İkinci yazı
Con Malkolm Smmit: “İran tarixinin son minilliyini Turan dövrü — türklərin və moğolların hökmranlıq və köçərilərin hakimiyyət çağı adlandırmaq olar”
Qızılbaş dövləti və ya Dövlət-i Qızılbaş Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin davamı idi. Mikluxo-Maklay aydın şəkildə Səfəvi dövlətinin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin xələfi sayıldığını, həm də fars dövləti olmadığını qeyd edir: “Orta Asiyada XVI yüzillikdə Səfəvi dövlətinə XV yüzilliyin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin varisi kimi yanaşma təkcə müəyyən siyasi tendensiyaların təzahürü deyil, həmçinin real əsaslara malik idi. Başqa sözlə desək, Səfəvi dövləti nə fars dövləti idi, nə də fars dövləti sayılırdı.”

Azərbaycan türkcəsi döyüşçülərin və sarayın dili olmaqla yanaşı Səfəvilər İmperiyasının da rəsmi dövlət dili idi
Səfəvilərdən söz açarkən Səfəvi İmperiyasında Azərbaycan türkcəsinin rolunu qeyd etmək lazımdır. “Biz o faktı nəzərə almalıyıq ki, təxminən 977-ci ildən 1925-ci ilə qədər, yəni təxminən 1000 il ərzində türk və moğol sülalələri indi İran İslam Respublikası kimi tanınan ərazidə hakim olublar. Fars dilindəki türk sözləri əsasən idarəçilik, dövlət, qanun, ordu, savaş, zireh və qənimət terminləridir. Türk dili döyüşçülərin və sarayın dili idi. Dehli, yəni türk Hindistanının sarayı farsca danışdığı halda, Səfəvi dövlətinin rəsmi dili Azərbaycan türkcəsi idi”.

Əfşarla İmperiyasının qurucusu Nadir şah Əfşarın erməni katolikosu Kretatsi ilə Azərbaycan türkcəsindəki dialoqları günümüzə qədər gəlib çatmışdır
Səfəvilərdən sonra Oğuz Əfşar tayfasından çıxan sülalənin hökmranlıq dövrü başlayır. Əfşarlar bu gün də Azərbaycan türklərinin bir hissəsidir; həm Azərbaycan Respublikasında, həm İranda, həm də Əfqanıstan qızılbaşlarının tərkibindədirlər. Tanınmış tarixçi, rus alim Kalyubakin bu tayfanı belə təsvir edirdi: “Əfşarlar Türk-Tatar tayfaları arasında həm say, həm də silahlı qüvvələrin tərkibində iştirak baxımından ən əhəmiyyətli tayfadır. Çoxu iki yerdə — Azərbaycanda Urmiya gölünün şərq sahili boyunca və Həmədan-Kirmanşah arasında, İraqla Luristan və Kəngavərin sərhədində məskunlaşıb.” Əfşarlar İmperiyasının qurucusu Nadir şah Əfşarın erməni katolikosu Kretatsi ilə Azərbaycan türkçəsindəki dialoqları günümüzə qədər gəlib çatmışdır. Bundan başqa, Aronov və Əşrəfiyan “Nadir şah Əfşarın dövləti” adlı əsərində yazılır: “Nadir Urmiya ətrafında yaşayan Əfşar tayfalarını öz tərəfinə cəlb etmək üçün tayfa başçılarını “kəndçilərim” deyə ürəkləndirdi.”

Qacarlar İmperiyası tarixi türk torpaqlarında – bu gün İran adlanan ərazidə qurulan son türk dövləti idi
Əfşarlardan sonra digər türk tayfasının — Qacarların hökmranlıq dönəmi gəlir. Qacarlar İmperiyası – tarixi türk torpaqlarında bu gün İran adlanan ərazidə qurulan son türk dövləti idi. Onlardan sonra hakimiyyətə fars sülaləsi olan Pəhləvilər gəldi. Qacar sülaləsinin banisi Ağa Məhəmməd şah Qacar öz Qacar boyu haqqında Buxara əmiri Şah Murada göndərdiyi məktubda bu cür yazır: “Bütün cahan Adəm və Həvvadan gəlir və əgər Turanlı xaqanlara həşəmətlə öyünmək xasdırsa, bizim budağımız da həmin kökdən gəlir. Qacar Noyonun nəsli Manğıtdan aşağı deyil. Bizim şanlı və hörmətli tayfamız hətta Sulduz, Cəlayir və Özbəkdən də üstündür. Şükürlər olsun Yaradana ki, Turan və İran, Bizans və Rusiya, Xatay, Xotan və Hindistan mülklərini Ulu Türk sülalələrinə bəxş etmişdir.”

Viktor Berar: “Qacar hələ də İranda ağalıq edən hər növ türkün başçısıdır və burada türk dili hələ də ordu buarda və idarəetmə dili olaraq qalır…”
Dünya şöhrətli tarixçi Con Malkolm (John Malcolm) isə Qacarların əzəməti, qüdrəti ilə bağlı qeyd edib: “Öz tatar və ya onların adlandırdığı kimi türk soykökləri ilə qürur duyan qacarlar bu anlamda öz dədə-baba adət-ənənələrini qoruyub saxlayırlar. Hal-hazırkı kralın babası Məhəmmədhəsən xan türkmən başçısının yanında sığınacaq tapanda, taxt uğrunda mübarizə aparacaq nəsli dünyaya gətirmək üçün “gərəkli dərəcədə uca soydan deyil” deyə onun qızı ilə evlənməkdən məğrurcasına imtina etmişdi.” Fransız arxeoloqu Viktor Berar Azərbaycan türklərinin Qacar dövlətindəki rolunu belə qiymətləndirirdi: “Qacar hələ də İranda ağalıq edən hər növ türkün başçısıdır və türk dili hələ də ordu və idarəetmə dili olaraq qalır…”

Malkolm Smmit: “İran tarixinin son minilliyini Turan dövrü — türklərin və moğolların hökmranlıq və köçərilərin hakimiyyət çağı adlandırmaq olar”
Qacarların genetik kodları, dili və etnik tərkibi ilə bağlı Ledi Şeyl (Lady Sheil) isə belə qeyd edir: “Sarayda farsca dövlət mərasimlərində işlədilir. Lakin digər vaxtlarda iki və ya üç min kişi və qadın şahzadəyə çatan Şah ailəsi dədə-babalarının Çin və ya hətta Pekinin qapısından gətirdikləri dildən həzz alır.” “Məsələn, Nəsrəddin şah Qacar taxta çıxanda farsca heç bilmirdi. Öncə də söylədiyim kimi, qacarlar türk əsllidirlər və eləcə də Azərbaycan dili türkçənin bir qoludur. Bu səbəbdən Nəsrəddin şah taxta keçəndə farsı güclə danışırdı”. Bu faktla bağlı Con Malkolm Smmit isə tərəddüd etmədən qeyd edir: “İran tarixinin son minilliyini Turan dövrü — türklərin və moğolların hökmranlıq və köçərilərin hakimiyyət çağı adlandırmaq olar.”
Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Qacarların dövründə farsların bu imperiyadakı durumu barədə söz açan alimlər tərəddüd etmədən yazırlar: “Bu gün farslar burada da lur, kürd və türk millətləri ilə əvəz olunaraq tədricən yox olub gedən millətdirlər. Fars millətinin və fars dialektlərinin tədricən yox olmasının nə qədər çəkəcəyini təxmin etmək çətindir. Avropa mədəniyyətinin tədricən yayılması və kommunikasiyaların yaxşılaşdırılması ilə onlar birdən-birə yox ola bilərlər.” Bu tarixi qənaətə baxmayaraq taleyin sərt üzündən Azərbaycanın Güneyində-İranda hakimiyyəti 1925-ci ildə fars olan Pəhləvi sülaləsi ələ keçirdi.

Azərbaycanın Güneyində qurulan dövlətlərimizin arasında mənəvi-siyasi bağ-əlaqə var idi
Azərbaycanın Güneyində qurulan dövlətlərimizin demək olar ki, əksəriyyəti bir-birinin davamı idi. Onlar arasında birbaşa mənəvi-siyasi bağ-əlaqə var idi. Təməli Oğuz Səlcuqlar tərəfindən qoyulan Oğuz-Səlcuqlular İmperiyasından öncə Atabəylər ayrıldı. Daha sonra bu torpaqlarda Qaraqoyunlular hakimiyyətə gəldi. Qaraqoyunluların tərkibində baharlı, sədli, qaramanlı, alpaut və digər tayfalar var idi. Qısa zaman kəsiyində Qaraqoyunluların bir parçası olan Ağqoyunlular at üstə şahə qalxdı. Ağqoyunlu sultanları Qaraqoyunluları çökdürərək Azərbaycan, İraq və İran ərazisində növbəti Oğuz-Türk dövlətini – Ağqoyunlular İmperiyasını qurdular. Qaraqoyunlu tayfaları yeni qurulan dövlətin tərkibinə daxil oldu.

Qacarlar milli dövlətçilik tariximizdə yeni səhifə açdı
Az sonra isə onların da yeni rəqibi — Qızılbaş ordusu meydana gəldi. Qızılbaşların öndəri Şah İsmayıl Səfəvi Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi idi. Yəni Səfəvilər Ağqoyunluların həm etnik, həm də sülalə baxımından varisləri idilər. Səfəvilər İmperiyasının qurucuları təkəli, zülqədər, şamlı, rumlu, əfşar, qacar və ustaclı adlı yeddi Şahsevən – Oğuz tayfası idi. Səfəvilərin əzəmətli İmperiyasından, uzun sürən səltənətindən sonra Oğuz-Əfşar tayfasından olan Nadir şah Əfşarın iradəsi ilə Azərbaycan türkünün qüdrətini dünyaya sübut etdirən Əfşarlar İmperiyası qurulur. Əfşarlarlar İmperiyasından sonra isə digər bir Oğuz-türk tayfasından çıxan Qacarlar milli dövlətçilik tariximizdə yeni səhifə açdı. Qacarlar İmperiyasının əldə etdiyi bütün nailiyyətlərə, Ağa Məhəmməd şah Qacarın, Fətəli şah Qacarın, vəliəhd Abbas Mirzə Qacarın milli-mücadiləsinə baxmayaraq Azərbaycan “Gülüstan”, “Türkmənçay” müqavilələri ilə ikiyə bölündü. 90 illik mücadilədən, mənəvi terrordan sonra 1918-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyətini qurdu. Bolşevik Rusiyasının, Qızıl Ordunun “Qırmızı terror”una məruz qalan Xalq Cümhuriyyəti iflasa uğradıldıqdan düz 70 il sonra isə Azərbaycan “Müstəqillik aktı”na imza atdı.
“Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”, “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı.
Şərəf Cəlilli