsində bildirib ki, bu sindromun əsas əlaməti onun uzunmüddətliliyi və davamlılığıdır:
“Əgər istirahət, məzuniyyət və ya uzunmüddətli yuxudan sonra da güc geri qayıtmırsa, zəiflik aylarla davam edirsə və kiçik gərginlik belə tam tükənmə yaradırsa, bu artıq adi yorğunluq deyil”.
Mütəxəssisə görə, sindrom özünü yalnız gücsüzlük deyil, həm də baş ağrıları, yuxu pozuntuları, əzələ və oynaq ağrıları, həzm problemləri ilə göstərir. Əhəmiyyətli göstəricilərdən biri də koqnitiv funksiyaların zəifləməsidir – insan diqqətini toplamaqda və məlumatı yadda saxlamaqda çətinlik çəkir.
Masliev əlavə edib ki, xroniki yorğunluğun səbəbləri müxtəlifdir: stres, bioloji ritmlərin pozulması, emosional tükənmə, həmçinin immun sistemində, hormonal balansda dəyişikliklər və bəzən də infeksiyaların təsiri.
Müalicədə əsas şərtlər stabil yuxu rejimi, balanslı qidalanma və orta fiziki aktivlikdir. Lakin bəzi hallarda bunlar kifayət etmir və nevroloq, endokrinoloq və psixoterapevtlə məsləhətləşmək tövsiyə olunur.
“Unutmaq olmaz ki, xroniki yorğunluq nə tənbəllik, nə də zəiflikdir. Bu, orqanizmin ehtiyatlarının tükəndiyini göstərən ciddi siqnaldır. Ona vaxtında diqqət etmək bərpanın ilk addımıdır”, – deyə mütəxəssis xəbərdarlıq edib.