Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/21/2026

Paylaşın

MEMARLIQ

Tağıyevin puluna tikilən Bakı möcüzəsi – Azərbaycan Dövlət Opera və Balet Teatrının binası

XIX və XX əsrlərin qovşağında Bakı təkcə neft fontanları ilə deyil, həm də mədəni yenilikləri ilə coşan bir şəhər idi. Buraya qastrol səfərinə çıxan opera və dram truppaları gəlir, Avropa musiqisinin ən gözəl səsləri Hacı Zeynalabdin Tağıyevin teatrında, Nikitin qardaşlarının sirkində, müxtəlif klublarda səslənirdi. Lakin bütün bu canlanmaya baxmayaraq, Bakının bir böyük çatışmazlığı vardı: şəhərdə opera sənətinin tələblərinə cavab verən xüsusi bina yox idi.

Məhz bu boşluq bir baxış, bir cümlə və bir az da milyonçu ambisiyası ilə dolduruldu.

“Heç vaxt!” cavabı və böyük vəd

1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Onun şərəfinə təşkil edilən ziyafətlərin birində Bakı milyonçularından biri – Mailov sənətçi qadından soruşur: “Bu şəhərə yenidən nə vaxt gələcəksiniz?” Cavab qısa və sarsıdıcı olur:

— Heç vaxt!

Səbəb isə daha da ağrılı idi: “Belə böyük və varlı şəhərdə oxumağa layiqli opera binası yoxdursa, gəlməyimin nə mənası var?”

Bu sözlər Bakının mərkəzində möhtəşəm və əzəmətli bir binanın tikilməsinin əsasını qoyur.  Və bu bina gələcəkdə Bakının özünü Qafqazın mədəni paytaxtı kimi təsdiqləmək iddiasının ilk addımı idi.

Mərc, şübhə və rekord tikinti

Gələcək teatr üçün yer Qubernski–Torqovı küçəsində (indiki Nizami küçəsi) seçilir. Tikintinin bir il ərzində başa çatacağını eşidən xeyriyyəçi və sənayeçi Hacı Zeynalabdin Tağıyev bu qədər qısa müddətdə belə bir binanın ərsəyə gəlməsinin mümkünsüz olduğunu deyir. Mərc bağlanır: əgər teatr vaxtında hazır olsa, bütün xərcləri Tağıyev ödəyəcək.

Layihə memar Nikolay Qavriloviç Bayevə tapşırılır. Bayevin qarşısında demək olar ki, qeyri-mümkün bir tapşırıq vardı: Avropa səviyyəli, mükəmməl akustikaya malik opera binasını rekord müddətdə tikmək.

Və möcüzə baş verir…

Tikinti cəmi 10 aya yaxın bir müddətdə – 1910–1911-ci illərdə tamamlanır. Gecə-gündüz, üç növbədə çalışan 200-ə yaxın fəhlə, projektorlarla işıqlandırılan tikinti sahəsi, dəqiq təşkilatçılıq – bütün bunlar Bayevə XX əsrin əvvəlində nadir rast gəlinən bir nəticə əldə etməyə imkan verir.

Avropa səviyyəli texnologiya Bakıda

Mailov qardaşlarının teatrı dövrü üçün son dərəcə müasir idi. Binada mərkəzi istilik sistemi, elektrik işıqlandırması, mexaniki ventilyasiya, hətta yay ayları üçün buz maşını ilə soyudulan hava sistemi mövcud idi. Teatr “Renessans” üslubunda inşa edilmiş, 3000-ə yaxın tamaşaçı tutumu ilə Bakının ən böyük mədəni məkanına çevrilmişdi.

Açılış gecəsi: “Babil izdihamı”

1911-ci il fevralın 28-də “Mailov qardaşlarının Böyük Opera Teatrı” rəsmi olaraq açılır. İlk tamaşa M.P. Musorqskinin “Boris Qodunov” operası olur. Baş rolda A.İ.Mozjuxin çıxış edir.

“Kaspi” qəzeti açılış gecəsini “Babil izdihamı” adlandırırdı – teatra axışan insanların sayı şəhərdə misli görünməmiş idi. Bakı artıq sadəcə neft şəhəri deyil, artıq həm də bir opera şəhəri idi.

Miflər, əfsanələr və qızıl yağışı

Bu qədər sürətli və möhtəşəm tikinti əfsanəsiz qala bilməzdi. Şəhərdə dolaşan ən məşhur miflərdən biri teatrın bir məşhur primadonna üçün tikilməsi ilə bağlıdır. Rəvayətə görə, Mailov müğənniyə vurulur, onun üçün bu binanı tikdirir və açılışda səhnəyə qızıl yağdırır, hətta pullardan düzəldilmiş çələng təqdim edir.

Tarixi sənədlər bu hekayəni tam təsdiqləmir. Məsələn, bəzi mənbələrdə adı çəkilən Antonina Nejdanaova nə Bakıda, nə də Yaponiyada olub. Amma Bakının ruhuna bu hekayə o qədər yaraşır ki, ondan imtina etmək də istəmirsən.

Bəlkə də bu miflər binanın özündən daha çox Bakının xarakterini əks etdirir: səxavətli, ehtiraslı və bir az da romantik.

Bir binadan böyük tarix

1920-ci ildən etibarən bu bina Azərbaycan Dövlət Opera və Balet Teatrının evi olur. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilir, 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adını daşıyır.

Bu səhnədə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”undan tutmuş “Koroğlu”ya, “Qız qalası”ndan “Yeddi gözəl”ə qədər milli musiqi tariximizin ən böyük əsərləri doğulub.

Son söz əvəzi

Azərbaycan Dövlət Opera və Balet Teatrının binası Bakının öz xarakteri kimi həm realdır, həm də əfsanəvi. Bakı ona, o da Bakıya yaraşır…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin görüşdən hazırlanan materialı təqdim edir.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin