Qədim Yunanıstanın hər bir tanrısının öz yaranış hekayəsi var. Axı insanlar onlara birdən-birə ibadət etməyə başlamamışdılar — tanrı obrazlarının arxasında miflər, əfsanələr və qədim şairlərin yaradıcılığı dayanır.
Baki-baku.az qədim yunan tanrılarının tarixini xatırladır.
Herodotun yazırdı ki, eramızdan əvvəl VIII əsrdə yaşamış Homer və Hesiod ilk dəfə yunan tanrılarına konkret obraz və xarakter bəxş ediblər. Halikarnas (indiki Türkiyə ərazisində yerləşən şəhər) şəhərindən olan tarixçi Herodot eramızdan əvvəl V əsrdə yazırdı ki, məhz bu şairlər Ellada panteonunu, yəni tanrılar dünyasını bizim bu gün tanıdığımız şəkildə “yaradıblar”.
Qədim yunan tanrıları necə meydana gəldi?
Homerin “İliada” və “Odisseya” əsərləri, eləcə də Hesiodun “Teoqoniya” (“Tanrıların doğuluşu”) əsəri Qərb ədəbiyyatının ən qədim nümunələrindən hesab olunur. Bu əsərlərdə olimpiya tanrıları müxtəlif xarakter xüsusiyyətlərinə, ehtiraslara və zəifliklərə malik canlı obrazlar kimi təqdim olunurlar.
Hesiodun “Teoqoniya” əsərində yalnız tanrıların yaranması deyil, həm də kainatın, təbiət qüvvələrinin meydana çıxması, yəni qədim yunanların kosmoqoniyası (aləmin yaranışı haqqında mif) təsvir edilir.
İlk tanrılar insan formasında deyildilər, onlar təbiət hadisələrinin təcəssümü idilər — yəni birbaşa olaraq təbiətin qüvvələrini simvolizə edirdilər. Zaman keçdikcə bu varlıqlar insan obrazı almağa və insanlara xas xüsusiyyətlər — iradə, hisslər, sevgi və qısqanclıq kimi emosiyalar — qazanmağa başladılar. Beləliklə, bu gün bizə tanış olan Zevs, Hera, Poseydon, Afrodita və digər olimpiya tanrıları meydana gəldi. Lakin onlardan əvvəl daha qədim varlıqlar mövcud idi.
Hesioda görə, əvvəlcə yalnız Xaos mövcud idi — sonsuz boşluq. Xaosdan sonra Yer obrazı olan Geya — bütün varlığın Anası yaranır. Ardınca digər ilkin qüvvələr meydana gəlir: Eros (istək, ehtiras), Ereb (qaranlıq) və Nikta (gecə). Ereb və Niktanın birliyindən isə Efir (saf hava) və Hemera (gündüz) doğulur.
Harmoniya və qorunma arzusu ilə Qeya özü səmanı — Uranı — doğurur. Uran Yeri əhatə edir və onların birliyi yeni tanrılar nəsli üçün başlanğıc olur. Bu birlikdən titanlar, daha sonra isə olimpiya tanrıları — göy gurultusu tanrısı Zevsdən tutmuş şənlik tanrısı Dionisə qədər yaranır.
Murad Muxtarov