Bu gün Azərbaycan Atatürk Mərkəzində Xalq yazıçısı Anarın yeni kitabı təqdim olunub.
Baki-baku.az xəbər verir ki, iki dildə – Azərbaycan və rus dillərində çap olunan kitab “Gəl qoşulaq durnalara” – «И знают только журавли» adlanır və poetik nümunələrdən ibarətdir.
Kitab Azərbaycan Yazıçılar Birliyi Bədii tərcümə və ədəbi əlaqələr mərkəzini təşəbbüsü ilə işıq üzü görüb.
Təqdimat mərasimində bir çox ziyalılar, yazıçılar, şairlər iştirak edib. Mərkəzin direktoru, professor Nizami Cəfərov giriş sözü ilə çıxış etdikdən sonra tədbiri kitabın ərsəyə gəlməsində böyük rolu olan tənqidçi Əsəd Cahangir moderatorluq edib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayev və Elmira Axundova, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, yazıçı-dramaturq İlqar Fəhmi, professor Qəzənfər Paşayev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Səlim Babullaoğlu və başqaları kitab haqqında fikirlərini bölüşüblər.
Xanım Aydın


