Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

GÜNDƏM

Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid

WhatsApp Image 2026-06-01 at 15.08.05 (1)

Uzaqdan görünən Çıraqqalanın kölgəsində, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən Şabranın Qazbabalı kəndində uşaqların çoxunun həyatı asfalt yolun bitdiyi yerdən başlayır. Elə bir yerdə ki, məktəb yalnız ibtidai siniflə kifayətlənir, orta təhsil almaq üçün isə kilometrlərlə yol qət etmək lazımdır. Bunun payızı var, qışı var, yazı var, ayazı var…

Bu kəndin uşaqları üçün Bakı uzun illər xəritədə gördükləri, müəllimlərinin danışdığı uzaq bir şəhər idi. Bu il isə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü  onların həyatında başqa cür yadda qaldı.

Türkiyənin aparıcı e-ticarət platforması Trendyol və PAŞA Holding-in təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə  Şabran rayonunun Qazbabalı, Yenikənd, Əmirxanlı kəndlərində yaşayan aztəminatlı uşaqlar müəllimləri və valideynləri ilə birlikdə Bakıya dəvət olundular. Onlar robotexnika dərslərində iştirak etdilər, əyləncə mərkəzində vaxt keçirdilər, İçərişəhərin qədim küçələrində gəzərək Azərbaycanın tarixi ilə tanış oldular.

Bəlkə də tədbirin proqramında bunlar sadəcə bir neçə bənd idi. Amma həmin uşaqlar üçün bu gün həyatlarının ən böyük macəralarından biri oldu.

Uşaqlardan çoxunun bu, Bakıya ilk səfəri idi. Onların gözlərindəki heyrəti görməmək mümkün deyildi. Hündür binalara baxanda dayanıb qalanlar, İçərişəhərin daş küçələrində şəkil çəkdirənlər, robot düzəltmək üçün masaların ətrafına toplaşıb diqqətlə təlimçiləri dinləyənlər… Ən çox yadda qalan isə onların sevincinin səmimiliyi idi.

Bu uşaqların bir çoxu təhsil almaq üçün hər gün müxtəlif çətinliklərlə üzləşirlər. Onların ən böyük dayaqlarından biri isə iki ildən artıqdır ki, kilometrlərlə yol qət edərək kəndə gələn jurnalist və müəllim Coşqun Eldaroğludur.

Qazbabalıda məktəbdən kənarda qalan uşaqların təhsildən uzaq düşməməsi üçün başladığı təşəbbüs artıq onlarla uşağın həyatına toxunub. Dar bir otaqda keçirilən dərslərdə onlar Azərbaycan dili, riyaziyyat, ingilis dili və dünyagörüşü öyrənirlər. Amma Coşqun müəllimin verdiyi yalnız dərs deyil. O, uşaqlara başqa bir dünyanın mövcud olduğunu göstərir.

Bu dəfə həmin dünya onların qarşısında bütün rəngləri ilə açılmışdı. Robotexnika üzrə master-klass zamanı məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış oldular. Öz əlləri ilə qurduqları mexanizmlərin hərəkət etdiyini görəndə üzlərində yaranan təbəssüm, təəccüb və eyni zamanda da özünə inam isə hər şeydən çox danışırdı.

Sonra əyləncə mərkəzi gəldi. Qaçan, oynayan, bir-birini səsləyən uşaqların sevincini sözlə ifadə etmək çətindir. Günün sonunda isə İçərişəhər onları əsrlər öncəsinə aparırdı. Qədim qala divarları, daş küçələr, tarixlə nəfəs alan məkanlar…

Bəzilərinin həyatında ilk dəfə gördüyü Bakı onların xəyal etdiyindən də böyük idi. Hətta uşaqların Xəzərə necə heyrətlə baxdığını görmək daha çox düşünməyə vadar etdi. Hər gün qarşısından etinasız keçdiyimiz binalar, evlər, mollar və elə dənizin özü, sən demə, bir başqaları üçün əlçatmaz bir arzu kimi ürəkdə böyüyürmüş. Və sən demə, daha çox şeyin qədrini bilməliyikmişik…

Amma bu səfərin ən qiymətli hissəsi nə robotlar, nə əyləncə mərkəzi, nə də ekskursiya idi. Ən qiymətlisi həmin uşaqların gözlərində görünən ümid idi.

Çünki Qazbabalıda böyüyən bir uşaq üçün Bakını görmək adi bir səyahət deyil. Bu, başqa imkanların da mövcud olduğunu anlamaqdır. Robot hazırlayan uşaq bəlkə ilk dəfə mühəndis ola biləcəyini düşünür. İçərişəhərdə gəzən qız bəlkə ilk dəfə tarixçi olmağı  xəyal edir. Əyləncə mərkəzində doyunca gülən bir uşaq isə hiss edir ki, onun da arzuları başqalarının arzuları qədər dəyərlidir. Ən çox heyrətləndirən isə 

Mərdanov Ağarza oldu. O, oftalmoloq olmaq arzusundadır. Özü də dediyi kimi, görməyən insanların gözünə işıq vermək istəyir. Bu arzunun altında əslində daha böyük məna, daha dərin bir ideya yatır…

Günün sonunda avtobus yenidən Şabran istiqamətində yola düşürdü. Amma geri qayıdan uşaqlar səhər Bakıya gələn uşaqlar deyildilər. Onlar özləri ilə yalnız xatirələr aparmırdılar. Onlar özləri ilə ümid aparırdılar.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,2 dəfə çoxdur

GÜNDƏM

Baki-baku.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,2 dəfə çoxdur
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin