Bir neçə gündür ki, sosial şəbəkələrdə “Vətən” stadionunun qanunsuz olaraq sökülməsi ilə bağlı məlumatlar paylaşılır.
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 276 nömrəli məktəbin yanında yerləşən stadionun sökülməsi insanlarda narahatlıq yaradıb.
Mövzu ilə bağlı Baki-baku.az-ın sorğusunu cavablandıran Elm və Təhsil Nazirliyindən bildirilib ki, Nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.
Qeyd edilib ki, müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.