I-ci yazı
Odlar Yurdu Azərbaycanın hər guşəsi bizim üçün əzizdir, doğmadır. Yaddaş yerimiz, ilk layla beşiyimiz, ilk məhəbbətimiz, ana, Vətən sevgimiz kimi dünyanın o başına qəlbimizin başında daşıdığımız yurd yerlərimizi tanımaq, tanıtdırmaq isə Vətən tarixi qarşısında ən ali vəzifəmiz, borcumuzdur. Sərt, sıldırım qayaların məskəni olan Qusar da o əziz ünvanlardan biridir.

Bədişqala – Tanrının dəniz səviyyəsindən beş yüz beş metr yüksəklikdəki səltənəti
Qəlbi dağları, sərt, sıldırım qayaları, cəngavər igidləri, zəngin mədəniyyəti, qüdrətli tarixi, “Ləzginka” havası, haqq davası ilə dünyaya meydan oxuyan Qusarın hər qayası, hər daş parçası, hər qarışı bir tarix olduğu kimi, hər bir kəndi, ağulu belə bir tarixdir. İnamı, etiqadı, multikultural dəyərləri ilə bir başqa dünya, aləm olan bu diyarda sanki tarix lal sükuta dalıb. İnsanı uzaqlara, lap, lap uzaqlara, dünyanın ilkinliyinə, batini gözəlliyinə aparır. Bədişqalanın adı gələndə hər kəs məhz tarixin sükuta daldığı bir köydən söz açırmış kimi danışır. Dəniz səviyyəsindən 505 metr yüksəklikdə yerləşən Bədişqala kəndi ilk baxışdan insanı təmiz, saf, şüşə kimi büllur havası və göz oxşayan təbiəti ilə heyran edir. Min nəfərdən çox insanın yaşadığı bu kənd yerli sakinlər tərəfindən də nağıllar aləmi kimi qəbul olunur. Olduqca zəhmətkeş, xeyirxah, dözümlü və mehriban insanları ilə şöhrət tapan Bədişqala qonaqpərvərliyi, adət-ənənələrə bağlılığı, tarixə ehtiram hissi ilə fərqlənir. Saf bulaq suları, dörd bir yanı bürüyən təbii gözəlliklər bu kənddə insana hüzur bəxş edir.

Atalardan onlara miras qalan sənətləri gələcək nəsillərə ötürürlər
Bərəkətli torpaqlarda əkib-becərdikləri nemətlərlə zəngin həyat tərzi keçirən Bədişqala insanı atalardan onlara miras qalan sənətləri – nalbəndliyi, misgərliyi, toxuculuğu, xalçaçılığı qorumaqla yanaşı, onu həm də gələcək nəsillərə ötürürlər. Bədişqala həm də ədəbiyyat və incəsənətin qorunub-saxlanıldığı qədim-qayım kəndlərdəndir. Burada hələdə əsgi çağlarda olduğu kimi şeir və dastan gecələri keçirilir. Məclislərdə gənclərə xeyir-duanı ustad aşıqlar verir. Hər bir ailədə dünyaya gələn körpələrə ana dili və “Ləzginka” rəqsi mütləq öyrədilir.

Bədişqala Tanrının lütfü olmaqla yanaşı, həm də, təbiətin neməti, möcüzəsidir
Qusarın min incisindən biri olan Bədişqala bu torpaqların tarixi sakinlərinə Tanrının lütfü olmaqla yanaşı, həm də, təbiətin neməti, möcüzəsidir. Onun ülviyyəti, gözəlliyi ilə baş-başa qalmaq, dəniz səviyyəsindən 505 metr yüksəklikdə sinədolusu nəfəs almaq, təbiətin ehtişamını bir də buradan seyr etmək istəyənlər Qusara, Bədişqala kəndinə, qalaların, sərt, sıldırım qayaların, qəlbi dağların qoynuna gəlsin.

Yeddi dəfə dağıdılan, iki kəndə ünvan olan Quhur
Şahdağın əzəməti, sərt, sıldırım qayaların zinəti, Dərbəndin qala divarlarının həsrəti, nər biləkli, şir ürəkli, qartal qanadlı ləzgilərin diyarı, hər qayası, daş parçası, çuxuru, məhəlləsi, aulu belə bir tarix olan Qusarın Quhur kəndi qədim yaşayış məskənlərindən, eyni zamanda cəngi-cida – döyüş meydanlarındandır.
Nə az, nə çox, düz 7 dəfə düşmən tərəfindən dağıdılan, hər dəfə yenidən ayağa qalxan Quhur sirli-soraqlı adı ilə belə maraq doğurur. Qusarın Sudur inzibati dairəsinə aid olan Qafqaz dağlarının və dik sıldırım qayaların arasında yerləşən Quhur zəngin mədəniyyəti, qüdrətli tarixi ilə də digər köylərdən seçilir. Ləzgi dilində adı “İki kənd” mənasını verən Quhur tarixən xarici basqınlardan, hücumlardan qorunmaq üçün təbii qala rolunu oynayan dağların arasında məskən tutub. Bu gün bu qədim-qayım kənddə 10 ailə yaşasa da, onlar ata-baba çırağının sönməməsi üçün sərt təbiətə və iqlim şəraitinə baxmayaraq yurd sevgisindən dönmürlər.

Quhur kanyonu turistlərin, kamp həvəskarlarının diqqətini çəkməkdədir
Heç bir alış-veriş mərkəzi, dükan-bazarı belə olmayan Quhurda yerli sakinlər ehtiyaclarını hələ də, qədim qaydalarla ödəyirlər. Məhsullarını dəyişməklə ömür sürürlər. Ev tikəndə, yeni yurd salanda isə el birliyi ilə əl-ələ verib iş görürlər. Bütün çətinliklərə qayğılara rəğmən Quhur qədim daş evləri, qəlbi dağları, göz oxşayan təbiəti , yaşıl çəmənləri, ən əsası, əzəmətli Quhur kanyonu ilə turistlərin, kamp həvəskarlarının diqqətini çəkməkdədir.
Şərəf Cəlilli