Birinci yazı
Məhəmmədəli Tərbiyyət: “Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, müsiqi elmlərinə yaxşı bələd idi”
Təbrizin ətəyində, Surxab kəndində, “Məqbərətüş-şüara” – “Şairlər məqbərəsi” adlanan yerdə bir məzar var. Üzü qibləyə deyil, Arazın bu tayına, qüdrətli sərkərdə-xaqanların, pirlərin, övliyaların diyarına, Şirvan şahlığına, Şamaxıya sarı baxır. Təkcə baxmır, nisgil və qürur dolu duyğularla “Şamaxı, ey mənim sevimli yurdum”, deyir. Şamaxı qüdrətli qələm sahiblərinin, mütəfəkkir şairlərin diyarıdır. Şirvani imzası, künyəsi ilə qələm çalan o qüdrətli söz ustadlarının sırasında üç əzəmətli şairin yeri başqadır, başdadır. Əfzələddin Xaqani Şirvaninin, Seyid İmadəddin Nəsiminin, Seyid Əzim Şirvanin adı gələndə sanki dünya dayanır, sükuta dalır, sonra yenidən dirilik suyu içib canlanır.
Bu il Xaqani Şirvaninin anadan olmasının 900 ili tamam olur. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin imzaladığı sərəncamla Odlar Yurdu Azərbaycanın hər guşəsi Xaqani gülzarının nuruna qərq olacaq.
Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub, 1199-cu ildə Təbrizdə 73 yaşında dünyaya vidan nəğməsi oxuyub. Əsl adı İbrahim olan Xaqani Şirvani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan, Şamaxı akademiyasının qurucusu əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsi və tərbiyəsi altında böyüyüb.
Gənc yaşlarından dövrünün müxtəlif elmlərinə dərin maraq göstərən, Şərqin bir çox elmlərinə vaqif olan Xaqani bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edib. O, bir sıra simvol və eyhamların köməyilə özü və mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. “Fitri istedada malik olan Xaqani əmisi Kafiəddin Ömər ibn Osmanın tövsiyəsi, Şirvanşah Mənüçöhrün istəyi ilə saraya dəvət edilib və burada böyük şöhrət qazanıb. O, klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunəsi yaradıb. Əsərləri bütün Yaxın Şərqə yayılaraq müasirlərinin diqqətini cəlb edib”.

“Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!”
Xaqani Şirvaninin ədəbi irsi çox zəngindir. Yaxın Şərqə etdiyi səfərdən qayıtdıqdan sonra o, Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən məşhur “Töhfətül-İraqeyn” məsnəvisini yazıb. “Mədain xəbərləri” adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürüb. Qüdrəti. əzəməti ilə dünyada məşhur olan Xaqani şeirinin təsir imkanlarına, tərbiyəvi gücünə inanaraq, şairlik sənəti haqqında belə söyləyib: “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!”
Xaqani Şirvani fitri istedad sahibi olmaqla yanaşı, ədalət carçısı, həqiqət tərəfdarı, vətən sevdalısı olub. Doğulduğu torpağı, qədim-qayım Şirvanın füsunkar təbiətini sonsuz sevgilərlə tərənnüm edib. Tarixi mənbələrə, qüdrətli ədəbiyyatşünasların qənaətinə istinad edərək deyə bilərik ki, Xaqani Şirvani vətənin adına sözdən çələng toxub, qələmin və kəlamın hikmətində abidələr ucaldıb. Ədəbiyyatşünaslar onu da qeyd edirlər ki, “Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlayan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik zirvəsinə çatıb. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa məhəbbət və sədaqətini, “Xaqani” deyil, “Xəlqani” olduğunu poetik bir dillə ifadə edib. Xaqani Şirvani eyni zamanda mahir bir nasir olub. O, “Töhfətül İraqeyn” məsnəvisində nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mürəkkəb bədii tərzli ifadələrlə yazdığı məktubları, istişarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib”.

Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazıb
Xaqani əsərlərini dövrün poeziya dili sayılan fars və ərəb dillərində yazsa da, şeirə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini, təmsil edib, Azərbaycanlı ruhunu yaşadıb. Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazıb. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olub. Azərbaycan alimləri şairin həyatının və yaradıcılığının tətqiqi və təbliği istiqamətində mühüm nailiyyətlərə imza atıblar. Akademiklər Həmid Araslının, Mirzağa Quluzadənin, professorlar Məmmədağa Sultanovun, Qafar Kəndlinin bu istiqamətdə gördüyü mühüm işlər, ərsəyə gələn ciddi tədqiqatlar Xaqani Şirvaninin milli kimliyi ilə bağlı bütün suallara son qoyub. Xaqaninin poetik incilərinin böyük bir qismini Azərbaycan türkcəsinə Məmməd Rahim, Əliağa Vahid, Mübariz Əlizadə kimi istedadlı şair və alimlər çevirib.
Qeyd edək ki, “zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, “Töhfətül-İraqeyn” məsnəvisindən, bədii nəsrin qiymətli incilərindən olan 60 məktubdan ibarət olan şairin divanı şeirlər, qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübailərdən ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xəbərləri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” məsnəvisi daxildir.
Müsəlman Şərqinin bir çox elminə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edib. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə edib. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan qənaətlər də irəli sürülüb, poetik simvollardan geniş istifadə edilib. Mütəfəkkir şair “Töhfətül-İraqeyn” əsərində bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. Təbiət və cəmiyyəti sükut halında deyil, daim inkişaf və yüksəlişdə təqdim edib”.
Ədalət carçısı, haqq aşiqi kimi haqlının yanında olub, xalqa arxalanıb, xalqa arxa olub. Saray qanunlarına baş əyməyərək Məkkəyə ziyarətə getdikdən sonra bir daha Şirvana, saraya qayıtmayıb, Təbrizdə məskən salıb.

Fəlsəfi qəsidənin banisi, ilk ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin müəllifi
Xaqani Şirvani Azərbaycan ədəbiyyatı tarixində ən qüdrətli lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən parlaq ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında əksini tapan əsas xüsusiyyətlərdən biri də bir türk kimi onun öz soykökünü məhəbbətlə tərənnüm etməsidir. Bütün ruhu, duyğuları ilə Türan, türk dünyası, Odlar Yurdu Azərbaycan olan Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair olub. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə incilər yaradıb. Bu səbəbdən də o, təkcə öz dövründə deyil, sonrakı əsrlərdə də şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox nüfuzlu şairləri onu özünə ustad hesab edib, ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.
Əfzələddin Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisi hesab olunub. Bu səbəbdən də tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

“Məni sınamaq istəyirsən, əsərlərimə diqqət et”
Xaqani Şirvaninin cismani ayrılığından illər, əsrlər sonra belə əsərləri tədqiq etdikcə onun dövrünün bütün elmlərinə vaqif olduğu üzə çıxıb. Azərbaycan alimlərindən Məhəmmədəli Tərbiyyət Xaqaninin elmləri necə dərindən bildiyi haqda belə yazır: “Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, müsiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar var; o, tarixi də yaxşı bilirdi. Xaqani Şirvani qəsidəsinin birində bu haqda yazır: “O hansı elmdir ki, mən onu bilmirəm? – məni sınamaq istəyirsən, əsərlərimə diqqət et”. Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edərək yazır: “Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram”.
Şərəf Cəlilli