Azərbaycanda Novruz bayramı qeyd olunur. Novruzun müxtəlif adətləri var. Biz də bu bayram tanınmış aparıcı, Bakı haqqında bir çox gözəl layihələrin rəhbəri, Əməkdar Mədəniyyət işçisi Rahib Azəri ilə söhbətləşdik..
Baki-baku.az Rahib Azəri ilə bayram müsahibəsini təqdim edir:
Bakıda qeyd olunan Novruz bayramlarını necə xatırlayırsınız?
Mən 1962-ci ildə anadan olmuşam. O zamanlar Novruz bayramı daha çox evdə, ailədə qeyd olunardı. 1967-ci ildə Şıxəli Qurbanovun böyük zəhməti nəticəsində Novruz Bakıda ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edildi. Artıq bütün ölkə bu bayramı daha geniş və təntənəli qeyd etməyə başladı. Biz də məhəllədə tonqal qalayar, üstündən tullanardıq. Bildiyimiz bütün adətləri böyük həvəslə yerinə yetirərdik.
Hansı Novruz adətləri vardı? İndi onlardan hansılar qalıb?
Novruzun ən çox sevilən adətlərindən biri papaq atmaqdır. Mən bir azərbaycanlı, bir türk kişisi olaraq qapıya papaq atmağın əleyhinəyəm. Bizdə qədimlərdən bacadan şal sallayardılar, torba atardılar. İstərdim ki, yenə də papaq yox, sal, torba atılsın. Amma bu adətin necə yerinə yetirilməsindən asılı olmayaraq, onun xüsusi mənası var. Belə ki, yığılan şirniyyat, qoz-fındıq və s. bayram yer-yemişi məhəllədə yaşayan imkansız ailələrə verilərdi. Çünki bu bayram birlik, həmrəyliyin simvoludur.
Evlərdə belə bir adət vardı ki, ailə üzvlərinin adlarını böyük sevinc hissi elə bişirilən şəkərburanın üstünə naxış vurardılar. Sonra hər kəs öz şəkərburası ilə öyünərdi. Bizim evin də öz adəti vardı. Sobadan çıxan ilk şəkərburanı anam armudu stəkanda təzə dəmli çayla atama təqdim edərdi. Sonra biz uşaqlar da sevinclə il boyu həvəslə gözlədiyimiz şirniyyatın dadına baxardıq.
Bakıda əsasən ilaxır çərşənbə və Novruz bayramının özü qeyd olunurdu. Gəlinlər-qızlar mütləq qulaq falına çıxardı. Mənim xeyir işim olacaqdı. Bacım qonşuya qulaq falına çıxdı. Sevinə-sevinə qayıtdı ki, qonşuda nənə nəvəsinə “hər şey yaxşı olacaq” dedi. Anam da bu sözdən sonra, bu işin doğrudan da xeyirli olacağına inandı. Bu adət bu gün qorunub saxlanılır. İnsanların böyük inamla qulaq falına çıxdığının hər ilaxır çərşənbədə görürük.
Novruzun daha bir gözəl adətlərindən biri də qohum-əqrəbanı yad eləməkdir. Babam bayram günü səhər evdən çıxar, bir-bir əzizlərinin qapısını döyər, imkanı olmayanlara bayram payı verər, olanları isə təbrik edib gedərdi. Axşama kimi qonum-qonşu, qohum-əqrəba beləcə bir-birinin evinə gedib, xoş arzular diləyərdi.
Novruz adət-ənənələri, sizcə, bu gün necə davam etdirilir?
Artıq müstəqillik dövründə Novruz bayramı şənlikləri daha yüksək səviyyədə qeyd olunmağa başladı. Tonqallar artıq təkcə məhəllələrdə deyil, parklarda, meydanlarda qalandı.
Yadımdadır, Qoşa Qala qapılarının önündə hər il bayramda tonqal qalanar, Ümumilli liderimiz Heydər Əliyev də bu bayramda iştirak edərdi. Bayramın atributları olan Kosa və Keçəllə də söhbət edər, xalqa xoş arzularını çatdırardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu gözəl adəti davam etdirir. Ölkəmiz torpaqlarını işğaldan azad etdikdən, suverenliyini bərpa etdikdən sonra Novruz tonqalı artıq Şuşada, Xankəndidə qalanır. Bu il Ağdərədə cənab prezident bayram tonqalı qaladı. Bu, çox böyük bir hadisədir. Bütün dünyaya bir mesajdır ki, Azərbaycan torpaqlarını işğaldan azad edib!
Ölkəmizə bu bayram günündə arzunuz nədir?
“Kitabı Dədə Qorqud” dastanında tonqal sayları ilə bağlı maraqlı məqam var. Qalanan tonqalların sayına uyğun bilinərdi ki Oğuz əlində nə baş verir. Bir tonqal qalanar da bu eldə-obada şadlıq olduğuna işarə idi. Mən arzu edirəm ki, ölkəmizdə həmişə şadlıq, bayram tonqalı qalansın. O tonqal dost elləri vətənimizin xoş gününə dəvət etsin.
Söhbətləşdi: Xanım Aydın