Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/04/2026

Paylaşın

TARİXİMİZ

Qarapapaqların ilmə-naxış dünyası

Mehriban Əliyeva: “Xalça bizim zəngin mədəniyyətimizin bir hissəsi, keçmişimiz, bu günümüz, gələcəyimizdir!”

İlmə-ilmə, naxış-naxış toxunan, gələcəyə sevgi məktubu kimi ünvanlanan, hər naxışı bir dastan boyu, duyğular  çələngi, rənglər palitrası olan Qarapapaq xalçaları Qazax-Borçalı xalçaları adı ilə dünyanın məşhur sərgi salonlarını, muzeylərini bəzəyir. Berlin İncəsənət Muzeyində, Nyu-Yorkun Metropolitan Muzeyində,  Sankt-Peterburqun Ermitajında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun “Viktoriya və Albert” Muzeyində, Budapeşt İncəsənət Muzeyində qorunub, mühafizə olunan incilər Qarapapaq ruhunun aynası, zəngin dünyasının simgəsi, bəlgəsi, dəyərlərin əyarı kimi tarixlə müasirlik arasında körpüyə çevrilir.

Min illər boyu xalı-xalçaya müqəddəs varlıq kimi baxan Qarapapaqlar ona “Gəbə” deyə müraciət ediblər.  Gəbələri müqəddəs ruhun, inancın daşıyıcıları kimi  dəyərləndirib, evin baş köşəsindən, ən uca yerindən, divardan asıblar. Hər xalçanın toxunuşu bu torpaqlarda bir el bayramına, mühüm  mədəniyyət hadisəsinə çevrilib.

Xalçanı bir təbiət bayramı, təbiət hadisəsi kimi qəbul edib,  istək və arzularını,  sabahlarını onunla bağlayıblar.  Qarapapaq türklərinin tarixi məskəni olan Qazax və Borçalıda nənələr gələcək nəvələrinin oğlan və ya qız olacağını müəyyən etmək üçün hananın sehrindən istifadə ediblər. “Belə ki, yeniyetmə yaşına çatmamış bir oğlan uşağı at əvəzinə kilim çubuğunu minərək evin qapısından bayıra çıxıb. Ürəyində övlad yolu gözləyən qadının adını pıçıldayan bu oğlan uşağının qarşısına kişi çıxarsa, həmin qadının oğlu, qadın çıxarsa, qızı olacağına inanıblar. Ağbirçək nənələrimiz isə bu inamın həmişə özünü doğrultduğunu söyləyiblər.”

Paklığı sevən hanalar, hanaya bağlı analar

Bineyi-qədimdən dolu süfrəli, açıq qəlbli, qonaqlı-qaralı olan  Qarapapaq yörəsində xalça toxunuşuna xüsusi mərasimlər və məclislər həsr edilib. Təzə tikilən evi ərsəyə gətirən ustalara şirinlik apardıqları kimi, təzə xalça toxuyanları da unutmayıblar. Hanagördüyə, xalçakəsdiyə gediblər. Müqəddəs hisslərin, saf duyğuların ünvanı olan, paklıqdan yaranan xalça hanasının üstünə qüsl alıb, dəstamaz tutub gediblər.  Ustad xalçaçıların dili ilə desək, hana paklığı sevir. Əks halda həmin evdə bədbəxtlik baş verər, xalça toxunuşu yarımçıq qalar. Əgər bir evdə hana qurulubsa, qohum-qonşu  hananın kəsildiyi günü toy-bayram kimi səbirsizliklə gözləyiblər. Həmin gün hana kəsilən evdə qurban kəsilib, məclis  qurulub, nəzir-niyaz verilib.

Qarapapaq türkləri xalçaların toxunuşunda əsasən qoyunun bel hissəsindən olan yüksək keyfiyyətli yunlardan və keçi qəzilindən – tükündən istifadə olunur. Bu yun daha yumşaq və parlaq olduğundan, toxunan xalçalar uzun müddət öz keyfiyyətini və rəngini qoruyur. Xalçaların təbii boyalardan alınan qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, bənövşəyi və mavi rənglərdən ibarət kolorit həlli diqqəti cəlb edir. İplərin düzgün boyanması xalçanın keyfiyyətinin əsas şərtdir. Bu baxımdan boyaqçıların işi məsuliyyətlidir. Daha çox kimyəvi boyalara üstünlük verildiyi müasir dövrdə belə, Qazax-Borçalı boyaqçıları öz ənənələrinə sadiq qalaraq bu məsuliyyətli peşəni yaşatmaqdadırlar.

Qarapapaqların yaddaş xalısı – Qazax-Borçalı xalça örnəkləri ehtişamı ilə diqqəti özünə çəkir

Qazax-Borçalı xalçası dedikdə, bir qayda olaraq, Bakı, Şirvan, Quba və Təbriz xalçalarından bədii və texnoloji üsullarına görə tam fərqli olan, ağır çəkili, hündür, lakin yumşaq və parlaq xovlu yun ilə toxunan müxtəlif ölçülü xalçalar nəzərdə tutulur. Bəzi hallarda bu xalçaların boyu uzun olduğundan yolluğa bənzədilir. İlk baxışdan qalın görünən bu xalçalar ən yüksək keyfiyyətli yundan toxunur. Bu ənənə bu gün də yaşamaqdadır.

 “Bütün Azərbaycan xalçaları kimi Qarapapaqların yaddaş xalısı – Qazax-Borçalı xalça örnəkləri də tarixiləşdikcə daha böyük əhəmiyyət kəsb edib. Hal-hazırda XIV əsrə aid Qazax-Borçalı xalçaları Berlin İncəsənət Muzeyində, XVIII əsrə aid nümunələr Nyu-Yorkdakı “Metropolitan”da, Sankt-Peterburqdakı “Ermitaj”da, Rusiya Etnoqrafiya Muzeyində, Londonun “Viktoriya və Albert” Muzeyində, Budapeştdəki İncəsənət Muzeyində mühafizə olunur, ehtişamı ilə tamaşaçıların  diqqətini özünə cəlb edir”.

Xalı-xalça da insan kimidir, ruhu, rəngi, ahəngi var

Min illərdir  ümumbəşəri dəyərlər xəzinəsini yaratdığı incilərlə zənginləşdirən Qarapapaqlar “xalı-xalça da insan kimidir, ruhu, rəngi, ahəngi, dili var. Nəfəs alır, səs salır, onu anlayanlarla, dinləyənlərlə pıçıltı ilə danışır. Yaşayır, yaşadır.  İnsan kimi xalçaya da sahib çıxmaq, onu əzizləmək, sevmək, qoruyub saxlamaq gərəkdir”, nidası ilə ilmə-ilmə, naxış-naxış tarix yaradırlar.

Böyük İpəkyolu boyunda binə tutan Qarapapaqların ilmə-naxış dünyası, dünyanın maddi-mənəvi incilərinə çevrilməmişdən öncə karvan-karvan müxtəlif ölkələrə daşınıb. Tacirlərin gəlir yerinə çevrilib.  Tarixi mənbələrə istinad edərək deyə bilərik ki,  Qarapapaq xalçaları əsasən “Qazax, Gəncə bazarlarına və Tiflisin Şeytanbazarına çıxarılıb, buradan isə dünyanın müxtəlif yörələrinə yayılıbdır. Xalça ticarətinin düzgün qurulması bölgədə xalçaçılığın sürətlə inkişafına, xarici tacirlərin, səyyahların və alimlərin bölgəyə axınının artmasına səbəb olub. Dünyanın məşhur tacirləri, karvanbaşları, sarvanlar onun ayağına gəlib.

Xalçalarındakı işarələr, rəmzlər, simvollar Qarapapaqların İlahi eşqini, kosmoqonik görüşlərini özündə ehtiva edib

Qışda qışlaqda, yayda yaylaqda olan Qarapapaqlar sazlı-sözlü, ilmə-naxış dolu dünyası ilə börülərin diyarının simgəsinə, bəlgəsinə çevrilib. Bu müqəddəsliklərin hər birində min illərin yaddaş saxlancına dönən bayatılar, laylalar, dastanlar saz və oyun havaları, milli musiqi və rəqs nümunələri yaranıb. Qarapapaq xalçalarındakı işarələr, rəmzlər, simvollar onu ilmə-ilmə, naxış-naxış toxuyan insanın dünyasıının, duyğusunun, düşüncəsinin aynasına çevrilib. “Çərxi-fələk”, “damğa”, “daraq”, “əjdaha”, “göz”, “gül”, “həyat ağacı”, “ikibaşlı, dördayaqlı heyvan”, “qoç buynuzu”, “quş”, “ox”, “ulduz”, “yarpaq” simvolları  Qarapapaqların ilahi eşqini, kosmoqonik görüşlərini özündə ehtiva etdiyi kimi yerlə göy arasında bağına çevrilib.  Bu səbəbdən də tədqiqatçı alimlər, sənətşünaslar haqlı olaraq qeyd edirlər: “Qazax-Borçalı bölgəsinin xalçalarının simvollar aləmi bu torpaqlarda yaşayan insanların təbiətə münasibətini, təsərrüfat həyatını, məişətini, adət-ənənələrini ifadə edib. Burada toxunan xalçalar daha çox həndəsi kompozisiyaları ilə yadda qalır. Bu xalçaları dünyada məşhurlaşdıran, onların təsir gücü, qədimliyi, genetik mənsubiyyətinin və bədii quruluşunun sabitliyidir. Qarapapaq  xalçalarının gücü, enerjisi,  cazibəsi daha çox mistik, ezoterik və sakral anlamlı, lakonik fikirləri əks etdirən rəmzlərdən ibarət olduğu üçün dünya tədqiqatçılarının da diqqətini özünə cəlb etmişdir.”

Qırmızı, sarı, sürməyi, məxməri, bənövşəyi, masmavi, bəmbəyaz çiçəklərdən dəmət tutdular, adına öykülər yazdılar

Bir Qarapapaq türkü gözünü açandan , ayağı yer tutandan, ağlı kəsəndən , özünü dərk edəndən dünyadan köçənə qədər gəbəyə həvə olur.   Üstündə ayaq tutub dil açdığı xalını hanada ilmə-ilmə, naxış-naxış toxuyan, kəsin çayda suya çəkən, evin baş köşəsindən asan, gəlin köçürüb, oğul evləndirəndə xalı-xalçadan, kilim-cecimdən cehiz tutan nənəsinin, anasının laylasına, qım-qımasına böyüyür.

Dünya bina olandan Qarapapaqlar Yer üzündən köçənlərini suya çəkib,  xalı-xalçaya büküb, əzizləyib dərgaha yola salıb. “Səni ilmə-ilmə, naxış-naxış toxudum, kim deyir ki, iplər ilə toxudum?  Ürəyimdə daş etdim. Sevgi dolu qəlbimdə  sevgilərdən baş etdim. Sevgi məktubu bilib göyə ismarıc etdim”.

Min illərdir bu misraları yaddaşdan-yaddaşa ötürən dilidualı nənələr hanadan gəbələr kəsdilər. Təkcə xalça, gəbə kəsmədilər. Xalçanın gəbənin adına qurban kəsdilər. Sevdiklərinin cehizinə qoşdular, ayaqlarının altına sərdilər. Əziz bildiklərinə xalı-xalçadan pay göndərdilər. Göydən bir xalça enəcək, insan oğlunu mindirib dünyanı gəzdirəcək dedilər. Onu ümid bildilər. “Yada satmaram!” deyib yağı üstünə yeridilər. Dünyanın  maddi-mədəni irsinə çevirdilər. Adına muzey qurdular. Dünyanın məşhur sərgi salonlarında sərgilədilər. Yaddaş yerinə çevirdilər.  Özünü bəşər, fövqəlbəşər bilənləri səcdəsinə gətirdilər. Adına qırmızı, sarı, sürməyi, məxməri, bənövşəyi, masmavi,  bəmbəyaz çiçəklərdən dəmət tutdular. “Qızılgül oyum-oyum, dərim qoynuma qoyum, yağış yağar yer doymaz, mən səndən necə doyum?” deyib üzünə üz söykədilər, adına öykülər yazdılar.

Bakıda, alagözlü Xəzərin sahilində müqəddəs bir məkan, məbəd var: Azərbaycan Xalça Muzeyi. Qarapapaq xalılarının da qorunub, himayə olunduğu bu  ilmə-naxış dünyasının bir əzəmətli memarı var: “Xalça bizim zəngin mədəniyyətimizin bir hissəsi, keçmişimiz, bu günümüz, gələcəyimizdir!” deyib xalça sənətinə dəyər verən, Azərbaycan xalısını dünyanın maddi-mədəni irsi siyahısına yazdıran, “İtə ataram, ingilisə  satmaram!” nidası ilə “Yusif-Züleyxanın” yaddaş yerinə dönən yazıçı Mir Cəlalın nəvəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva!

 Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BCC) məlumat verilib.

Ən son

TARİXİMİZ

Baki-baku.az Ulu Öndərin metronun inkişafındakı tarixi xidmətlərinə nəzər salır.

TARİXİMİZ

Baki-baku.az Ulu Öndərin metronun inkişafındakı tarixi xidmətlərinə nəzər salır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin