Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/03/2026

Paylaşın

TARİXİMİZ

Şirvanşahlar – milli dövlətçilik tariximizin minillik əzəməti

Mehriban Əliyeva: “Şirvanşahlar saray kompleksinin dünya mirası elan edilməsi bizim tarixi nailiyyətimizdir!”

Birinci yazı

Bir neçə il bundan öncə Osmanlı dövlətçilik tarixinin möhtəşəm yüz ilini özündə ehtiva edən film nümayiş olundu. “Möhtəşəm yüz il” möhtəşəm ruhu ilə dünya insanın diqqətini özünə cəlb etdi. İnsanlar bütün həyatını at üstündə keçirən Qanuni Süleymanın fətih dastanlarından daha çox onun kölə Hürrəmə olan Sultan sevgisindən danışdı. Bu kədərli idi, Osmanlı xanədanının çökməsi, yıxılması qədər…

Milli dövlətçilik tariximizə sözün həqiqi mənasında möhtəşəm min ilin əfsanəsi olaraq daxil olan Şirvanşahlar dövləti tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanları, fikir və düşüncə sahibləri, el və dil biliciləri, təbib-filosofları, ustad sənətkarları, mütəfəkkir şairləri ilə təkcə Odlar Yurfu Azərbaycanın deyil, Turanın, türk dünyasının, Tanrının niqabını qaldırıb köş əylədiyi, peyğəmbərləri xəlq edib səma kitablarını mələklərin qanadında yer üzünə endirdiyi Şərqin də zinəti olub. 

“Xəzər dənizinin qərb sahillərində yerləşən Qafqaz Albaniyasının bir hissəsi olan vilayət Şirvan adlanırdı. Şirvan vilayətinin ərazisi şimalda Qafqaz dağlarının cənub-şərq ətəklərinə, Samur çayına, Dərbənd daxil olmaqla indiki cənubi Dağıstan ərazisinə, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayına, şimal-qərbdə Qanıx çayına, şərqdə Xəzər dənizinə qədər uzanırdı”.

Şirvan adına biz ilk dəfə IX əsrdə ərəb tarixçiləri İbn Əl Əsir və İbn Xordadbehin risalələrində rast gəlirik. Onlar əsərlərində Sasanilərin işğal olunmuş əyalətlərinə göndərilən hökmdarları qeyd edir və onların arasında “Şirian Şah”, yaxud “Şirvanşah” tituluna malik hakimlərin adını çəkir. Sonraki illərdə ərəblərin hücumu və Sasanilərin süqutu ilə vəziyyət dəyişir, ərəblər burada öz qanuni idarələrini qururlar. Mənbələrdə onlar “Məlik” adlanır və Şirvan Məliki ilə ərəblər arasında müqavilələr bağlanır. Eyni zamanda Sasanilər dövründən qalma Şirvanşah tituluna malik hakimlər də səlahiyyətlərini saxlayırdılar.

Ərəb xilafətinin bu yerlərdə hakimiyyəti uzun çəkmədi. Şirvanda ərəblərə qarşı etirazlar başlandı. VIII əsrin sonları və IX əsrin əvvəllərində, demək olar ki, bütün IX əsr boyu ərəblərin hakimiyyətinə qarşı müxtəlif üsyanlar baş verdi və nəticədə Azərbaycanda müxtəlif feodal dövlətlər yarandı. Bu dövlətlərdən biri də yerli hakimlərin yaratdığı Şirvanşahlar dövləti idi.

Şirvanşahlar dövlətində dəqiq idarəçilik sistemi mövcud olub

Şirvanşahlar dövlətinin müstəqilliyini sübut edən ən vacib amillərdən biri dövlətin pul zərb etməsidir. Burada zərbxanaların fəaliyyəti IX əsrin birinci yarısından, daha dəqiq desək 869-cu ildən başlayır. Bu dövrdə Şirvan şahlarının birinci sülaləsi nominal olaraq xilafətə bağlı qalsalar da, faktiki olaraq öz pullarını zərb etməyə başlamışlar ki, bu da Şirvan əyalətinin müstəqil qərar almaq hüququnu təsdiq edən amillərdən biridir.

“Şirvanşahlar dövlətində dəqiq idarəçilik qanunlarına əsaslanan güclü dövlət aparatı, inzibati və hərbi idarə ierarxiyası, həmçinin orta əsrlərə uyğun vergi sistemi mövcud olmuşdur. Dövlətin başçısı hakim, yəni hökmdar idi. İkinci vəzifə baş sərkər vəzifəsi idi ki, bu vəzifəyə Şirvanşahların ən yaxın qohumları gətirilirdi. Üçüncü vəzifə, ən vacib vəzifə isə sədr vəzifəsi idi. Tarixi mənbələrdə sədr əl-əzzəm, sədr əl-məzzəm adları ilə qeyd olunur və bu vəzifəni ali ruhani şəxslər tuturdu”.

X əsrdən sonra Şirvanın sərhədləri daha da genişlənmişdir. Şirvan Dərbəndi əvvəlki kimi, yəni Sasanilərin dövründə olduğu kimi, öz ərazisi hesab etmişdir. Bu səbəbdən də Şirvanla Dərbənd arasında münaqişələr dəfələrlə baş vermişdir. Şirvanlılar Dərbəndə hücum etmiş, Dərbəndlilər əks-hücuma əl atmış və bu qarşıdurmalar XI əsrə qədər çəkmişdir. Nəticədə Dərbənd məlikliyi Şirvanşahlar dövlətinə birləşdirilmişdir.

Çıraqqala – nəhəg çırağı xatırladan qala

Sərhədlərin genişlənməsi dövlətin müdafiə gücünü artırmaq zərurətini doğurur. “O dövrdə müxtəlif fatehlərin orduları şərqdən qərbə, şimaldan cənuba hərəkət edir, bac-xərac toplayır, xəzinələrini doldururdular. Böyük şəhərlər ətrafında nəhəng divarlar, qala və istihkamlar özünü müdafiə məqsədi ilə tikilirdi”.

Günümüzə qədər gəlib çatan, Gilgilçay səddinin iç qalası sayılan Çıraqqala dediklərimizə əyani sübutdur. Buradan dəniz sahilləri də daxil olmaqla bütün ətraf müşahidə edilir və nəzarət altında saxlanıla bilirdi. Hər hansı düşmən təhlükəsi hiss olunanda qalada tonqallar yandırılır və Çıraqqala nəhəng çırağı xatırladırdı. Buğurt qalası isə sadəcə sıravi dağ qalası idi. Hər hansı təhlükə zamanı qala Şirvanşahların sığınacağına çevrilir, eyni zamanda onların xəzinələrinin qorunduğu etibarlı istihkam rolunu oynayırdı.

Şirvanşahlar dövlətinin qala-istehkamlarından biri də Şamaxı yaxınlığında, dağın başında inşa edilmiş Gülüstan qalası idi. Bu qala həm Şirvanşahların iqamətgahı, həm də düşmən hücumlarından müdafiə istikamı sayılırdı. Qala və müdafiə istehkamlarının tikintisinə xüsusi əhəmiyyət verən 1160-cı ilə qədər, 40 ilə yaxın hakimiyyətdə olan Şirvanşah III Mənüçöhür Bakının əzəmətli qala divarlarının bərpa edilərək möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir.

Kafiəddin ibn Ömərin qurduğu Şamaxı Akademiyası dünyada məşhur idi

Bakı Şirvanşahlar dövlətində geosiyasi mövqeyinə görə mühüm rol oynayırdı.  İkiqat qala divarları dənizin içərisinə qədər uzanır və burada sakit bir körfəz yaradırdı. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, hələ orta əsrlərdən o, beynəlxalq yükboşaltma məntəqəsi olmuşdur. Şirvana gələn bütün mallar Bakı limanında boşaldılırdı.

Yaxın və Orta Şərqdə məşhur olan həkim Kafiəddin ibn Ömərin rəhbərliyi ilə Şamaxıda Dar Əl-Ədəb adlı şəfa evinin – Şamaxı Akademiyasının yaradılması da III Mənüçöhürün hakimiyyəti illərinə təsadüf edir. Təkcə bu fakt Şamaxının vaxtilə böyük elm mərkəz rolunu oynadığını sübut edir. XII əsrdə Şamaxı, Şirvanşahlar dövlətinin paytaxtı kimi, bütün Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Memari inci hesab olunan saysız-hesabsız tikililər, Şirvanşahların Şərq müsəlman memarlığı ərsəyə gələn saray tikilisi mövcud olsa da, zəlzələlər nəticəsində dağıdılmışdır. Hər zəlzələdən sonra Şirvanşahlar Şamaxını yenidən bərpa etmiş, sarayları yenidən tikmiş, yaddaş yerini bərpa etmişdir.

III Mənüçöhürdən sonra 1160-cı ildə taxta əyləşən I Axistanın otuz beş illik hakimiyyəti illərində Şirvanşahlar dövlətinin yüksəlişi, şəhərlərin tərəqqisi, sənətkarlıq və ticarətin inkişafı, elm, incəsənət və ədəbiyyatın intibahı dövrü kimi tarixdə qalır.

“1175-ci ildə Xəzər dənizində, Bakı sahillərində 73 düşmən gəmisinin darmadağın edildiyi döyüşə I Axistan özü başçılıq etmişdir. O dövrün məşhur şairi Xaqani Şirvani bu qələbəyə xüsusi şeir həsr etmiş və Axistanı Əmir Əlbəhr, yəni Dənizlərin başçısı adlandırmışdır”.

Bakını paytaxta çevirən Şirvan şahı – I Axistan

1192-ci ildə Şamaxıda baş verən zəlzələdə ailə üzvlərini itirən I Axistan Bakını Şirvanşahların ikinci paytaxtı elan etmiş, paytaxt Bakıya köçürüləndən sonra şəhərin ən yüksək nöqtəsində Şah sarayı, yəni Şirvanşahlar sarayının təməlini qoymuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın diktəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Şirvanşahlar saray kompleksi təkcə Şirvanın və Azərbaycanın deyil, bütövlükdə Yaxın və Orta Şərqin, türk dünyasının nadir saray incilərindən, memarlıq abidələrindən biridir.

Ərəb xilafətinin işğalının ilk dövrlərindən fərqli olaraq, IX-XI əsrlərdə Şirvanşahlar dövlətində iqtisadiyyat və mədəniyyət sürətlə inkişaf etmiş, şəhərlər tərəqqi dövrünü yaşamışdır. Bu səbəbdən də XII əsr Şirvanşahlar dövlətinin intibah dövrü hesab olunur. Bu dövrdə şəhərlərin inkişafı, iqtisadiyyatın yüksəlişi, memarlıq abidələrinin, karvansaraların, hamamların və məscidlərin sürətlə tikilməsi onu dünyanın mədəni mərkəzlərindən birinə çevirmişdir.

Bu dövrdə Şirvanşahlar dövləti həm də mis sənayesi və sənətkarlıq mərkəzi kimi tanınmışdır. Doğu ilə Batının  – Şərqlə Qərbin böyük ticarət yollarının, o cümlədən İpək yolunun buradan keçməsi onu dünyanın əsas mərkəzlərindən birinə çevirmişdir. Şirvanda karvanların rahat hərəkət etməsi üçün çoxsaylı karvansaraların tikilməsinə səbəb olmuşdur ki, bu karvansaralardan ikisi günümüzə qədər qalmaqdadır: Sanqasal karvansarasıMəcid karvansarası adı ilə məşhur olan Qarası karvansarası. Tiflisdə, Dərbənddə, Borçalıda, Gəncədə, İrəvanda, Şuşada, Təbrizdə, Xoyda mövcud olan karvansaralardan fərqli olaraq hər iki karvansara daşla hörülməmiş, sal qayaların çapılması sayəsində əmələ gəlmişdir.

Basqal kəlağayısı ilə birlikdə Pirəbilqasım xalısı dünyanın məşhur saraylarını süsləmişdir

Ustad sənətkarların əlinin əməyi, gözünün nuru olan yun və ipək parçalar, xalça-palazlar, cecim-kilimlər, mis və ağac məmulatları, zinət əşyaları, keramika nümunələri, müxtəlif növ silahlar Şərq və Qərb ölkələrinə daşınıb satılaraq Şirvanşahlar dövlətinə küllü miqdarda gəlir gətirmişdir.

Şirvanşahlar dövründə cərəyan edən hadisələr xalça sənətinə gətirilmiş, ilmə-ilmə, naxış-naxış toxunmuşdur. Eyni zamanda, xalçaçılıq sənəti Şirvanşahların iqtisadiyyatının inkişafında da mühüm rol oynamışdır. Şirvan xalçasının gətirdiyi gəlir Şirvan dövlətinin demək olar ki, xəzinəsinin əsasını təşkil etmişdir. Dünya bazarlarını fəth edən Basqal kəlağayısı ilə birlikdə Şirvan çeşnisi sayılan Pirəbilqasım xalısı dünyanın məşhur saraylarını süsləmişdir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərin dar küçələrində addımlayanda zaman sanki yavaşlayır, bəlkə də, lap keçmişə qayıdır. Qədimliyin qoxusunu özündə daşıyan divarlar, eyvanlardan

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin