Yay mövsümünün başa çatması ilə turizm sektorunda diqqət tədricən payız-qış aylarına yönəlir. Dəniz mövsümünün geridə qalması paytaxtın turistlər üçün cəlbediciliyinin azalması anlamına gəlməsə də, bu dövrdə şəhərə gələn qonaqlar üçün fərqli turizm imkanlarının ön plana çıxarılmasını tələb edir. Xüsusilə mədəniyyət, qastronomiya, şəhər gəzintiləri, beynəlxalq tədbirlər, konqres və sərgilər, eləcə də Bakıdan regionlara səfərlər payız-qış turizminin əsas istiqamətlərinə çevrilə bilər.
Bakının ilboyu turizm məkanı kimi mövqeyini gücləndirmək üçün yalnız turist sayının artırılması deyil, onların şəhərdə daha uzun müddət qalması və səfər zamanı daha çox turizm xidmətindən istifadə etməsi də vacib amillərdən biridir. Bunun üçün müxtəlif ölkələrdən gələn turistlərin maraqları, səyahət vərdişləri və mövsümi seçimləri nəzərə alınaraq daha məqsədli turizm məhsullarının hazırlanmasına ehtiyac yaranır.
Digər tərəfdən, payız-qış dövründə hava şəraitinin dəyişkən olması da turizm planlamasında nəzərə alınmalı məsələlərdəndir. Açıq hava məkanları ilə yanaşı, yağışlı və küləkli günlərdə turistlərin vaxt keçirə biləcəyi muzeylər, qalereyalar, restoranlar, mədəniyyət və əyləncə məkanları, eləcə də müxtəlif tədbirlər vahid turizm marşrutlarına daxil edilə bilər. Belə yanaşma turistlərin Bakıda keçirdiyi vaxtın uzadılmasına və mövsümiliyin təsirinin azalmasına imkan yarada bilər.
Bəs payız-qış mövsümündə Bakıya daha çox turist cəlb etmək üçün hansı bazarlara fokuslanmaq lazımdır və şəhərdə turistlərin qalma müddətini necə artırmaq olar?
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi Baki-baku.az-a açıqlamasında bildirir ki, olk növbədə gəlmə turizminin coğrafiyası təhlil edilməlidir. Yanvar–iyulda Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 8 %, MDB ölkələrindən gələnlərin sayı 1,6 % artdığı halda, Körfəz ölkələrindən gələnlərin sayı 32,8 % azalıb. Ölkəyə gələnlərin 60,9 %-i dörd bazarın — Rusiya, Türkiyə, İran və Gürcüstanın payına düşüb: 28,3 + 20 + 7,9 + 4,7 = 60,9 %. Bunlar sırf turist deyil, ölkəyə daxil olan bütün əcnəbilər üzrə göstəricilərdir, lakin bazar təmərküzləşməsini və şaxələndirmə ehtiyacını göstərir.
O qeyd edib ki, hədəf bazarlar yalnız gələnlərin sayına görə deyil, mövsümə uyğunluq, orta qalma müddəti — ALOS, səfər üzrə orta xərc, birbaşa uçuş imkanı və turistlərin maraqları əsasında seçilməlidir. Hamı üçün eyni reklam kampaniyası əvəzinə hər bazara uyğun ayrıca turizm məhsulu və kommunikasiya hazırlanmalıdır. Formula 1, konqres və sərgi iştirakçılarına tədbirdən əvvəl və sonra Bakı–Abşeron–Qobustan və Bakı–region paketlərinin təklif edilməsi onların səfərini uzada bilər.
S. Dübəndi diqqətə çatdırıb ki, ALOS-u artırmaq üçün nəqliyyat, muzey və tədbir biletlərinin birləşdirilməsi, axşam proqramları, yağışlı günlər üçün alternativ marşrutlar və regionlarda bir neçə gecələməni əhatə edən əlavələr hazırlana bilər:
“Səfər üzrə orta xərci artırmaq isə sadəcə qiymətləri bahalaşdırmaq demək deyil. Turist xərclərinin daha böyük hissəsi yerləşdirmə vasitələrinə, yerli bələdçilərə, muzey və mədəni tədbirlərə, sənətkarlığa, yerli dizayna, qastronomiyaya və regionlardakı xidmətlərə yönəlməlidir. Başqa sözlə, məqsəd həm xərclərin həcmini, həm də ölkənin turizm dəyər zəncirində qalan payını artırmaqdır. 2026–2030-cu illər üzrə Dövlət Proqramı da bazarların şaxələndirilməsini, mövsümiliyin azaldılmasını və oktyabrın potensial turizm ayına çevrilməsini nəzərdə tutur”.
Elvin Camalov