Həyat bəzən bir evin içindəki səssizlikdən xəbər verir gələcəyi. Qırılan bir qabdan, çatlayan bir güzgüdən, səbəbsiz yerə sınıb tökülən bir şüşədən… İnsan bəzən bunları adi sayır. Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da. İlham və Fərizənin evi kimi…
1990-cı ilin yanvar gecəsinə az qalmışdı. Hər şey yeni idi: ev, pərdələr, qab-qacaq, xəyallar… hələ çox cehizin üstündən qırmızı lenti belə açılmamışdı, hələ bir çox qab, ev avadanlığı istifadə olunmamışdı. Hələ yerə salınan xalçanın təzə xovu yaprıxmamışdı, mebellərdən təzəlik qoxusu çəkilməmişdi. Zər-zibalı qorğan döşək əziz qonaqlar üçün yükdən çıxarılmamışdı…

Və həmin gecə… İlham evə gəlmir. İlham gəlmədən bir qurtum su da içməyən, bir qaşıq yemək də yeməyən Fərizə onu gözləyir. O gələcəkdi, onlar bir yerdə süfrəyə oturacaqdırlar. Yenə də bir-birinə şirin sözlər deyəcək, sevgi dolu gözlərini bir-birinə dikəcəkdilər. Qəfil sınan toy güzgüsü Fərizənin ürəyinə xal saldı. Dərhal cehiz kimi aldıqları servisin bir qabının sındığını, şəkil çərçivəsinin qırıldığını, toy maşınında ön şüşənin birdən-birə, heç bir zədə almadan çilik-çilik olduğunu xatırladı. Canına üşütmə gəldi. Azərbaycan qadınıdır axı, əlamətləri oxumağı bacarır. “Bu yaxşı əlamət deyil”, – dedi içindən. Amma yenə də özünü ovutdu. Axı İlham var idi. İlham olduğu yerdə qorxu necə ola bilərdi?.. İlham axı gedəndə “qayıdacağam” demişdi.
O gecə Bakı qan qoxuyurdu. Azadlıq meydanında tanklar vardı, güllələr vardı, çığırtılar vardı. İlham Vətən üçün gedirdi. Amma sinəsində Fərizəni aparırdı. Onun ürəyində sevgi vardı – həm yarına, həm torpağına. O gecə Vətən sevgisi bütün sevgiləri qabaqladı. İnsanlar ölməyə yox, yaşatmağa getdilər. Amma imperiya yaşamağa yox, öldürməyə gəlmişdi. Güllələr seçmirdi, tanklar fərq qoymurdu, həyatlar yarımçıq qalırdı həmin gecə…

İlham da orada vuruldu. O, Respublika Klinik Xəstəxanasına 00:10-da çatdırıldı. Çoxlu qan itirən İlhamın əməliyyatı da ağır keçdi. İşıqlar söndü, həkimlər qəzet yandırıb, onun ümid kimi közərən işığında əməliyyatı apardılar. Qaraciyər tamam dağıldığından göstərilən bütün səylərə rəğmən, 5-6 saatdan sonra o, şəhid oldu. Bundan ailədən hələ heç kimin xəbəri olmasa da, ilk olaraq yarı – Fərizə hiss etdi, İlhamın vurulduğunu dedi. Hamı ona təsəlli verməyə, inandırmağa, həm də inanmağa çalışdı ki, İlham sağ-salamatdır. Lap elə indilərdə harada olsa, evinə dönəcək.
İlhamdan heç bir xəbər ala bilməyən anası qardaşı Elxan ilə ona axtarmağa çıxanda “20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördülər. Ananın ürəyi hiss etdi, ananın gözləri doldu və bircə kəlmə dedi: “Bu nə doğma qandı…” Sonradan məlum olub ki, İlham məhz həmin yerdə güllələnib…

Fərizə İlhamın şəhid olduğunu biləndən sonra “Hey, İlham, sənə özümü çatdıracağam” deyib, intihar etmək istəyib. Birinci dəfə qarşısı alınsa da, ikincidə mümkün olmayıb. Toy şəkillərinə baxa-baxa məktub yazdı: “Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…”
Heç kim onu fikrindən döndərə bilmədi. Nə ailəsi, nə yalvarışlar, nə ana göz yaşı, nə də bətnindəki körpənin səssiz ürək döyüntüsü…Fərizə İlhamın yanına getdi. Sevgisini də özü ilə apardı, körpəsini də…
Beləcə, 20 Yanvar təkcə bir faciə olmadı. Bir sevgi dastanı yazıldı. “Leyli və Məcnun” kimi, “Əsli və Kərəm” kimi…
Şəhidlər Xiyabanında iki məzar var. Amma üç can yatır orada. İlham, Fərizə və doğulmamış bir körpə.
Və illər keçdi… 2020-ci ilə qəlbimizdə ağrı, amma zəfərə inamla gəldik.
44 gün davam edən Vətən müharibədə yenilməz sərkərdə, Ali Baş Komandamımız İlham Əliyev və rəşadətli ordumuz bizə qələbə sevincini yaşatdı.
Bəli, İlham qayıtmadı, Fərizə yaşamadı, amma Azərbaycan yaşadı.
Və bu gün azad bayrağımız suveren, müstəqil və qalib bir ölkənin hər bir bucağında qürurla dalğalanır…
Xanım Aydın