Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/06/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı

Multikultural dəyərlərə min il öncə də ehtiramla yanaşan Azərbaycan onun ən gözəl örnəklərini  məhz Şirvan şahlarının zamanında yaratmışdır

İkinci yazı

Dinlərin, mədəniyyətlərin, tolerantlığın ünvanı kimi şöhrət tapan Şirvanşahlar dövləti insanlıq tarixinin ən vacib təməllərindən olan din münasibətlərinin barış mərkəzi sayılırdı. Bunu dövlətçilik tariximizin düz minillik tarixinə şahidlik edən Şirvanşahlar dövləti ərazisindəki abidələr sübut edir. Şimali Qafqazda mövcud olan qədim müsəlman qəbirləri və çoxsaylı pirlər, ziyarətgahlar da göstərir ki, bu ərazilərdə İslam dininin yayılmasında Şirvanın ilahiyyət alimləri ilə yanaşı, Şirvan Şahlarının da böyük rolu olmuşdur.

Şirvanda ən qədim məscidlər Dərbənd Cümə Məscidi, eləcə də Şamaxı Cümə Məscididir ki, onlar da VIII əsrdə inşa edilmişdir. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Şirvanşahlar dövründə, məhz Şirvan memarlığına xas məscidlər, türbələr yapılmışdır. Bu məscidlər nəinki İslam dünyasında, eyni zamanda Azərbaycanın digər bölgələrində – Naxçıvan, Təbriz və Urmiyada inşa edilmiş məscidlərdən fərqlənirdi.

Şərq fəlsəfəsinin əsas istiqamətlərindən olan sufizm də Şirvanda geniş yayılmışdır. XII-XIII əsrlərdə sufizm müsəlman cəmiyyətinin əsas elementinə çevrilmiş və sufilik təliminin yayılması ilə əlaqədar, xanəgah tipli dini tikililər də Şirvanşahlar dövründə meydana gəlmişdir. Xanəgahlar karvan yolları üzərində yerləşmiş, könlünün və xanəsinin qapısını azad ruhlu dərvişlərin üzünə açmış, onların hüzur və irfan dünyasına çevrilmişdir.

Zəngin mədəniyyəti, qüdrətli şəxsiyyətləri, elmi-irfan bulağı ilə bəşəri dəyərllər xəzinəsini və milli dövlətçilik tariximizi zintələndirən Şirvanşahlar dövlətində müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və hətta zərdüştilər də yaşamışdır. Xristian əhali yaşayan şəhər və kəndlərdə, müsəlman dövlətinə və müsəlmanlara aid olmayan ayinlərin icrasına maneə olunmasa da, onlara dövlət tərəfindən nəzarət mexanizmi mövcud olmuşdur. Multikultural dəyərlərə min il bundan öncə də ehtiramla yanaşan Odlar Yurdu Azərbaycan onun ən gözəl örnəyini məhz Şirvan şahlarının zamanında yaratmışdır.

Əmir Teymuru heyrətləndirən Şirvan şahı

1382-ci ildə taxta çıxan Şirvanşah I Şeyx İbrahimin hakimiyyəti illəri çətin və mürəkkəb tarixi dövrə təsadüf edir. “XIV əsrin sonu və XV əsrin əvvəllərində indiki Azərbaycan ərazisi uğrunda iki nəhəng siyasi qüvvə – Teymurilər və Qızıl Orda arasında amansız mübarizə gedirdi”.

Şirvanşahlar dövlətinin bu çətin tarixi sınaqdan çıxması üçün Şirvanşah I Şeyx İbrahim ən güclü rəqib olan Əmir Teymurla diplomatik əlaqə qurur. Əmir Teymur Qarabağda düşərgə qurarkən “I Şeyx İbrahim zəngin hədiyyələrlə onun hüzuruna gedir. Şeyx İbrahimin müdrik siyasəti sayəsində Əmir Teymur onu vassal kimi yox, müttəfiqi kimi qəbul edir və imperiyanın şimal sərhədlərini qorumağı Şeyx İbrahimə həvalə edir”. Qarabağ, Şirvan səfərlərindən sonra ona biət etməyən İsfahan, Xorasan, Təbriz hakimlərini cəzalandıran Əmir Teymur Şirvanı Şirvanşah İbrahimin müdrikliyi ilə yanaşı, həm də Peyğəmbər soyuna bağlı müqəddəsliyinə bağışlamışdı.

Bu uğurlu diplomatik gediş sonralar hələ yüz illər boyu Şirvanşahlar dövlətinə müstəqil siyasət yürütmək imkanı yaratmışdı. Şirvanşahların milli valyutasından Orta Asiyada – Əmir Teymurun diyarında belə istifadə edilmişdir. Əmir Teymurun istilasından sonra da Şirvanda pul zərb olunmuşdur. Həmin pul vahidlərində Əmirin adının həkk olunmaması onun Şirvanşahlar dövlətinə verdiyi xüsusi imtiyazla bağlı idi.

Şirvanşah I Xəlillullah atasının daxili və xarici siyasətini uğurla davam etdirir

1417-ci ildə Şeyx İbrahim dünyaya vida nəğməsi oxuyandan sonra hakimiyyətə gələn Şirvanşah I Xəlillullah atasının daxili və xarici siyasətini uğurla davam etdirir. Bununla yanaşı o, ailə üzvlərinin adına türbə, saray, məscid yapdırır, hamam kompleksi və yeraltı su anbarı tikdirərək Bakıda sarayını xeyli genişləndirir.

Bütün qüdrətli dövlətlər kimi Şirvanşahlar dövlətinin də həyatında həm tərəqqi, həm də tənəzzül dövrləri olmuşdur. Ayrı-ayrı imperiyaların təzyiqlərinə məruz qalan Şirvanşahlar dövləti məhz I Xəlilullahın dövründə yenidən tikilib qurulmuşdur.

Şirvanşah Xəlillullahın dövründə ədəbiyyat, mədəniyyət və incəsənət yüksək qiymətləndirilir, sənətə və sənətkarlığa xüsusi diqqət və qayğı göstərilirdi. Bədr Şirvani kimi tanınan məşhur şair, eləcə də alim və filosof Seyyid Yəhya Əlbəkuvi uzun illər Xəlillullahın sarayında yaşamış, qiymətli əsərlər yaratmışlar.

“Viktoriya və Albert” muzeyində mühafizə olunan “Şamaxar antologiyası”  Şirvanşah Fərrux Yasarın elmə, şeirə və sənətə olan rəğbətinin sübutudur

I Xəlilullahdan sonra da Şirvanşahlar dövlətində sənətə, mədəniyyətə dəyər verilmişdir. Britaniyanın məşhur “Viktoriya və Albert” muzeyində Şirvanşah Fərrux Yasarın sifarişi ilə tərtib olunmuş “Şamaxar antologiyası” mühafizə edilir ki, bu da dediklərimizə əyani sübutdur. Dünya ədəbiyyatının incilərindən sayılan “Şamaxar antologiyası” 89 səhifədən ibarətdir və hər səhifəsi nəfis şəkildə tərtib olunmuş miniatürlərlə bəzədilmişdir. Bundan əlavə, antologiyaya Şirvanşah Fərrux Yasarın şəxsən hörmət etdiyi və sevdiyi, XIII-XV əsrlərdə yaşayıb yaratmış müxtəlif şairlərin əsərlərindən parçalar daxil edilmişdir. Nəfis miniatürləri olan bu əl yazması Şirvanşah Fərrux Yasarın elmə, şeirə və sənətə olan rəğbətinin sübutudur. Tarixi mənbələr də sübut edir ki, Şirvanşahlar dövlətinin mövcud olduğu dövrlərdə “Bir şah digər bir şahın yanına, hətta diplomatik münaqişələri çözmək üçün getdiyi zaman üzünü köçürtdüyü divanlardan birini aparıb ona təqdim edərdi. Çünki bir şah digərinə yalnız qızıl və ya bahalı hədiyyələrlə deyil, mənəvi üstünlüyünü göstərə bilər, bu cür əl yazmaları və əsərləri təqdim etməklə o, nüfuzuna nüfuz qata bilərdi”.

Bu gün Ermitaj, Luvr, Victoriya və Albert, Metropolitan, Diana, Roma, Berlin, Tehran və Qahirə muzeyləri, eləcə də Türkiyənin Topqapı və Əskəri muzeylərində mühafizə olunan qiymətli əşyalar, nadir əl yazmalar Şirvanşahlar dövlətinin qüdrətini, əzəmətini sənətin, mədəniyyətin dili ilə sübut edir. “Onu da qeyd edək ki, orta əsrlərdə Şirvanşahlar dövründə nəfis tərtibatlı əl yazma kitablar saysız-hesabsız idi. Onların üzərində təsib sənəti işlənmiş, qızıl su və qiymətli daşlarla bəzədilmişdir. Təəssüf ki, bu nadir əsərlər günümüzə çatmamışdır”.

Şamaxı – qardaşın qardaşa qılınc sıyırdığı yer

Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən, baş köşəsində el və dil bilicilərinə, fikir və düşüncə sahiblərinə yer verən, qüdrətli imperiyalar, dövlətlər quran sərkərdə-xaqanlarımızın bir-birinə sıyırdığı qılıclardan təkcə bozqırları, səhraları, sarayları qana boyamadı, qüdrətimizi, əzəmətimizi qılıncına doğradı. Şamaxıda sıyrılan iki qılıncın acısı isə Şirvanşahlarla Səfəviləri üz-üzə gətirdi.

“1500-cü ildə Şamaxı yaxınlığındakı döyüşdə Fərrux Yassarın ordusu Şah İsmayıl Xətainin ordusuna – Səfəvilərə məğlub oldu. Bundan bir müddət sonra, 1538-ci ildə Şirvanşahların VI əsrdən başlayan minillik hakimiyyətinə son qoyuldu”.

Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Şirvanşahlar dövləti tarix səhnəsindən getsə də, dövlətçiliyimizin formalaşmasında silinməz izlər qoydu, elmi-irfanın, mədəniyyət və incəsənətin tərəqqisinə töhfələr verdi.

Şirvanşahlar dövründə yaranan zəngin elmi, mədəni, ədəbi irsimiz  Xaqani Şirvanin, Kafiəddin Ömər ibn Osmanın, Seyid İmaddədin Nəsiminin, Şeyx Ömər Xəlvətinin, Seyid Yəhya Bakuvinin simasında dünyanın maddi-mədəni irsinə çevrildi. Bəşəri dəyərlər xəzinəsini zənginləşdirdi.  Çıraqqala, Bakı və Dərbəndin əzəmətli qala divarları, Ramana və Mərdəkan qalaları Şirvan şahlarının gücünün, qüdrətinin, əzəmətinin, sonsuz, hüdudları məlum olmayan Vətən sevgisinin daş yaddaşına  – Kitabəsinə döndü!

Şirvanşahlar dövlətindən sonra dəfələrlə hücumlara, təhdidlərə məruz qalan, sinəsinə “Gülüstan”, “Türkmənçay” dağları çəkilən, iki imperiya arasında bölünən Odlar Yurdu Azərbaycan 1918-ci ildə İstiqlal Bəyannaməsinə, 1991-ci ildə isə Müstəqillik Aktına imza ataraq, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə sübut etdi ki, onun qüdrətli dövlətçilik ənənələri var. Bu gün Azərbaycan müstəqildir, azaddır, özü öz müqəddəratını həll edir. Onu kimsə öz iradəsinə tabe edə bilmir!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fevralın 28-i axşam saatlarında səmada maraqlı astronomik hadisə - planetlərin böyük paradı izləniləcək.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin