Yassıçəmən müqaviləsi ilə qardaş qırğınına son qoyan dövlət xadimi
Milli dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edən Ağqoyunlular dövləti özünün iqtisadi-sosial dirçəlişi, geniş əraziləri, daxili və xarici siyasəti, geosiyasi məkanda tutduğu mövqeyi, müdrik və məğrur hökmdarları ilə XV yüzildə qonşu dövlətlərlə yanaşı, uzaq Avropada da məşhur idi. Bu məşhurluğun əsas səbəbi bir tərəfdən onun İpək Yolu boyunda, Şərqlə Qərbin kəsişdiyi nöqtədə binə tutması idisə, digər tərəfdən Ağqoyunlular sarayında bu gün bəşəriyyətin xilası naminə insanların can atdığı sivilizasiyaların dialoquna söykənən saray mədəniyyəti, Batı ilə Doğunun bütövlüyünə rəvac verən daxili və xarici siyasəti idi. Şərq-Qərb dəyərlərinin kəsişmə nöqtəsinə çevrilən Ağqoyunlular dövlətinin saraylarında dini tolerantlığa, özgə millətlərdən olan gəlmələrə və gəlinlərə xüsusi ehtiram bəslənilirdi.
Şərqin və türk dünyasının dini-etnik xüsusiyyətlərindən biçimlənən qanunları və fərmanları ilə seçilən Ağqoyunlu hökmdarları xalqın firavan yaşaması, ərazilərin toxunulmazlığı naminə daha çox dialoqlara can atar, sülh sazişləri imzalamaqla digər türk dövlətlərinin də, əmin-əmanlığına təminat verirdi. Müsəlman və xristian dünyasında, Şərqlə Qərb arasında barış bucağına çevrilən Ağqoyunlular dövlətinin tarix qarşısında ən böyük xidməti də elə bu olmuşdur. Daha çox bəşəri dəyərlərə, sivilizasiyalı cəmiyyətə can atan Ağqoyunlular dövlətinin hökmdarları Turalı bəy də, onun oğlu Uzun Həsən də bu müqəddəs amalın gerçəkləşməsində Sara xatunun diplomasiyasına arxalanmışdırlar.

Avropa kralları tərəfindən uzaqgörən siyasətçi, müdrik və məğrur dövlət xadimi kimi qəbul olunurdu
XV yüzilin Şərqində yeganə diplomat qadın kimi tanınan Sara Xatun Avropa kralları tərəfindən uzaqgörən siyasətçi, müdrik və məğrur dövlət xadimi kimi qəbul olunurdu. Ömür-gün yoldaşı Turalı bəyin, adı tarixdə daha çox Uzun Həsən kimi xatırlanan oğlu Ağqoyunlu hökmdarı Həsən bəyin sarayını ağlı, zərifliyi, qadın və ana ülviyyəti ilə şərəfləndirən, müdrikliyi ilə Qərbi, Avropanı, Venesiya və Osmanlı saraylarını heyrətləndirən Sara xatunu İkinci Roma Papası Sikst belə “müdrik, məğrur siyasətçi, mahir diplomat” kimi etiraf etməkdən çəkinməmişdi.
Beynəlxalq siyasətdə daha çox qarşılıqlı anlaşmaya və sülh müqavilələrinə üstünlük verən Sara xatun hər bir siyasi gedişində Ağqoyunlu dövlətinin maraqlarını qorumaqla onun ərazi bütövlüyünə təminat vermişdi. Özünün humanizmi, xeyirxahlıq və nəciblik hissi ilə digər xalqların milli maraqlarına hörmət etməyi bacaran Sara xatun hər zaman insan və insanlıq nami-nə ədalətli siyasətə arxalanmışdı.
Hərbi-siyasi rəqibləri ilə eyni masaya əyləşəndə, dialoqlara başlayanda dövləti maraqlara, dini dözümlülüyə önəm verən, buna ağlı, iradəsi, qadın ürəyi və ana siqləti ilə nail olan Sara xatun bir elçi olaraq heç bir beynəlxalq səfərdən, diplomatik görüşdən əliboş dönməzdi. Onu qəbul edən krallar, hökmdarlar iki və çoxtərəfli dialoqlardan və danışıqlardan sonra ona mehriban ana, qüdrətli qadın, mötəbər diplomat kimi sayğı göstərərdilər. Sara xatun Azərbaycanın milli diplomatiya tarixində mühüm yer tutan Tomris, Nüşabə, Mömünə xatun, Zahidə xatun, Mehrican xatun, Türkan xatun kimi qüdrətli, müdrik xatunlarımızın, müxtəlif zaman kəsiyində saraylarımızın nur bəlgəsi olan xanımlarımızın, cəngavər, qəhrəman və cəsarətli sərkərdələrimizin ruhunu özündə, əməlində, dövlət, məmləkət sevgisində yaşatmışdı. O, böyük siyasətdə qazandığı ən böyük uğurunun təməlini 1453-cü ildə oğlu – Ağqoyunlu hökmdarı Uzun Həsən taxta çıxdığı zaman qoymuşdu. Sara xatun Ağqoyunlu hökmdarı Turalı bəyin ölümündən sonra şahzadələr arasındakı hakimiyyət davalarına, ara müharibələrinə, saray çəkişmələrinə son qoymuşdu. Öz müdrikliyi ilə saray əyanlarını da inandıraraq hakimiyyətin Uzun Həsənə etibar edilməsinə nail olmuşdur. Sara xatunun nüfuzu, müdrikliyi, uzaqgörən siyasəti sayəsində Ağqoyunlu hökmdarı Uzun Həsən XV yüzilin görkəmli dövlət xadiminə, məşhur sərkərdəsinə, qüdrətli diplomatına çevrilərək 25 il (1453-1478-ci illər) kiçik dövlət kimi tanınan Ağqoyunlular dövlətini qüdrətli imperiyalardan birinə çevirmişdir.
Ağqoyunlularla Osmanlıları müharibə meydanına çəkmək istəyən Venesiya kardinalları səfir Slosafat Barbaraya “Sara xatuna ehtiram göstərməklə onu Türkiyə ilə müharibəyə çağırmaq” tapşırığı vermişdi
Hər bir azərbaycanlının qürur mənbəyi olan Oğuz eli Ağqoyunluların “Oğuznamələr”indən, “Kitabi Dədə Qorqud” dastanından boy alan müdrik və möhtəşəm milli dövlətçilik ənənələri və siyasəti arxasında həm də Sara Xatun diplomatiyası dayanmışdı.
Qərb, Avropa kralları, Venesiya hakimləri, Roma Papası, Osmanlı sultanları Ağqoyunlular sarayına göndərdikləri səfirlərə, nümayəndələrə Sara Xatunla görüşməyi, bilavasitə onunla danışıqlar aparmağı və onunla hesablaşmağı tövsiyə edərdilər.
Türk dünyasını sarsıtmaq, iki türk dövlətini – Ağqoyunlularla Osmanlıları müharibə meydanına çəkmək üçün Venesiya kardinalları 1473-cü ildə Ağqoyunlu Uzun Həsənin sarayına göndərdikləri səfir Slosafat Barbaraya “məhz Sara xatuna ehtiram göstərməklə onu Türkiyə ilə müharibəyə çağırmaq tapşırığı verilmişdi.” Sara xatun isə üzünü görmədiyi, fəqət Ağqoyunlu sarayında türk dünyasından gizli saxlanılan bu siyasətin arxasında nələrin durduğunu anladığından, 1461-ci ildə Osmanlı sultanı Fateh Mehmetlə Yassıçəmən görüşü zamanı apardığı danışıqlarla sülh müqaviləsinə nail olmuşdur. Bununla da o, Osmanlı sultanlığına və Ağqoyunlu dövlətinə qarşı gizli planlar cızan, Azərbaycana sahib çıxmaq istəyən Roma Papası başda olmaqla Qərb dövlətlərinə, gürcü knyazlarına, Kiçik Asiya hakimlərinə, Avropa krallarına müdrikliyi ilə dərs vermişdir. Uzun Həsənlə Sultan Mehmeti, iki türk cahangirini üz-üzə qoymaqla onlara arxadan zərbə vurmaq istəyənlərin niyyətini gözündə qoyan Sara xatun əldə etdiyi sülhlə iki türk dövlətini qandan, qardaş qırğınından xilas etmişdi.

Trabzonu bir başqa diplomatik gedişlə öncədən əldə edən Sara xatun onlarla müttəfiqliyə, qohumluq bağlarına nail olmaqla Ağqoyunluların Qara dənizə çıxış hüququnu qazanmışdı. Sultan Mehmet Fatehlə avropalıların danışıqlarında iştirak edən Sara xatun bu iştirakı ilə Osmanlı qoşunları yanında dayanaraq onların Trabzon hücumunun qarşısını almağa cəld etməklə Trabzon imperatorunun və ailəsinin təhlükəsizliyi üçün zəmanətə nail olmuşdu.
Danışıqlarda bir-birinə “Ana-Oğul” deyərək müraciət edən bu iki müdrik şəxsiyyət – Sultan Mehmet Fatehlə Sara xatun böyük səlib yürüşünə çıxan avropalıları çökdürməyin yeganə yolunu qardaş qırğınından yan keçməklə sülh anlaşmasının ən real siyasi gediş olduğunu qəbul etmişdilər. Sara xatun sultana Trabzon torpaqlarının Ağqoyunlu Uzun Həsənin xatunu, gəlini Dəspinə xatuna məxsus olmasını bildirərək bu torpaqlara və Trabzon xəzinəsinə sahiblik məqsədilə vərəsəlik hüququnun ona verilməsini də, ondan xahiş etmişdi. Nəticədə Trabzon xəzinəsi Osmanlı sultanı ilə Ağqoyunlu hökmdarı arasında bölüşdürülmüşdür.
XV yüzilin müharibələr, səlib yürüşləri, hücumlarla dolu səhifələrinə Təbriz-Azərbaycan gözəli, Şərqin, Türk dünyasının qüdrətli diplomatı, məğrur dövlət xadimi kimi yazılan Sara xatunun adı çəkiləndə bu gün də, dilindən, dinindən asılı olmayaraq hər kəs sayğı duruşuna dayanır. Onu tolerantlığın, müdrikliyin, ləyaqətin ünvanı kimi yad edir.
Şərəf Cəlilli