“Qonşular” estrada teatrı fəaliyyətinin bir illiyini qeyd etməyə hazırlaşır.
Teatrın bədii rəhbəri və təsisçisi olan Hüseyn Rzayev Bakı-baku.az a bildirib ki, kollektivin yaranması ideyası onun tələbəlik illərinə təsadüf edir. Onun sözlərinə görə, hələ universitetdə oxuduğu dövrdə bu istiqamətdə müşahidələr aparıb və artıq 4-cü kursda komandanı formalaşdırmağa nail olub.
“Biz həm qonşuyuq, həm də paralel – “qonşu” qruplarda oxuyurduq. Bir-birimizə “qonşu” deyə müraciət edirdik və bu ad sonradan kollektivin adına çevrildi”, – deyə o qeyd edib.
“Qonşular” estrada teatrı əsasən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunlarından ibarətdir. Kollektivin əsas məqsədi tənqid və təbliğ teatrı formatında çıxış edərək cəmiyyətdə mövcud problemləri satira yolu ilə tənqid etmək, eyni zamanda müsbət məqamları təbliğ etməkdir.
Teatr daha çox parodiya janrında hazırladığı səhnəciklərlə tamaşaçıların rəğbətini qazanıb.
Qeyd edək ki, “Qonşular” estrada teatrı fəaliyyətinin 1 illiyini aprelin 26-da Nizami Kino Mərkəzidə “Yeddi aktyor istərəm” adlı yeni konsert proqramı ilə qeyd edəcək.

Xanım Aydın

