Parçalanmış İslam dünyasını yenidən birləşdirən sərkərdə
Qüdrəti, əzəməti ilə dünyanın mizanını, düzənini dəyişən türklər Metenin, Atillanın, Alp-Arslanın, Osman Qazinin, Fateh Mehmetin, Sultan Bəyazitin, Sultan Səlimin, Əmir Teymurun, Qanuni Süleymanın, Şah İsmayıl Xətainin, Nadir şah Əfşarın, Ağa Məhəmməd Şah Qacarın adı çəkiləndə yer yerindən oynayıb. İmperiyaların, kralların, kardinalların dizi titrəyib.
İmperiyalar quran bu Sərkərdə-xaqanların sırasında bir türk də var ki, o, təkcə Turanın, Türk dünyasının deyil, İslam mədəniyyətini çevrələyən bütün dövlətlərin və xalqların nicat yeri, xilaskarı olub. O, dövlətini Qaraxanlı və Qəznəli türk dövlətləri ilə başlayan, Səlcuqlu türkləri ilə daha da inkişaf etdirən, türk-islam dövlət sistemi modelinə uyğunlaşdıraraq quran, “Həzrəti Məhəmmədin Mehraca qalxdığı Məscid-i Aqsa dustaqkən, Həzrəti Ömərin fəth etdiyi Qüds əsirkən mən necə gülə bilərəm!” nidası ilə düşmən üzərinə yeriyən, işğalından 88 il sonra isə onu yenidən İslam dünyasına qaytaran, 75 il davam edən Eyyubilər İmperiyasının qurucusu kimi tarixdə qalan Səlahəddin Eyyubidir.

Suriyadan Misirə, Dəməşqdən Qahirəyə
Əsl adı Yusub İbn Eyyub olan Səlahəddin Eyyubi 1137-ci ildə İraqın Tiqrit şəhərində doğulub. Atası Nəcməddin Eyyub və əmisi Əlauddin Şirkuh Eyyubi Səlcuqlu əmiri İmadəddin Zənginin ordusunun sərkərdələrindən idi. Dəməşqdə böyüyən, əmisi Əlauddin Şirkuhdan hərbin sirlərini öyrənən Səlahəddin Yaxın və Orta Şərqdə universitet səviyyəsində qəbul edilən dini və dünyəvi təhsil verən Dəməşq mədrəsəsində həndəsə, cəbr, coğrafiya, məntiq və fiqh ilə yanaşı, həm də Qurani-Kərimi mənimsəyir, hafiz dərəcəsi alır. İslam tarixi ilə bağlı biliklərə, müxtəlif dinlərə vaqif olur.
26 yaşında general Əlauddin Şirkuh onu öz yanında hərbi xidmətə qəbul edir. 1169-cu ildə əmisinin zəhərlənərək öldürülməsindən sonra Misirdə onun yerinə Zəngi hökmdarı Nurəddin Zənginin təqdimatı, Fatimi hökmdarı Əl-Adidin əmri ilə hökmdar-Baş vəzir təyin olunur. Bununla yanaşı, o, əmisi Şirkuhun ordusuna başçılıq edir. Həmin il misirli hərbçi və əmirlərdən ibarət bir qrup Səlahəddinə qarşı sui-qəsd təşkil edir, üsyan çıxarırlar. Lakin işin üstü onun baş mühafizəçisi Əli ibn Safyan tərəfindən açılır. Bu azmış kimi, 50 min Sudanlı hərbçi Baş vəzirə qarşı üsyana qalxır. Səlahəddinin qüdrətli ordusu üsyanı bir göz qırpımında yatırır.
Buna baxmayaraq, Yusif ibn Eyyub Səlahəddin o dövrdə Misiri idarə edən Fatimilər xilafətinin Baş vəziri kimi tarixi qərarlar alır. Onun tərəqqisi üçün əlindən gələni əsirgəmir. 1171-ci ildə sonuncu Fatimi xəlifəsinin vəfatından sonra Misirin Baş vəziri-valisi təyin olunur. Zəngi hökmdarı Nurəddin Zənginin adından Misiri idarə edən Səlahəddin qısa zaman kəsiyində onu Yaxın Şərqin nüfuzlu dövlətindən birinə çevirir. Üç il sonra Nurəddin Zəngi dünyasını dəyişir. Misirin valisi Zəngilər dövlətini və Nurəddin Zənginin hökmdarlığına aid olan torpaqları iradəsinə tabe etmək üçün hərbi əməliyyatlara başlayır. Bununla da 1174-cü ildə 75 il davam edən Eyyubilər sülaləsi hakimiyyət başına keçir. Eyyubilər İmperiyasının təməli qoyulur.
Yəməni fəth etməklə Qırmızı dənizə nəzarəti bütünlüklə ələ keçirir
Sultan titulunu qazandıqdan sonra Səlahəddin Eyyubi Suriyaya dönür. Hələb və Mosulu iradəsinə tabe edir. Haşhaşilərə qarşı hərbi yürüşə qalxır. 1176-cı ildə Hələbin mühasirəsi zamanı bir qrup Haşhaşi sultan Səlahəddinə qarşı iki dəfə sui-qəsdə cəhd etsə də, İslamın xilaskarını, “Məkkə və Mədinənin hizmətkarı”nı Tanrı özü qoruyur. Bu qüdrətli sərkərdənin ordusu Yəməni fəth etməklə Qırmızı dənizə nəzarəti bütünlüklə ələ keçirir. Zəngi hökmdarı Nurəddin Zənginin dul xatunu və Suriya hökmdarının qızı olan İsmət xatunla nikaha girən Sultan Səlahəddin hakimiyyətini daha da möhkəmləndirir.
Misirin xilaskarı, Yəmənin, Livanın, Sudanın, Fələstinin, Hicazın bayraqdarı ən böyük arzusu, məqsədi Suriya torpaqlarını, İraqın şimalını, Mesopotamiyanı öz iradəsinə, iqtidarına tabe etməkdi. 1186-cı ilə qədər istəyinə nail olan Eyyubi Sultanı bu müsəlman torpaqlarını hakimiyyəti altında birləşdirir. Sultan Bəyazit, Sultan Səlim, Fateh Mehmet kimi ömrünü xaçlılarla mübarizəyə həsr edən Sultan Səlahəddin 1187-ci ildə sayca ordusundan çox olan xaçlılarla Hattin yaxınlığında üz-üzə gəlir. İyulun 4-də baş verən savaşda avropalılar Sultan Səlahəddin Eyyubinin ordusu tərəfindən pərən-pərən salınır, məğlub edilir.

Əsirlər arasında Qüds kralı Lusinyanlı Qay və Reynald de Şatilyon olsa da, Eyyubi Sultanı onlarla əsir kimi davranmır
1187-ci ilin oktyabrında, 88 il sonra Qüds yenidən müsəlmanların nəzarətinə keçir. Xaçlılar 88 il öncə Qüdsü işğal edərkən müsəlmanları qətlə yetirsə də, Sultan Səlahəddin şəhərin xristian əhalisinə toxunmur, Müqəddəs Məqbərə Kilsəsini himayəsinə alır. Əsirlər arasında Qüds kralı Lusinyanlı Qay və Reynald de Şatilyon olsa da, Eyyubi Sultanı onlarla əsir kimi davranmır. Əksinə, onların işğal etdikləri 52 müsəlman şəhərini də tarixi sakinlərinə, sahiblərinə qaytarır. Roma papası VIII Qriqori Qüdsü müsəlmanlardan geri almaq üçün səlib yürüşü, xaçlı hücumu üçün səfərbərlik elan edir. 1189-cu ildə baş tutan yürüşə sərkərdələr Fridrix Barbarossa, II Filip və Şir ürəkli ləqəbi ilə məşhur olan Kral Riçard başçılıq edir. 1192-ci ildə Sultan Səlahəddin və Kral Riçard arasında əldə olunan razılaşma nəticəsində III səlib yürüşünə son qoyulur. Qüds yenidən Sultan Səlahəddinin, Eyyubilər İmperiyasının nəzarətində qalır.
Bu qüdrətli hökmdarın zamanında Qurani-Kərimin 10-dan çox təfsiri qələmə alınıb
Tarixi mənbələrə, Eyyubilərin şəcərə dəftərinə, soy ağacına istinad edərək deyə bilərik ki, “Sultan Səlahəddinin 18 oğlu və bir qızı olub. Fəlsəfəyə, ədəbiyyata bağlılığı, xüsusi məhəbbəti ilə seçilən Sultan həm də səxavətli hökmdar, elm və təhsilin himayədarı kimi ad çıxarıb. Bu qüdrətli hökmdarın zamanında Qurani-Kərimin 10-dan çox təfsiri qələmə alınıb. Müqəddəs bölgələrə verdiyi töhfələrə görə Avropa və Asiya tarixçiləri tərəfindən “Məkkə və Mədinənin hizmətkarı” adını alan ilk hökmdar kimi tarixdə qalan Eyyubilər Sultanı dinindən, dilindən, irqindən asılı olmayaraq insanlar arasında fərq qoymayıb. Onlara cəsarətinə, ləyaqətinə, əsas hallarda isə Yaradanın eşqinə dəyər verib, sahib çıxıb.
Yaşı çox olmasa da, hərbi yürüşlərdə, zəfər dolu səfərlərdə keçən həyatı, təbəddülatlarla dolu ömür yolu onu yorsa da, qılıncını yerə qoymayıb, haqq uğrunda savaşlardan usanmayıb. Qılıncla Qələmin vəhdətində Eyyubilər İmperiyasını quran, Tanrının aslanı, Səhraların bozqurdu, Bozqırların nuru, Qüdsün xilaskarı kimi ad çıxaran, adı çəkiləndə xaçlı sərkərdələrin, kralların, kardinalların belə dizinin titrədiyi Sultan Səlahəddin 56 yaşında dünyaya vida nəğməsi oxuyub.
Ömrünün 30 ilini at üstündə keçirən Sultan, onun təqdimatını Abbasilər xilafətinə Misirin baş vəziri kimi verən Zəngi hökmdarı Nurəddin Zənginin şərəfini ömrünün sonuna qədər uca tutub. Onun dul qadını İsmət xatunun üstünə kimsəni almayıb. Onu Eyyubilər İmperiyasının baş xatunu kimi baş köşədə əyləşdirib. Ona təkcə könlünün və sarayının sultanı kimi deyil, həm də, Suriya hökmdarı Nurəddin Zənginin yadigarı kimi dəyər verib, dəyərlərin əyarına çevrilib.

Şəxsi parası cənazə məsrəfini qarşılamadığı üçün yaxınları və dostları tərəfindən qarşılanıb
1193-cü ilin yazında, martın 21-də, 56 yaşında Dəməşqdə Tanrı dərgahına çəkilib mələklərə qoşulan, cəsarətin, ləyaqətin, doğruluğun, düzlüyün nümunəsi kimi haqqın tərəzisinə çevrilən Sultan Səlahəddin Eyyubi ölümündən öncə sərvətinin böyük bir qisminin insanlara, rəiyyətinə paylanılmasına göstəriş vermişdi. Vida nəğməsini oxuduğu gün isə cibindən çıxan bir qızıl və bir gümüş dirhəm dəfn xərclərini ödəməyə yetməmişdi. Bu səbəbdən də həmin gün Baş vəzirin fərmanı Şamın küçələrində gəzdirilərək oxunmuşdu: “Ey əhali, eşidin! Misirin, Yəmənin, Sudanın, Livanın, Fələstinin, Hicazın və daha neçə-neçə torpaqların hökmdarı olan Səlahəddin Eyyubi dünyadan köçmüşdür. Şəxsi parası cənazə məsrəfini qarşılamadığı üçün bunlar yaxınları və dostları tərəfindən qarşılanmışdır.”
Dəməşqdə Əməvi məscidinin önündə dəfn edilən Sultan Səlahəddinin gəlişi İslam mədəniyyətini çevrələyən, Qurani-Kərimin nuruna qərq olan Misir, İraq, Hicaz, Suriya, Yəmən, Fələstin, Livan, Suriya kimi qüdrətli dövlətlər üçün Tanrıdan tale payı, mükafat idisə, gedişi fəlakətin, iflasın, səfalətin, tənəzzülün başlanğıcı, birliyin, bütövlüyün, törə qanunlarının pozulması idi. Onun gedişi ilə Nil vadisində, Misir ehramlarının ətəyində, Tanrının köç əyləyib, niqabını qaldırıb, Peyğəmbərləri xəlq edib, Səma kitablarını Mələklərin qanadında yer üzünə endirdiyi Şərqdə dünyanın düzəni pozuldu. Bütün bunlara, bu kədərli sonluğa baxmayaraq onun varisləri 1250-ci ilə qədər Suriya və Misiri idarə etdilər.
Şərəf Cəlilli