Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/24/2025

Paylaşın

ETNOQRAFIYA

Təndir çörəyi – yaddaşın isti tikəsi

WhatsApp Image 2025-10-24 at 11.16.47

Azərbaycanda təndir çörəyinin iştaha açan qoxusu uşaqlığımızı, nənəmizin ocağını, kəndin sakit səhərini, közdə yanan odun şaqqıltısını yada salır. Hər bir azərbaycanlının yaddaşında təndir çörəyi ilə bağlı bir isti xatirə var: kimsə nənəsinin bişirdiyi çörəyi xatırlayır, kimsə kənddə təndir başında yığılan qadınların səsini, kimsə də isti çörəyin üzərinə çəkilən təzə qaymağın ətrini…

Min illərin od-alov içində yoğrulan sənəti

Azərbaycanın çörəkbişirmə ənənəsi minilliklərin dərinliyinə gedib çıxır. Arxeoloji qazıntılar göstərir ki, hələ orta əsrlərdə Bakı sakinləri – xüsusilə İçərişəhərdə yaşayanlar – təndirdə çörək bişirirmişlər. Gil və torpaqdan hazırlanan bu qədim “soba”lar yalnız yemək bişirmək üçün deyil, həm də ailə ocağının istiliyi, evin bərəkəti sayılırmış.

Təndir dulusçuluq sənətinin bir qolu kimi formalaşıb. Gil torpaqdan yoğrularaq xüsusi ölçü-biçi ilə qurulurdu, aşağı hissəsində “külfə” adlanan kiçik bir dəlik buraxılırdı ki, hava keçsin və od rahat alışsın. El arasında deyərlər ki, “təndir qızmasa, ev isinməz”, yəni təndir təkcə çörək bişirmək yeri deyil, həm də həyatın rəmzidir.

Müqəddəs çörək, müqəddəs ocaq

Azərbaycan xalqı üçün çörək həmişə müqəddəs olub. “Çörək haqqı”na and içmək, “çörəksiz adam” demək, “duz-çörək”lə qonaq qarşılamaq – bunların hamısı bu nemətə olan dərin hörmətdən doğur. Təsadüfi deyil ki, xalq arasında “Təndir çörəyi – evimin dirəyi” deyiblər. Çünki o çörək evin ruzi-bərəkətinin, isti ocağının simvoludur.

El arasında bir inam da var: gün tutulanda, zəlzələ olanda insanlar təndir başına yığışar, orada qorunacaqlarına inanarmışlar. Təndir həm də sığınacaq, bərəkət yeri sayılırdı.

Dədə-baba qaydasında bişən ləzzət

Bu gün müasir texnologiyalarla bişən saysız-hesabsız çörək növləri olsa da, təndir çörəyinin dadını heç biri verə bilmir. Bölgələrimizdə, həmçinin Bakıda çörəkçilər hələ də dədə-baba üsulu ilə təndir qızdırır, kündə yoğurur, maya əvəzinə “acıtmadan” istifadə edirlər. Deyirlər ki, təndiri közdə qızdırmasan, çörəyin dadı olmaz. Əsl təndir çörəyi qazda yox, közdə bişər. Onda həm ətri gəlir, həm də yumşaq olur. Yeri gəlmişkən, belə bişən çörək 3-4 gün təzə qalır, rahat həzm olunur, elə buna görə də onu xəstələrə, qonaqlara, uşaqlara məxsus sayırlar. Təndirdən çıxan ilk çörəyin uşaqlara və ya qonağa verilməsi də bərəkət və xoş niyyətin ifadəsidir.

Modern dünyanın ortasında unudulmayan ətir

Meqapolis içində, uca, müasir binalar, qlamur insanlar, prospektlərdə şütüyən brend avtomobillərin fonunda bəzən küçəyə yayılan təndir çörəyinin doğma və əvəzolunmaz qoxusu adamı özünə – dünəninə, kimliyinə qaytarır. Bu qoxu, bu ətir bizim fiziki aclığımızla yanaşı, mənəvi aclığımızı da doyuzdurur. Birdən insan doğrudan da, yüksək texnologiyalardan, sürətdən bezir. Sadə, sakit, səmimi bir ortam istəyir. O ortamı, o ab-havanı yaradan ən böyük detal və bəlkə də başlıca amil təndir çörəyidir. 

UNESCO səviyyəsində tanınan milli dəyər

Azərbaycanın təndir sənəti və çörəkbişirmə ənənəsi artıq dünya səviyyəsində tanınıb. 2024-cü ildə “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu, təkcə bir bişirmə üsulunun deyil, bütöv bir mədəniyyətin, xalq ruhunun, əsrlər boyu qorunan milli dəyərlərin təntənəsidir.

Təndir – həm çörək, həm həyat

Bu gün Azərbaycanda təndir təkcə çörək üçün deyil, təndir kababı, təndir ləvəngisi, təndir qovurması kimi yeməklər üçün də istifadə olunur. Amma harada və necə işlədilməsindən asılı olmayaraq, təndir – torpaq, od və insan nəfəsinin birləşdiyi yerdir. Onun içində bişən hər tikə həm zəhmətin, həm sevginin, həm də bərəkətin təcəssümüdür. Təndir çörəyinin hər tikəsində torpağın dadı, ananın əli, xalqın ruhu var. Bəlkə də elə buna görə o çörəyin qoxusu harada hiss olunsa, adamın ürəyi “evə dönmək” istəyir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerin ən aşağı nöqtəsində yerləşən Ölü dəniz təkcə duzluluğuna və suyun içində həyatın demək olar ki, mümkün olmamasına

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin