Yusif ibn Əbu əs- Sac – Xilafətə vergi ödəməkdən imtina edən, Bizansa boyun əyməyən, Qərmətilər tərəfindən öldürülən hökmdar
Minillər boyu hücmlara məruz qalan, qüdrətli Sərkərdə-xaqanlar yetirən Odlar Yurdu Azərbaycanın dövlətçilik tarixində Ərəb Xilafətinin hücumlarının da öz yeri, dəsti-xətti, həm də kədərli tarixi var . Buna nümunə olaraq Xürrəmilər Hərəkatının lideri – Babək Xürrəminin iyirmi illik mücadiləsini, son məqamda “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir! Azərbaycan, Azərbaycan, Azərbaycan!” nidasını xatırlamaq kifayətdir. IX əsrin əvvəllərinə kimi ərəb xilafəti Azərbaycan torpaqlarını işğal edib burada möhkəmlənmişdi. Xilafətin ərazisi böyük olduğuna görə ərəblər güvəndikləri sərkərdələri ayrı-ayrı əyalətlərə hakim təyin edirdilər. Belə sərkərdələrdən biri də əslən Mərkəzi Asiya türklərindən olan Əbu əs-Sac Divdad idi. O, xilafət ordusunda göstərdiyi misilsiz xidmətlərə görə Azərbaycanın cənubuna hakim təyin olunmuşdu. Görkəmli şərqşünas Panteleymon Juze qeyd edir ki, Sacilər sülaləsinin kökəni qədim türklərə dayanır. Sacilər, İsfahanda IX əsrin ikinci yarısında tarix səhnəsinə çıxan və Azərbaycana bir neçə bacarıqlı hökmdar verən türk sülalələrindən biri sayılır. Sacilərin nümayəndəsi olan Əbu əs-Sac Divdad Ustrüşanadan, Dağlıq Cankakat kəndindəndir. Bu sülalə xilafət qarşısındakı xidmətlərinə görə Azərbaycanı bir mülk olaraq almışdı deyə Panteleymon Juze qeyd edib.

Yeni dövlətə onu idarə edən sülalənin adı ilə Sacilər dövləti deyilməyə başlandı
Əldə olunan məlumatlardan bəlli olur ki, IX əsrin ortalarından xilafət geriləmə dövrünə qədəm qoydu və xəlifənin dövlətin ucqarlarına təyin etdiyi hakimlər öz ərazilərini müstəqil şəkildə idarə etməyə başladılar. Bununla da, xilafətin ucqarlarında yeni dövlətlər meydana gəldi. Bu dövrdə Azərbaycanın şimalında Şirvanşahlar dövləti yarandı. Həmin ərəfələrdə Azərbaycanın cənub torpaqlarını xilafətin hakim təyin etdiyi Əbu əs-Sac Divdadın oğlu Məhəmməd ibn Əbu əs-Sac idarə edirdi. Onun iqamətgahı Marağa şəhərində yerləşirdi. Xilafətin zəifləməsindən istifadə edən Məhəmməd ibn Əbu əs-Sac 879-cu ildə Azərbaycan torpaqlarının cənubunda öz dövlətini qurdu. Yeni dövlətə onu idarə edən sülalənin adı ilə Sacilər dövləti deyilməyə başlandı.
Sacilər dövlətinin ilk paytaxtı Marağa şəhəri olsa da, 901-ci ildə paytaxt Ərdəbil şəhərinə köçürüldü. Amma bu barədə bir qədər sonra… Sacilər dövləti yeni yarandığı vaxtlarda xilafət xəzinəsinə vergi ödəyirdi. Bu da dövlətin ilk vaxtlarda Ərəb xilafətindən asılı olduğunu göstərir. Lakin Məhəmməd ibn Əbu əs-Sacın qardaşı Yusif ibn Əbu əs-Sac 912-ci ildə xilafət xəzinəsinə vergi ödəməyi dayandırdı. Bunu o dövrdə Sacilər dövlətində kəsilmiş pulların üzərində də görürük. Belə ki, o dövrdə xilafətdən asılı vəziyyətdə olan dövlətlərdə üzərində yalnız xəlifənin adı yazılmış pullar kəsilərdi. Amma bu dövrdən etibarən Sacilər dövlətində kəsilmiş pulların üzərində yalnız Yusif ibn Əbu əs-Sacın adı həkk olunurdu.

İmperator VII Konstantin Sacilərin üzərinə ordu göndərsə də, onlar Bizans qoşunlarını darmadağın etdilər
Belə bir həssas dönəmdə – 901–928-ci illər aralığında hakimiyyətdə olan Yusif ibn Əbu əs-Sacın hökmdarlıq dövründə Sacilər dövləti özünün yüksəliş dövrünü yaşayırdı. Onun hakimiyyəti illərində paytaxt Ərdəbilə köçürülmüşdü. Bundan sonra Ərdəbil şəhəri böyüyüb inkişaf etməyə başladı və Şərqin ən böyük yaşayış mərkəzlərindən birinə çevrildi. Yusif ibn Əbu əs-Sac hərbi gücünə arxalanıb dövlətinin sərhədlərini genişləndirməyə başladı. Əvvəl Şirvanşahları özündən asılı vəziyyətə salan Yusif ibn Əbu əs-Sac 914-cü ildə Gürcü knyazlıqlarının üzərinə yürüş təşkil etdi. Bu yürüşlərdən sonra Gürcüstanın şərq hissəsi Sacilər dövlətinin nəzarəti altına düşdü. Bununla barışmayan Bizans imperatoru VII Konstantin Sacilərin üzərinə ordu göndərdi. Lakin Sacilər Bizans qoşunlarını darmadağın etdilər.

Sacilərin bu qələbəsi Samaniləri dəstəkləyən xəlifə əl-Müqtədiri qəzəbləndirdi
Qüdrəti artdıqca hərbi taktikasını genişləndirən, 917-ci ildə Samanilər dövləti ilə müharibəyə başlayan Yusif ibn Əbu əs-Sac Zəncan, Əbhər, Qəzvin və Rey şəhərlərini ələ keçirdi. Sacilərin bu qələbəsi Samaniləri dəstəkləyən xəlifə əl-Müqtədiri qəzəbləndirdi. Buna görə də xəlifə ən güclü ordusunu Sacilərin üzərinə göndərdi. Vəziyyəti belə görən Yusif ibn Əbu əs-Sac Ərdəbilə çəkildi. Bu dövrdə Sacilərin vassalı olan Dərbənd əmiri Əbdülmalik ibn Həşim Yusif ibn Əbu əs-Sacdan hərbi dəstək istəmişdi. Ordusunun bir hissəsini Dərbəndə göndərən Yusif ibn Əbu əs-Sac Ərdəbildə xilafət ordusuna məğlub oldu və 919-cu ildə həbs edildi. Onun həbs olunduğu üçillik qısa müddətdə Sacilər dövlətini Yusif ibn Əbu əs-Sacın qulamı olan Subuk idarə edirdi. Bu dövrdə Sacilər cənubda bir sıra ərazilərini itirdilər. 922-ci ildə həbsdən çıxan Yusif ibn Əbu əs-Sac böyük bir ordu toplayıb Rey və Həmədan şəhərlərini yenidən ələ keçirdi. Uzaqgörən bir hökmdar olan Yusif ibn Əbu əs-Sac dövlətin itirilmiş nüfuzunu qısa zamanda yenidən bərpa etdi. O, yenə Şirvanşahları və Gürcü knyazlıqlarını özündən asılı vəziyyətə saldı. Onun hakimiyyəti illərində Dərbənddən Zəncana qədər uzanan tarixi Azərbaycan torpaqları ilk dəfə olaraq bir mərkəzdə birləşdirildi. Bu səbəbdən də Sacilər bütün Azərbaycan torpaqlarını bir mərkəzdə birləşdirən ilk dövlət kimi tarixə düşdü.

Yusif ibn Əbu əs-Sac 928-ci ilin yanvarında Qərmətilər tərəfindən edam edildi
Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, 920-ci illərin sonunda Abbasilər xilafətində Qərmətilər hərəkatı başlandı. Qərmətilərlə tək mübarizə apara bilməyən xəlifə əl-Müqtədir keçmiş düşməni Yusif ibn Əbu əs-Sacdan kömək istədi. Atasının və babalarının Ərəb xilafətinə xidmətlərini göz önünə gətirən Yusif ibn Əbu əs-Sac xəlifənin bu təklifini geri çevirmədi. Böyük bir ordu yığan hökmdar Ərəb səhralarına yollanaraq Qərmətilərlə mübarizəyə başladı. Qərmətilərlə döyüşə girən Yusif 927-ci ilin 8 dekabrında Kufə yaxınlığında məğlub edilərək həbs olundu. Abbasi ordusu onu azad etmək üçün həmlələr etsə də, heç bir nəaliyyət əldə edə bilmədi. Yusif ibn Əbu əs-Sac 928-ci ilin yanvarında Qərmətilər tərəfindən edam edildi.

Sacilər dövləti süquta uğrasa da, Azərbaycan torpaqlarını bir mərkəzdə birləşdirən dövlət kimi tarixdə qaldı
Yusif ibn Əbu əs-Sacın ölümündən sonra Sacilər dövləti zəifləməyə başladı. Hakimiyyətə isə Məhəmməd ibn Əbu əs-Sacın oğlu Əbülmüsafir Fətih ibn Əbu əs-Sac gəldi. Lakin onun hökmdarlığı çox sürmədi. 929-cu ildə Əbülmüsafir Fətih ibn Əbu əs-Sac öz qulamı tərəfindən sui-qəsdə məruz qalıb öldürüldü. Sacilər sülaləsinin sonuncu hökmdarı kimi tarixdə qaldı.
Əbülmüsafir Fətih ibn Əbu əs-Sacın qəsdindən sonra Sacilər dövlətini qulamlar arasında şöhrət qazanmış sərkərdələr idarə etməyə başladı. Ard-arda Vasif əl-Şirvani, Müflih əs-Saci və Deysəm ibn İbrahim kimi sərkərdələr Sacilər dövlətini idarə etməyə başladılar. Halbuki bu sərkərdələrin heç biri Sacilər sülaləsindən deyildi. Bu dövrdə dövlət xeyli zəifləmişdi. Bundan istifadə edən yeni yaranmış Salarilər dövləti 941-ci ildə Sacilərin paytaxtı olan Ərdəbil şəhərinə hücum etdi. O dövrdə Sacilər dövlətinin hökmdarı olan Deysəm ibn İbrahim Salarilərlə mübarizə aparmaq iqtidarında deyildi. Asanlıqla paytaxt Ərdəbili tutan Salarilər Sacilər dövlətinin varlığına son qoydular. Sacilər dövləti süquta uğrasa da, Azərbaycan torpaqlarını bir mərkəzdə birləşdirən dövlət kimi tarixdə qaldı.
Şərəf Cəlilli