Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/05/2025

Paylaşın

TARİXİMİZ

Məclisi-Məbusandan Milli Məclisə

Dekabrın 7-si Azərbaycan Parlamanının yarandığı gündür

Doğudan Batıya at çapan çatdığı məmləkətlərdə altundan saraylar yapan qüdrətli Sərkərdə-xaqanlarımız saraylarını təkcə sənətin, mədəniyyətin gülzarına çevrib baş köşələrində ustad sənətkarlara, el və dil bilicilərinə yer vermədilər. Qanunların aliliyinə xidmət edən Qazıların, Vəziri-azamların mövcudluğu, səltənətlə rəiyyət arasında körpü olan “Qanunlar toplusu”nun – “Qanunnamələr”in yazılması min illər bundan öncə də türk dövlətçilik ənənələrində qanunun aliliyinə münasibətinin göstəricisidir. Əmir Teymurun “Tüzikləri”, Sultan Süleymanın “Qanunnamə”si, Ağqoyunlu hökümdarı Uzun Həsənin “Qanunnamə”si dediklərimizə əyani sübutdur. Dünya bu həqiqətdən az danışıb yazsa da, tarixi mənbələr, arxiv sənədləri gerçəkləri özündə ehtiva edir. Yunanıstanda Xalq Məclisi, qədim Romada Senat, Orta çağlar  Avropasında- İslandiyada parlament kimi tələffüz edilən Məclisi-Məbusanın – Parlamanın ölkəmizdə tarixi yüzildən bir qədər çox olsa da, ənənələri daha qədimdir.

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, “əski çağlarda və orta əsrlərdə mövcud olan Azərbaycan dövlətlərində də idarəçiliyə və ictimai həyata dair qərarlar kollegial səciyyə daşıyan məşvərət-məsləhət yolu ilə qəbul edilmişdir”.

Ötən əsrin əvvəllərində Rusiyada ilk parlamentin-Dumanın  formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini vermişdir. Bakı, Yelizavetpol – Gəncə və İrəvan quberniyaları da daxil olmaqla, Azərbaycandan Rusiyanın I Dövlət Dumasına 6 deputat seçilmişdir. Əlimərdan bəy Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev və Ataxan İrəvanski Dumanın işində fəal iştirak etmişlər, I Dumada Rusiyanın müxtəlif əyalətlərini təmsil edən 36 deputatdan ibarət müsəlman fraksiyası yaradılmışdı. Fraksiyanın ilk iclasında Əlimərdan bəy Topçubaşov onun rəhbəri seçilmişdir.

II Dövlət Dumasına da Azərbaycandan 6 deputat seçilmişdi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalov. Bu deputatların hamısı parlamentin müsəlman fraksiyasına daxil edilmiş, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov isə büronun üzvü seçilmişdilər. III və IV dövlət dumalarında da Azərbaycan təmsil olunmuşdur. Bu faktlar Azərbaycan xalqının dünya parlament ənənələrinin təşəkkülünə və inkişafına verdiyi töhfənin bariz nümunəsidir.

 Müəssislər Məclisindən  Zaqafqaziya Seyminə 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın qədim və zəngin dövlətçilik tarixinin ən mühüm hadisələrindəndir. Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamanı-Məclisi-Məbusanı gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çox qısa müddət ərzində fəaliyyət göstərsə də, onun demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Birinci Dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını siyasi gərginliklər, bir-birinin ardınca baş verən inqilablar parçalayırdı. 1917-ci ilin fevral inqilabı monarxiya rejimini birdəfəlik devirdi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Bu vəziyyət bütün ölkədə olduğu kimi, Güneyi Qafqazda da ictimai-siyasi şəraiti dəyişdirdi. Güneyi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Güneyi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Seymin müsəlman fraksiyası Azərbaycan əhalisini təmsil edən 44 deputatdan ibarət idi.

Müsəlman Şurasının üzvləri Azərbaycanın müstəqilliyini elan etdilər

1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Demokratik Federativ Respublikasının uzun müddət fəaliyyət göstərməsinə imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də müsəlman fraksiyasının, yəni, Zaqafqaziya müsəlman şurasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, başqa sözlə, Azərbaycan Parlamanı elan etdi. Milli Şuranın rəyasət heyətinə Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Xosrov bəy Sultanov daxil oldular. Gizli səsvermə yolu ilə Məhəmmədəmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi.

1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın tarixi iclasında “İstiqlal Bəyannaməsi” qəbul edildi.  Azərbaycan xalqının milli mənlik, milli kimlik, əbədi İstiqlal mücadiləsində mühüm yer tutan  bu tarixi sənəd 6 bəndən ibarət idi. Sonuncu bənddə qeyd edilirdi : “ Müəssislər Məclisi toplanıncayana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.”

Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb, bir vətənin övladlarıdırlar”

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, Milli Şura təxirə salmadan Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etdi. 1918-ci il noyabrın 19-da keçirilən iclasında Milli Şura qanun qəbul edərək 120 üzvdən ibarət Azərbaycan Parlamanını – Məclisi-məbusan formalaşdırmağı qərara aldı. İclasda bildirilmişdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün onun qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Bu məqsədlə Parlamana  müsəlmanlardan 80, ermənilərdən 21, ruslardan 10, alman və yəhudi millətlərinin isə hərəsindən 1 nümayəndə çağırılması nəzərdə tutulmuşdu. Parlamanın yaradılması ilə bağlı noyabrın 29-da Milli Şuranın “Bütün Azərbaycan əhalisinə!” adlı müraciətnaməsi dərc edildi. Müraciətnamədə deyilirdi: “…Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə, Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır.

…Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb, bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər.”

Parlaman 120 deputatla təmsil olunmalı olduğu  halda cəmi 96 məbusan üzvi iştirak edirdi. 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin binasında yeni formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti Parlamanının iclası keçirildi.İclasda Əlimərdan bəy Topçubaşov Parlamanın sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildilər. O dövrdə Əlimərdan bəy Topçubaşov Azərbaycanda olmadığına görə, Parlamanın iclasına  sədrlik Həsən bəy Ağayevə həlavə edildi. Milli hökumət işə başlamış Parlamanın qarşısında istefa verdi. Yeni hökumətə rəhbərlik etmək və onun tərkibini müəyyənləşdirmək yenidən Fətəli xan Xoyskiyə tapşırıldı.

Yenə də tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Parlamanın yaradılması haqqında qəbul edilmiş qanunda onun 120 nəfərdən ibarət olması nəzərdə tutulsa  da, müxtəlif səbəblərdən Parlaman heç zaman  bu tərkibdə fəaliyyət göstərməmişdi. 1919-cu ilin axırlarına yaxın Parlamanda 11 müxtəlif partiya fraksiyasını və qrupu  96 deputatla təmsil olunurdu: “Müsavat” və bitərəflər fraksiyası – 38, “İttihad” – 13 , “Əhrar” – 6, “Sosialistlər” bloku – 13, partiyasızlar – 4 , müstəqillər – 3 , “Rus-slavyan cəmiyyəti” fraksiyası – 5, erməni fraksiyası – 5, “Daşnaksütyun” fraksiyası – 6 , “Azlıqda qalan millətlər” fraksiyası – 4 nümayəndə ilə qəbul edilən qanunların müzakirəsində iştirak edirdi.

Parlamanda təmsil olunan partiya fraksiyaları və qrupları öz bəyanatlarında bildirirdilər ki, onların əsas məqsədləri ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılması və islahatların həyata keçirilməsidir. Təəssüf ki, Parlamanda təmsil olunmuş bəzi partiyaların nümayəndələri özlərinin fəaliyyətində ölkənin mənafeyindən daha çox təmsil etdikləri siyasi qurumların mənafelərinə xidmət etmişdirlər.

17 aylıq fəaliyyəti dövründə Məclisi-Məbusanın 145 iclası keçirildi

Parlamanda 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə, qanunvericilik təklifləri, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar, habelə Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya.

Parlamanın fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – “Azərbaycan Parlamanının təlimatı” əsasında idarə olunurdu. Təlimata əsasən, ilk gündən Parlamanın iclasları məcburi surətdə yalnız Ana dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər.

Onuda qeyd edək ki, 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Son iclas 1920-ci il aprelin 27-də olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır.

Azərbaycan Parlaman fəaliyyətini demokratik dövlətlərə xas prinsiplər əsasında qurmuş, 270-dən çox qanun layihəsini müzakirəyə  çıxarmış, onlardan 230-a yaxını qəbul olunmuşdur. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilmiş, yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Qəbul etdiyi qanunvericilik aktları dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edirdi. Dövlət quruculuğu ilə bağlı “Azərbaycan vətəndaşlığı haqqında”, “Milli Bankın yaradılması haqqında” və bir sıra başqa qanunlar qəbul olunmaqla yanaşı, Azərbaycanın dövlət rəmzləri – respublikanın himni, bayrağı təsdiq edilmiş, dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olunmuşdur.

İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamanı Azərbaycan  türkçəsini dövlət dili elan etmiş və bu barədə xüsusi qanun qəbul olunmuşdur. Avropadan 70 il öncə, Şərqdə isə  ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ vermişdir.

Bakı Universitetinin təsis edilməsi ilə bağlı Parlamanın aldığı qərar  tarixi hadisə idi

Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət bölgüsü prinsipinə də riayət edilirdi. Parlaman o zaman ölkə qarşısında duran əsas vəzifələrin həyata keçirilməsi və qanunvericilik bazasının yaradılması baxımından əhəmiyyətli işlər görmüş, Azərbaycan dövlətinin dünya dövlətləri tərəfindən tanınması üçün bütün qüvvəsini səfərbər etmişdir. Bununla yanaşı o qonşu ölkələrlə iqtisadi, ticarət və digər əlaqələrin inkişaf etdirilməsinə nail olmuş, qəbul olunan qanun və qərarlar hökumətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır. O dövrün ictimai-siyasi vəziyyəti ordu quruculuğu məsələlərini ön plana çıxarmış, bu sahənin gücləndirilməsi ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün müstəsna əhəmiyyət kəsb edən qanunların qəbul edilməsi istiqamətində də Parlaman mühüm qərarlar almışdır.

Parlaman elm, təhsil, mədəniyyət sahələrinə də ciddi diqqət yetirmişdir. Xalq maarifinin inkişafı, tədris və teatr müəssisələrinin milliləşdirilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması deputatların ciddi məşğul olduqları məsələlərdən olmuşdu. Parlamanın bu istiqamətdə qəbul etdiyi ən mühüm aktlardan biri də ilk dünyəvi tədris mərkəzi olan Bakı Universitetinin təsis edilməsi haqqında 1919-cu il 2 sentyabr tarixli qanunu təsdiq etməsi ilə bağlı olmuşdur. Milli kadrların yetişdirilməsi məqsədi ilə Parlaman xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricə göndərilməsi barədə qanun qəbul edərək xüsusi komissiya yaratmış, istedadlı gənclər Fransa, İtaliya, İngiltərə və Türkiyə kimi ölkələrin ali məktəblərinə oxumağa göndərilmişdir.

Ölkənin İstiqlaliyyətinin Versal Sülh konfrasında tanınması Cümhuriyyətin ən mühüm nailiyyəti idi

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də Paris Sülh Konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də Parlamanın sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərilmişdi. Nümayəndə heyətinin gərgin fəaliyyəti sayəsində 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında iştirak edən əsas ölkələr Azərbaycanın müstəqilliyini tanımışlar. Aprelin 22-də Parlaman İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul edilmiş, istiqlaliyyətimizin Versal Sülh Konfransında tanınması faktı da, hökumətin başçısı Xoyski tərəfindən parlamanda bəyan olunmuşdur.

Zaqafqaziyada yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də Parlamanın diqqət mərkəzində idi. Lakin ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında aparılan danışıqlarda ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdı. 1920-ci il martın 20-də Azərbaycanla Qacarlar dövləti-İran arasında dostluq, konsulluq əlaqələri və s. haqqında ikitərəfli müqavilələr imzalanmış və aprelin 15-də Parlaman sənədləri ratifikasiya etmişdir. 

Milli mənlik, milli kimlik, milli dövlətçilik uğrunda mücadilə tariximizdə misilsiz rol oynamış Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamanı – Məclisi-Məbusan mühüm rol oynadı. Sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli, müstəqil dövlətini qurmağa qadirdir. Onun min illərə söykənən dövətçilik ənənələri vardır! 

Bolşevik Rusiyasının hərbi müdaxiləsi, Qızıl Ordunun Qırmızı terroru nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. İstiqlaliyyət tariximizdə yeni bir səhifə açdı. Cəmi 23 ay yaşamasına, fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, imperiyaların təcavüzünə, repressiya və müharibələrə, quruluşun, zamanın diqtəsinə baxmayaraq ən qəddar rejimlər belə, Azərbaycan xalqının  istiqlaliyyət duyğusunu söndürüb milli dövlətçilik düşüncəsini məhv edə bilməz. 

Şura Hökuməti illərində də parlamanlar oldu – “Sovetlər Qurultayı”, “Ali Sovet” haqqımızda qərarlar aldı. Ən böyük qərarı isə bir millət, məmləkət olaraq özümüz aldıq. “Lenin meydanı”nı “Azadlıq meydanı”na çevirdik. Müstəqillik Aktına imza atdıq. Bu il Respublikamızda “Kostitusiya və Suverenlik ili” kimi tarixə yazıldı. Məclisi-Məbusandan Milli Məclisə yol gələn Parlaman da tarixdir, şərəfli tarix! Dekabrın 7-si onun 107 yaşı tamam olacaq.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin noyabrında "Bakı Metropoliteni" QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb.

Ən son

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin